Taekvondo üzrə ölkə kubokunun açılış mərasimi - Masallıda Azərbaycan Taekvondo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə taekvondo üzrə gənclər arasında ölkə kuboku uğrunda yarışların açılış mərasimi olub. Akif AĞAYEV, foto: Elsevər Əliyev
Fevralın 24-də, Masallı Regional Taekvondo Mərkəzində təşkil olunan idman tədbirində Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan idmançılarının, o cümlədən taekvondoçularımızın qazandığı uğurlardan danışıb, bu cür respublika səviyyəli yarışların regionlarda keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.
Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxışında ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana böyük diqqət və dəstəyindən, son illər taekvondo idman növünün inkişafından, idmançılarımızın dünya və Avropa arenalarında əldə etdikləri yüksək nəticələrdən bəhs edib: “Əminik ki, bu gün keçirilən respublika kubokunun qalibləri növbəti beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edəcəklər.”
Natiqlər yarış iştirakçılarına uğurlar arzulayıblar.
Açılış mərasiminin bədii hissəsində taekvondoçuların nümunəvi çıxışları izlənilib.
Daha sonra meydan gənc taekvondoçuların ixtiyarına verilib.
Maraqlı mübarizə şəraitində keçən yarışların ilk gününün qalibləri, eləcə də regionun gənc və perspektivli məşqçi-müəllimləri mükafatlandırılıb.
Məlumat üçün bildirək ki, iki gün (24-25 fevral) davam edən yarışlarda respublikanın rayon və şəhərlərindən, ümumilikdə 36 komanda tərkibində 197 idmançı 20 çəki dərəcəsində medallar uğrunda mübarizə aparır.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.
Bütün hüquqlar qorunur © 2024