Aynur Qafarlı: MƏN DƏ SƏNİN KİMİ EŞQ DƏLİSİYƏM

Təqvim
Aynur Qafarlı: MƏN DƏ SƏNİN KİMİ EŞQ DƏLİSİYƏM
18 dekabr 2020 - 19:04

 

 

 

 

 

 

 

 

 

 

 

BİRDƏN ELƏ ŞİRİN GƏLDİN

 

Sən bu qəlbin oğrususan,
Mənsə zərər çəkən tərəf.
Sən yalanın doğrususan,
Mən eşqə tuş gələn hədəf.

 

Bilmirəm ki, nə baş verdi,
Aramızda bağ yarandı.
Birdən-birə şirin gəldin,
Belə şirin çağ yarandı.

 

Heç bilmirəm necə deyim,
Sənsən həyat, sənsən ürək.
Uzaq duraq bəd nəzərdən,
Səninlə bir ömür sürək.

 

Sən gəlmisən taleyimə,
Quruyubdu gözümdə nəm.
Yorulanda qaç mənə gəl,
Yastığına dönsün sinəm.

 

Sulayıram duyğuları,
Ürəyimdə çiçək kimi.
Sən necəsən, tapammıram –
Xəyal kimi, gerçək kimi?

 

Məktub da yaz, zəng də elə,
Uzaq düşsən bir saat da.
Sənsiz mənim yaşamağım
Mənasızdır bu həyatda.

 

***   ***   ***   ***   ***

 


SƏNİ XOŞBƏXT EDİB SƏNDƏN KEÇƏRƏM

 

Eşq adlı bir dinin xatiri üçün,
Mən öz inandığım dindən keçərəm.
Mənimçün o qədər “mən” olmusan ki,
Mən öz içimdəki məndən keçərəm.

 

Eşqin olmasaydı, çoxdan ölərdim,
Özümü kim üçün yarı bölərdim,
Başqa vaxt hər zaman gələ bilərdim,
Sevdiyimə görə gendən keçərəm.

 

Günümün üstündə biçilsə günün,
Günümdən aralı kiçilsə günüün,
Günlərin içində seçilsə günün,
Mən özüm ən xoşbəxt gündən keçərəm.

 

Özümü özümdən seçmərəm heç vaxt,
Bir qurtum suyu da içmərəm heç vaxt.
Səndən elə-belə keçmərəm heç vaxt,
Səni xoşbəxt edib səndən keçərəm.

 

Aynuram, salaram ün, ömrüm olsa,
Səninlə tək bircə gün ömrüm olsa,
Sənə bağışlaram min ömrüm olsa,
Bir ömrünə görə mindən keçərəm.

 

***   ***   ***   ***   ***



 

MƏN DƏ SƏNİN KİMİ EŞQ DƏLİSİYƏM


Mən də sənin kimi eşq dəlisiyəm,
Düşmüşəm şəhərin küçələrinə.
Mən də bu sevdanın sərsərisiyəm,
Gəlim, qonaq elə gecələrinə.

 

Mən də sənin kimi eşq dəlisiyəm,
Varam hər ağrında, nalələrində.
İçində inləyən kaman səsiyəm,
Ötərəm ömürlük nəğmələrində.

 

Mən də sənin kimi eşq dəlisiyəm,
Neçə ki sən varsan bitməz bu ovsun.
Könlümü eşqinlə güldürəsiyəm,
Lap istər ölümüm əlindən olsun.

 

Mən də sənin kimi eşq dəlisiyəm,
Mən də sənin kimi «ağıldan səyəm».
Niyə gözlərini döyüb baxırsan,
Dəlinin buynuzu olur ki, bəyəm?!

 

Mən də sənin kimi eşq dəlisiyəm,
Yüz hala düşürəm gələndə adın.
Mən sənin ömrünün zəlzələsiyəm,
Demə ki, adicə qadındı, qadın.

 

Mən də sənin kimi eşq dəlisiyəm,
Pozmasın bu eşqi taleyin əli.
Mən də sənin kimi eşq dəlisiyəm,
Mən də sənin kimi dəliyəm, dəli.

 

***   ***   ***   ***   ***



 

SƏN NECƏ DARIXDIN MƏNDƏN ÖTƏRİ

 

Ay mənim dərdimdən dəli olanım,
Sən necə darıxdın məndən ötəri?
Mənə rəsmin göndər darıxmağının,
Sən necə darıxdın məndən ötəri?

 

Heç mənsiz üşüyüb, soyuqladınmı,
Dünyanı gözündə ayaqladınmı,
Gecələr yuxuda sayıqladınmı,
Sən necə darıxdın məndən ötəri?

 

Axşamlar gec yatıb, erkən duranım,
Fəryad qoparanım, matəm quranım.
Ay məni gözləyib, boynun buranım,
Sən necə darıxdın məndən ötəri?

 

Özünü yordunmu suallar ilə,
Həlli çətin olan misallar ilə,
Yanıma uçdunmu xəyallar ilə,
Sən necə darıxdın məndən ötəri?

 

Sevdiyim, bir kəlmə sözüm var sənə,
De bilim, ürəkdən deyim yar sənə?
Məzara döndümü dörd divar sənə,
Sən necə darıxdın məndən ötəri?

 

***   ***   ***   ***   ***

 


 

EŞQ İLƏ YARAQLANDIM

 

Gözündə güzgülənib,
Gözündə daraqlandım.
Sevgi yaşım gəlməmiş,
Eşq ilə maraqlandım.

 

Baxdım, güldüm, uğundum,
İlmə-ilmə toxundum,
Kitab-kitab oxundum,
Əlində varaqlandım.

 

Yollara həsrət əkdim,
Uğur donlu böcəkdim,
Üstünə qoşun çəkdim,
Eşq ilə yaraqlandım.

 

Ruhu qərib quş oldum,
Durnalara qoşuldum,
Özgədən soruşuldum,
Özgədən soraqlandım.

 

Oxuyub aşıq oldum,
Sənə yaraşıq oldum.
Gözünə işıq oldum,
Evində çıraqlandım.

 

***   ***   ***   ***   ***

 


 

MƏN BİR SEVDA QULUYAM

 

Gülüşlərim gözümdən
Mirvaritək süzülür.
Çarpaz misralar kimi
Yanağıma düzülür.

 

Üzümdəki hər misra
Eşqə gedən yolumdu.
Göz yaşımın ləkəsi,
Təsdiqlənmiş qolumdu.

 

Dilimdə dua yatır,
Üzüm haqqa tərəfdi.
Bircə Allahım bilir,
Nəyim düz, nəyim səhvdi.

 

Mən bu ülvi eşq ilə,
Hər bir kəsdən öndəyəm.
Sevgidən doğulmuşam,
Mən bir sevən bəndəyəm.

 

Mən bir sevda quluyam,
Kürəyimdə eşq yükü.
Dilimdə söz daşıdım,
Ürəyimdə eşq yükü.

 

***   ***   ***   ***   ***

 


 

İNCƏ, KÖVRƏK BİR ŞÜŞƏYƏM

 

Bacarırsan yolumdan et,
Apar ayrı yolla məni.
Sinəm dəftər, əlin qələm,
Tut yaxamdan, qolla məni.

 

İncə, kövrək bir şüşəyəm,
Həm ağrıyam, həm nəşəyəm,
Bahar donlu bənövşəyəm,
Dörd yolumdan kolla məni.

 

Könlüm sənə sarı əsir,
Çıx yuxumdan, qoluma gir,
Götür gedək bu yolu bir,
Sağla özün, solla məni.

 

Bir ilmə sal, sözünə sığ,
Bax üzümə, gözünə sıx.
Çək özünə, özünə sıx,
İki möhkəm qolla məni.

 

İlk közünəm, ilk qorunam,
Könlü bulaqdan durunam,
Şirin-şəkər Aynurunam,
Seçəmməzsən balla, məni.

 

***   ***   ***   ***   ***



 

TÜRKÜN XİLASKARI – TAYYIB ƏRDOĞAN

 

Min-min sərkərdənin, min-min fatehin,
Polad qılıncından ələnən oddan,
Alp Arslan, Ər Tonqa, Atilla, Teymur,
Qundaq əvəzinə bələnən oddan,
Və bir də ilahi, müqəddəs addan,
Qor alıb atəşdən doğulan oğlan,
Türkün xilaskarı – Tayyib Ərdoğan.

 

Torpağa gömülən cəsur oğullar,
Torpağı əbədi oda döndərib.
Turanı yenidən yaratmaq üçün,
Tanrı yer üzünə səni göndərib.
Haqqı yox qalmağa türkün müztərib,
Dayanma bir saat, dayanma bir an,
Türkün xilaskarı – Tayyib Ərdoğan.

 

Canında türk ruhu, əynində kəfən,
Gözünün nurudur vətəni sevən,
İşıqlı sabaha yol açırsan sən.
Heç kim iradəni sarsıda bilməz,
Müqəddəs and yerin olubdur Vətən,
Səni salamlayır Mete, Çingiz xan,
Türkün xilaskarı – Tayyib Ərdoğan.

 

Köksündə qaynayır Turan sevdası,
Vardır Türk elinin sənə vəfası,
Sənsən xanlar xanı, paşalar xası.
Qartal duruşunu görən düşmənin,
Başlayır gözündə matəmi, yası,
Qurdandır yolunda daima bu can,
Türkün xilaskarı – Tayyib Ərdoğan.

 

Düşmən sinəsinə ərtək çökərsən,
Kəc baxan gözünü ovub tökərsən,
Sən bir tək oğulsan, sən bir tək ərsən.
Bu xalqın, bu elin yolunda hər vaxt,
Zəfər bayrağını önə çəkərsən,
Bitər əzmin ilə hər qada, hər qan,
Türkün xilaskarı – Tayyib Ərdoğan.

 

Ey böyük sərkərdə, böyük xilaskar,
Kişilik, əzəmət xilqətində var.
Elə düşmənlərə bu dünyanı dar,
Bütün dualarım sənədir bu gün,
Səninlə Türk eli duyur iftixar,
Sənə kömək olsun ulu Yaradan,
Türkün xilaskarı – Tayyib Ərdoğan.

 

***   ***   ***   ***   ***



 

AĞLAYAQ

 

Məzarın yox, şəhidin
Gəlin özün ağlayaq.
Vətənin səngərində
Qalan izin ağlayaq.

 

Qoy dözümə bürünüb,
Məğrur, mətin görünüb;
Torpağına sürünüb,
Dizin-dizin, ağlayaq.

 

Boynubükük sonası,
Niyə gördü bu yası?
Deyin, şəhid anası
Versin izin, ağlayaq.

 

Eşitməsin qoy səsin
Yanıb ağlayan kəsin.
Məzarı diksinməsin,
Həzin-həzin ağlayaq.


***   ***   ***   ***   ***


BİR ŞƏHİD ƏSGƏRƏ


Cəbhəyə yollandın bir payız günü,
Tutdun öz canından Vətəni baha.
Oğlundan, qızından yoxdu xəbərin,
Əbədi yuxuya getmisən daha.

 

Sadiqsən içdiyin əsgər andına,
Qəbrinə əyilib diz çökürəm mən.
Mənim gözlərimdə Vətən eşqinin,
Heç zaman sönməyən məşəlisən sən.

 

Yardın öz sinənlə istehkamları, -
Düşmənin başına odlar ələdin.
Aldın qisasını Mübarizlərin
Neçə qaniçəni qana bələdin.

 

Çəkilir Vətənin başındakı çən,
Yox olur dağlardan acı küləklər.
Kasıb bir komada doğulsan da sən,
İndi mənzilindi bütün ürəklər.

 

Mən də istəyirəm ölənə kimi,
Vətəni sənintək müqəddəs bilək.
Adın əsrlərlə yaşayacaqdır,
Köçsən də gözündə min odlu dilək.

 

***   ***   ***   ***   ***



 

VƏTƏN


Səninlə birdir mənim
Əhdim, ilqarım, Vətən.
Düşmənə əyilməyən
Fəxrim, vüqarım Vətən.

 

Səndən ötrü azadlıq
Hər bir şeydən üstündür.
Ürəyimdə ucalan
Sənin qızıl büstündür.

 

Sən mənə əcdadımdan,
Ən qiymətli mirassan.
Hər yan qış olsa belə,
Mənim gözümdə yazsan.

 

Körpə bir uşaq kimi,
Sarılmışam sənə mən.
Bircə balamdan da çox,
Səni sevirəm, Vətən.

 

Sən həyatın mənası,
Bir könül işığısan.
Dünya xəritəsinin,
Daim yaraşığısan.

 

Kitabələrin qayım,
Yazıların qədimdir.
Qayaların zirvədə,
Bir ağ saçlı nədimdir.

 

Yağıya baş əyməyən,
Aslan oğulların var.
Qalibsən hər məqamda,
Şanlı, vüqarlı diyar.

 

Heç kəs dağıda bilməz,
Sənin şirin yuxunu.
Qoru vüqarın kimi,
Ataların ruhunu.

 

Möhkəm durub igidlər,
Qalanda, səngərində.
Sənə bu sevgimizin
Kökləri çox dərində.

 

Səninlə birdir mənim,
Əhdim, ilqarım, Vətən.
Düşmənə əyilməyən
Fəxrim, vüqarım Vətən.

 

 

 

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə