Masallıda, yunan-Roma güləşi üzrə veteran güləşçilər arasında dünya çempionatının gümüş medalçısı, Azərbaycan və Rusiya çempionu, beynəlxalq turnirlərin mükafatçısı Elgiz Məmmədovla görüş, uşaq və yeniyetmə idmançılarla ustad dərsləri keçirilib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbüsü, Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində Masallı Olimpiya İdman Kompleksində keçirilən ustad dərsləri öncəsi fəxri qonaqla görüş olub. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov Elgiz Rafis oğlu Məmmədov haqqında tədbir iştirakçılarına məlumat verib, layihənin təşkilində əsas məqsədin uşaq, yeniyetmə və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği olduğunu diqqətə çatdırıb. Ərkivan qəsəbə sakini, müəllim Mehman Məmmədov, “Yeni həyat” qəzetinin əməkdaşı, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Akif Ağayev, Vətən müharibəsi iştirakçısı, müəllim Həmid Mənsimov, “Asiya.az” saytının rəhbəri Cəfər Cəfərov bu cür görüşlərin əhəmiyyətindən bəhs edərək yeniyetmə, gənc idmançıların daha da inkişaf etmələri üçün stimul yaratdığını bildiriblər. Yunan-Roma güləşi üzrə keçirilən edilən ustad dərslərinə uşaq, yeniyetmə və gənc idmançılarla yanaşı məşqçi-müəllimlər də qatılıblar. Məlumat üçün bildirək ki, bu il oktyabrın 4-9-da Bolqarıstanın Plovdiv şəhərində veteranlar arasında yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycanı təmsil edən 35 yaşlı pəhləvanımız Elgiz Məmmədov 88 kiloqram çəki dərəcəsində mundialın gümüş medalına sahib olub. Final mərhələsinəcən üç rəqibini məğlub edən Elgiz həlledici görüşdə qazaxıstanlı Andrey Samoxinlə mübarizədə bir xal fərqilə xalçadan ayrılıb – 4:5. Noyabrın əvvəllərində isə Çelyabinsk şəhərində keçirilən veteran güləşçilər arasında açıq Rusiya çempionatının qalibi olub. Məlumat üçün bildirək ki, Masallı rayonunun Ərkivan qəsəbəsindən olan Elgiz Məmmədov güləş məşqlərinə Azərbaycanda, Masallı Rayon Gənclər və İdman İdarəsinin məşqçi-müəllimi, əməkdar məşqçi Qardaşxan Əmənovun rəhbərliyi ilə başlayıb. O, doqquz yaşı olanda ilk uğuruna imza atıb – SSRİ idman ustası, Azərbaycanın əməkdar məşqçisi Nadir Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə respublika turnirinin qalibi olub. 2000-2009-cu illər ərzində dəfələrlə yeniyetmə və gənclər arasında Bakı şəhər və Azərbaycan birinciliklərinin qaibi adını qazanan Elgiz Dağıstanda, İranda və digər ölkələrdə keçirilən yunan-Roma güləşi üzrə beynəlxalq turnirlərin mükafatçısı olub. Elgiz Məmmədov hazırda Rusiyada yaşayır. Kalininqrad şəhərində məşqçilik fəaliyyəti ilə məşğuldur. Yetirdiyi yeniyetmə və gənc yunan-romaçılar bir sıra mötəbər yarışların mükafatçılarıdır. Akif VAQİFOĞLU, MASALLI.
Bütün hüquqlar qorunur © 2023