Təqvim
Masallıda Atropatena dövrünə aid tədqiqat aparılıb
20 dekabr 2023 - 19:23

Masallıda Atropatena dövrünə aid tədqiqat aparılıb

 

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Anar Ağalarzadə Masallı rayonunda elmi ezamiyyətdə olub. İnstitutdan verilən məlumata əsasən ezamiyyətdə məqsəd Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan “Muğan arxeoloji mədəniyyəti”nə aid materialların, eyni zamanda 2022-ci ildə rayonun Əminli kəndi ərazisindən təsadüfən tapılan Atropatena dövrünə aid tapıntıların üzərində elmi tədqiqatlar aparmaq idi. 
Ötən il rayonun Əminli kəndi ərazisində, kənd sakinlərindən birinin həyətyanı sahəsində təsərrüfat işləri aparılarkən təsadüfən aşkarlanmış küp qəbirə əsasən müəyyən edilmişdi ki, ərazi böyük nekropoldur. Kənd sakinlərinin dediyinə görə, XX əsrin 80-90-cı illərində ətrafda yaşayış evləri tikilən zaman bu tip çoxlu sayda küplər üzə çıxmış və təəssüflər olsun ki, qəbirlər dağıdılmışdır. 
Qeyd etmək lazımdır ki, Əminli qəbrinin dəfn avadanlığı içərində sarmat-alan və Parfiya mənşəli məmulatlar aşkarlanmışdır. Bəzəklərdən iki ədəd tunc sırğa qalın halqavari məftildən olub kəskin rütubətin təsirindən ciddi korroziyaya uğramışdır. Digər əşya da qalın tunc məftildən düzbucaqlı formada hazırlanmış kəmər başlığıdır. Sadə formalı kəmər başlığının eni və uzunu simmetrik olub 3,5 sm-dir. İnsan skeletinin yanından tapılmış 1 ədəd dəmir xəncər rütubətin təsirindən güclü korroziyaya uğramışdır. Əminli küp qəbrindən tapılan xəncər sarmat tipli olmuş və onun oxşarlarına Mərkəzi Asiyada, Qara dənizin şimal sahilləri və Krımda, Don və Dnepr çaylarının ətrafındakı sarmat abidələrində, Şimali Qafqaz, Dağıstan və eləcə də Azərbaycanın sarmat-alan dövrünə aid arxeoloji abidələrində kifayət qədər rast gəlinmişdir. 
Xəncərin yanında tapılmış 1 ədəd sümük dəstəkli bıçaq da maraqlı tapıntıdır. Sümük dəstəyin üzərindəki həndəsi və nəbati təsvirli naxışlar maraq doğurur. Hər iki tərəfin sonluğunda batıqlardan ibarət bir cərgəli naxışlardan sonra rombşəkilli təsvirlər əhatələyir. Belə oxşar texnikalı naxışlar və rombvari təsvirlər Krım yarımadasındakı Fanaqoriya şəhərinin son antik dövr təbəqəsindən və sarmat dövrünə aid Karpat-Mədənçi abidəsindən aşkar edilmiş piksidlərin (parfümeriya qablarının) üzərindən məlumdur. 
Əminli küp qəbrindəki insan skeletinin ağız hissəsindən 1 ədəd sikkə də aşkar olunub. Sikkə rütubətin təsirindən çox güclü aşınmaya məruz qalıb. Pulun üzərində numizmat, t.ü.f.d., dosent Akif Quliyev tədqiqat işi aparmışdır. Onun gəldiyi nəticəyə görə, bu aşağı əyarlı və Ekbatan zərbi olan Parfiyaya məxsus gümüş draxmadır. Bu sikkə Qotarsın draxmaları tipində imitasiya kimi hazırlanmış və tədavüldə istifadə edilmişdir. 
Ezamiyyət müddətində eyni zamanda rayonun Bədalan və Məmmədoba kəndlərinə səfər edilmiş və bu kəndlərin ərazisində böyük ölçülü kurqanlar qeydə alınmışdır. Bədalan və Məmmədoba kurqanları bir-birindən təqribən 1 km aralıda salamat vəziyyətdə olub, diametrləri təxminən 50 m, hündürlükləri 5-6 metrə çatır. Bölgənin Tunc-İlk Dəmir dövrünə aid dəfn adətlərinin izlənilməsi üçün bu kurqanların qazılmasının böyük əhəmiyyəti vardır. Nəzərə alsaq ki, vaxtilə XX əsrin 60-70-ci illərində bölgədə təsərrüfat işləri zamanı dağılmış kurqanlardan zəngin dəfn avadanlıqları üzə çıxmış və zaman-zaman rayon muzeylərinə təhvil verilmişdir. Lakin bu günə qədər bu tip heç bir nəhəng kurqanda əsaslı şəkildə qazıntıların aparılmaması bölgənin bəhs olunan dövr dəfn adətləri haqqında kifayət qədər məlumat vermək imkanları xaricindədir. Bütün bunlara əsasən müəyyən edilmişdir ki, rayon ərazisində gələcəkdə arxeoloji qazıntıların aparılması zəruridir.


 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib 22:07, 17 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaşları qəbul edib 20:24, 15 may 2024
“Sağlam ailə, davamlı gələcək” – Masallıda tədbir 19:50, 15 may 2024
“Yaşıl” təşəbbüs – sağlam mühit naminə 13:19, 14 may 2024
Gülağa Tənha: ÇİRKLİ PULLAR-219:36, 13 may 2024
Şəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib 13:51, 12 may 2024
Masallının nəqliyyat sektorunda yük və sərnişin daşınması 20:50, 11 may 2024
“Heydər Əliyev və Azərbaycan” – Masallıda konfrans 15:24, 11 may 2024
Həzi Aslanovun ev-muzeyinin 55 illiyi 10:13, 11 may 2024
Stalinin şəxsən “Şərəf nişanı” ordeni təqdim etdiyi Kolatanlı... 12:30, 09 may 2024
Lənkəran və Lerikdə Birinci Qarabağ müharibəsi şəhidləri dəfn olunub 19:35, 08 may 2024
“DAHİ ÖMRÜ” – Masallıda tədbir 17:21, 08 may 2024
Elm və təhsil naziri Masallıda vətəndaşları qəbul edəcək 12:07, 04 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaş qəbulu keçirəcək 11:49, 04 may 2024
Şəhid Famil Əlizadənin doğum günü qeyd edilib 16:52, 03 may 2024
Ağamir Cavad: “Sənə şeir yazım” 20:16, 01 may 2024
YAP Masallı rayon təşkilatı müsabiqə elan edir 16:35, 29 aprel 2024
EY SÖZ – Yeni şeirlər 00:11, 28 aprel 2024
Masallıda şəhid Faiq Şükürovun xatirəsi anıldı 11:58, 27 aprel 2024
Mədəniyyət və İncəsənət Universitetində Rəsmiyyə Sabirlə görüş 17:51, 26 aprel 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə