Gülağa Tənha: QƏLƏMİM
Ustaya külüngü qələmdi, vallah,
Qanana qələm də külüng kimidi…
Ürəyimdən keçənləri
Ömrümə yazdı qələmim.
Hər kəlməni öz adına –
Dadına yozdu qələmim.
Qüssə daddı bar əvəzi,
Qəhər sıxdı nar əvəzi,
Ağrını paltar əvəzi
Geyinib dözdü qələmim.
Yaşadarmı söz – yaşımı,
Ocağımda köz – daşımı?
Kəlmə-kəlmə göz yaşımı
Badəmə süzdü qələmim.
Gözlərimin yağı olub,
Özü boyda ağı olub,
Varaq-varaq ağrı olub
Canımı üzdü qələmim.
Bilmədim nə qəsddi belə,
Nə maraq, həvəsdi belə,
Söz yolumu kəsdi belə,
Kim deyir bezdi qələmim?
Bütün hüquqlar qorunur © 2024