Mədəniyyətə xidmətdə keçən 46 il Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində ömrünün 46 ilini mədəniyyətə xidmətdə keçirən “Tərəqqi” medallı Vəkil İsmailovla görüş keçirilib.
Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, rəis müavini Dadaş Muxtarlı və Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin şəbəkəsinə daxil olan müəssisə əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov mədəniyyət sahəsindəki xidmətlərinə görə Vəkil İsmailova minnətdarlığını bildirərək ona möhkəm cansağlığı və xoşbəxtlik arzulayıb.
Sonra Vəkil İsmailov mədəniyyət sahəsindəki xidmətlərinə görə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin “Təşəkkürnamə”si ilə təltif olunub.
Qeyd edək ki, 1956-cı il təvəllüdlü İsmailov Vəkil Əli oğlu 1978-ci ildən mədəniyyət sahəsində əmək fəaliyyətinə başlayıb. 1999-cu ildən rayon mədəniyyət evinin, 2012-ci ildən isə struktur dəyişikliyi ilə əlaqədar Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2023-cü ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illiyi münasibətilə Vəkil İsmailov ölkədə həmkarlar hərəkatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. 05 fevral 2024-cü il tarixdə Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin direktoru İsmailov Vəkil Əli oğlunun əmək müqaviləsinə xitam verilib.
Bütün hüquqlar qorunur © 2024