Təqvim
“Hər sürücü bir qəhrəmandır”
13 avqust 2023 - 18:57

“Hər sürücü bir qəhrəmandır”

 

Azərbaycan Beynəlxalq Daşıyıcıları Assosiasiyası (ABADA) Masallı rayonunda cənub bölgəsinin avtodaşıyıcıları ilə görüş keçirib.
“Hər sürücü bir qəhrəmandır” adlı maarifləndirmə tədbirində assosiasiyanın rəhbərliyi və İdarə Heyətinin üzvləri, cənub bölgəsi üzrə beynəlxalq avtomobil daşımaları fəaliyyətilə məşğul olan 30-dan artıq şirkətin nümayəndəsi və avtodaşıyıcılar iştirak edib. 
ABADA-nın Baş katibi Kənan Qurbanov geniş çıxışında Assosiasiyanın 6 ay ərzində həyata keçirdiyi tədbirlər, yeni layihələr və görülən işlər barədə məlumat verib.
Bildirilib ki, hazırda 145 beynəlxalq avtomobil yükdaşımaları ilə məşğul olan hüquqi və fiziki şəxs Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının üzvüdür. ABADA öz üzvlərini Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqından (İRU) aldığı Karnet-TIR kitabçaları ilə təmin edir. ABADA 1998-ci ilin noyabr ayında mənzil-qərargahı Cenevrə (İsveçrə) şəhərində yerləşən beynəlxalq yük daşımaları kitabçalarının (Karnet-TIR) tətbiqi üzrə dünya təminat orqanı olan Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvlüyünə qəbul olunub.
Diqqətə çatdırılıb ki, ABADA Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazırliyi, Dövlət Gömrük Komitəsi, xarici ölkələrin beynəlxalq avtomobil daşıyıcıları assosiasiyaları, İRU, Qara Dəniz İqtisadi Əməkdaşlıq (QDİƏT) təşkilatına üzv ölkələrin Assosiasiyaları Federasiyası (BSEC-URTA) və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, eyni zamanda, bu təşkilatların təşkil etdikləri iclaslarda, seminarlarda, konfrans və digər tədbirlərdə mütəmadi olaraq iştirak edərək, Azərbaycan avtomobil daşıyıcılarının mənafelərini və mövqelərini müdafiə edir…
Görüş zamanı avtodaşıyıcıların fəaliyyətlərilə bağlı problemlər, bu sahə üzrə normativ-hüquqi sənədlər barədə maarifləndirmə, sürücülərin peşə hazırlığı, yeni iş yerlərinin açılması və s. aktual məsələlər müzakirə predmetinə çevrilib.
Görüş iştirakçılarının sualları cavablandırılıb, mütəxəssislərin tövsiyələri dinlənilib.
Sonda beynəlxalq daşımalar sahəsində fərqlənən sürücülər mükafatlandırılıb.
 
Akif AĞAYEV

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TURİZM

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə