Təqvim
ALLAH ADAMI
21 may 2022 - 13:27

Nazim Əlioğlu

 

ALLAH ADAMI


Poemadan parçalar

 

Yolum haqqın yoludur,
Haqdan durub gəlmişəm.
Mənim xeyir-duamı
Göylər verib – gəlmişəm.
Tanrı əliylə yanan
Bir məhəbbət şamıyam,
Mən Allah adamıyam!

 

Gülağa Tənha

 

Hər kəsin öz səsi, öz nəğməsi var,
Hər şəxsin öz sözü, öz zirvəsi var.
Köksündə bir kövrək, saf ürək vurur,
Mərd ömür sürürsən, alınında qürur.
Bir filosof kimi fikir əkərsən,
Bu dərdli dünyanın dərdin çəkərsən.
Dünya başdan-başa qeylü-qallıdır,
Hər anı sehirli, min suallıdır…
Vergili bəndəsən şeirin, sözün var,
Qəlbinin baxışı, görən gözü var…
Duyğulu yarandın, …insanı andın,
İnsanı düşünüb, insana yandın!
Zirvələr oğlusan, sınmaz inadın,
Səxavət, cəsarət – qoşa qanadın!
Bəxt qəlbincə gülsün, tale yar olsun,
Sənə ürək verən, səni qorusun!

 

***


…Bir ömür yaşayır ləkəsiz, təmiz,
sinəsi ümmandı, eşqi bir dəniz.
Düşünür dünyanı, anır dünyanı,
Bəşərin beşiyi sanır dünyanı.
Qınayır göylərə daş atanları,
Qınayır dünyada boş yatanları.
Deyir: – insan olan aqil olmalı,
İnsan çağrılanlar adil olmalı.
Çıxdığı budağı baltalayan kəs,
Dünyaya nə üçün gəlibdi, bilməz…
Duyğuya don biçmək – fəlsəfəsidir,
Qəlbini dindirən, fikrin səsidir:
Dünyaya gəlirik yaşamaq üçün,
İnsanlıq adını daşımaq üçün.
Əlindən gəlirsə yaxşılıq əgər,
Ək insan qəlbinə, hökmən göyərər!
Bu dünya əbədi qalan dünyadı,
Çalış ki, bir sönmüş ocağı yandır!
Çırağın şöləsi düşsün üzlərə,
Bir nurlu təbəssüm qonsun gözlərə.
O zaman görülən işin görünər,
Şadlığa, sevincə qəlbin bürünər.
Beləcə düşünür bizim qəhrəman,
Ürəyi döyünür, xalqıya hər an…

 

***


…Qədim bir rəvayət eşitdim o gün,
Üç adam üz tutub ziyarət üçün.
Onlar yol alıblar düz Həccə tərəf,
Həcc ziyarətini biliblər şərəf.
Üç zəvvarın biri gedə bilməyib,
Yoluna bir əlac edə bilməyib.
Bir qapı döyübdü, o axşam üstü,
Görüb nə işıq var, nə də bir tüstü.
Dəmir çarpayıda bir xəstə yatır,
O nəsə düşünür, başını qatır…
Anlayır, bilir ki, acdı bu xəstə,
Qayğıya, köməyə möhtacdı xəstə!
Olanın xərcləyir həmin adama,
Bir rahatlıq tapır, gəlir imana…
…Günlərin bir günü köhnə yoldaşlar
dönür ziyarətdən o qəlbi daşlar.
Görübən dostların heyrət edirlər,
Sən nə tez qayıtdın, anlat – deyirlər.
Biz Həccə yetişdik ziyarət üçün,
Haraya üz tutduq ordaydı əksin.
Söylə, necə oldu, sən necə getdin?
Bu uzaq yolları lap yaxın etdin?
Söylədi başına gələnləri o,
Mat eylədi bir vaxt gülənləri o.
Dinləyib söhbəti fikrə daldılar,
Əlləri qoynunda susub qaldılar…

 

***


Bir təhna ümidə söykənən şair,
Yaxşılıq qalacaq – söyləyən şair,
Doğru söz sözlərin başı, tacıdır,
Tənha qəhrəmanım həcsiz Hacıdır!
Yaşayıb illəri yola salacaq,
Aqillər dilindən qiymət alacaq.
Köhnə kişilər tək sədaqətlidi,
Əlləri açıqdı – səxavətlidi!
Bilir ki, sərvət, var verən Tanrıdır,
Güldürən, ağladan, görən Tanrıdır!
Tanrı verdiyini bəndə kəsməyib,
Yaxşılıq edibdi, əli əsməyib…
Gözü ağlar görüb, dolub, üşünüb,
Millət övladını sevib, düşünüb…

 

***


Hekayət başladım insan oğlundan,
Qəblərə pay verər ürək odundan!
Böyük ürəklilər sərvət aramır,
İnsana yanmaqdı, insan məramı!
Əməllər qalacaq ulu dünyada,
Saxlayır əməli tarix yadında…
Fikridir: – qəlbini Tanrıya düz tut,
Həsədi, qibtəni poz, tamam unut.
Əlindən gələni eldən əsirgəmə,
Neyləyim, mənə nə, deyib söylənmə.
İnsana yananın nisgili olmaz,
Yüz sınaqdan çıxar, pis günü olmaz.
Zərrə qədər xeyir əməl göyərər,
Verdiyin nədirsə – xaliq ödəyər!
Bu hikməti deyən Hatəm ürəkli,
Gülağa Tənhamız, elə gərəkdi!

***
Dilində doğruluq, əməlləri haqq,
Hiylədən, qərəzdən, riyadan uzaq,
İnsanlıq yolunu düzgün tanıyan,
Tarixin dərsini duyan, anlayan,
Əməli sözüylə həmahəng olan,
Ən çətin işləri yoluna salan,
Ariflər səfinin başında duran,
Ömür boyu tikən, yaradan, quran,
Bir insan ömründən açdım söhbəti,
Yazdığım, dediyim bir həqiqətdi!

 

Hər sözü, kəlməsi bir puçur-nübar,
Alnında işıq var, gözündə vüqar,
Qəlblərdə özünə yuvalar qurar,
Sevgidi, istəkdi, saf sədaqətdi –
Söz, qələm əhlidi – Gülağa Tənha!

 

Xalq üçün yanandı, yurdun oğludu,
Gözündə hönkürər Şuşa buludu.
Alimdi, aqildi, könlü doludu,
Arzudu, diləkdi, ülvi niyyətdi –
Söz, qələm əhlidi – Gülağa Tənha!

 

Nisgili Təbrizdən, Dəpbənddən başlar,
Köksünü ayrılıq daşları daşlar.
Könlünün gözləri dolar, boşalar,
Dərdi küsdürsə də, xoş təbiətdi –
Söz, qələm əhlidi – Gülağa Tənha!

 

İşığa bürünüb ömrünün yolu,
Sadədən sadədi, uludan-ulu.
Qorqudun hikməti qanına dolub,
Cavan ağsaqqaldı, körpə xislətdi –
Söz, qələm əhlidi – Gülağa Tənha!

 


Göylərə vurğundu, yerdə doğulub,
Ürəyi gül açıb, bahar oğludu,
Harda olsa, ordan zülmət qovulur,
Özü boyda nurdu, səmimiyyətdi –
Söz, qələm əhlidi – Gülağa Tənha!

 

***


Arzusu günəşdir, istəyi səhər,
Sevdiyi insandı, əzizi bəşər.
Bir ömür yaşayır şərəfli, şanlı,
Hər günü qayğılı, sabah ünvanlı.
Doğruluq becərib, halallıq əkib,
Donunu haqq biçib, ədalət tikib.
Əyninə iradə libası geyib,
Sözün halalını – düzünü deyib!
Yalançı şöhrətə uymayıb bir an,
Mərd olub, sərt olub bu sadə insan!
Dilbilən yaranıb başdan, binadan,
Bir müdrik doğulub sanki anadan.
Beləcə qovuşduqca illər-illərə,
Nəğməkar sənətkar düşüb dillərə…
Sabaha çağırıb ən gözəl günlər,
Şair yaşa deyib, eşq ilə hünər!

 

İnsana bağlıdır eşqin, əməlin,
Qəlblərdə qaladı işin, təməlin.
Yurdunda ucalar bir gün heykəlin,
Sən varsan –
Ellərdə ürəklər gülər!

 

Hər zaman insandı, Ən ülvi andın,
Yurd, torpaq eşqiylə alışıb yandın,
Özünü millətə hey borclu sandın,
Sən varsan –
Tellərdə diləklər gülər!

 

Nəğmələr qoşular adına sənin,
Pərvanələr uçar oduna sənin…
Allah hər vaxt salar yadına səni,
Sən varsan –
Göylərdə mələklər gülər!

 

***


Köksündə çağlayan torpaq eşqidir,
Torpağa nə desən torpaq eşidir!
Fikirlər, duyğular köksünə dollar,
Nəğməli ürəyin təbini arar.
Başına dağların qarı ələnər,
Qəlbinin gözündə bir səs dillənər:
Elə yaşayaq ki, namus itməsin,
Nəsillər dilində lənət bitməsin!
Qoruyaq budaqda hər bir yarpağı,
Qoruyaq yadigar baba torpağın!
Xoş günlə ellər qol-boyun olsun,
Yurdun zəfər adlı bir toyu olsun.
Birləşib bir əldə, bir yumruq kimi,
Yığaq içimizə qəzəbi, kini,
Endirək yağının başına daşı,
Axsın yaxasına gözünün yaşı!!!

 

Torpağım inləyir ayaqlar altda,
Bizi haqlı qınar, yaxın da, yad da.
Qarsıldı ellərim alovda, odda,
Açılsın üzlərə –
Təzə dan yeri!

 

Hayqırsa igidlər, güclər bilinər,
Savaşa başlasın igid ərənlər.
Yağıdan bir belə bəla görənlər,
Qisas vədəsidi –
Qana-qan, deyir!

 

Torpaq övladına qardaş, can deyək,
Bizi saymayana anla, qan deyək.
Yurda od vurana alış, yan deyək,
Görsün ağlar gözlər –
Yağı can verir!

 

***


Millətin dərdləri dərdimdi, dedin –
Üzün gülsə belə, içdə qəm yedin.
Görüb neçəsinin dönüklüyünü,
Sübut eyləmisən böyüklüyünü.
Yetim körpələrə evini verdin,
Mülk verdin, bağ verdin, sevgini verdin…
Düşündün xəstəhal körpələri sən,
Düşündün atılmış pöhrələri sən,
İstəklər, arzular coşdu qanında,
Fikrin, duyğun hər vaxt elin yanında…

 

Sən bu ulu yurdun ərən övladı,
Xeyirxah yazıldı yaddaşa adın…
Millətim ucalsın, – deyib ucaldın,
Dünyada sevənlər –
Qananlar qalır.

 

Odlardan doğulan bir od oğlusan,
Təpədən-dırnağa duyğu, ağılsan.
Məlik Məmməd kimi yaxşı nağılsan,
Pərvanə övladlar –
Yananlar qalır.

 

Nəğməli ürəyin bəstələr qoşar,
Arzular, istəklər Kür olub daşar.
Köksündə bir dünya arzular yaşar,
Xalqı düşünənlər –
Ananlar qalır…

 

…Ərkivan yolları yolunu gözlər,
Yurdu qucaqlayan qolunu gözlər.
Bir eldə, bir evdə doğulan insan,
Bir xalqın dərdilə boğulan insan,
Üzündən, gözündə xoş ülfət gələr,
Könlündə bir dünya məhəbbət gələr,
Əl tutar, hal tutar hamıyla bir-bir,
Yurda səda düşər: – şair gəlibdir!
Hər nurlu baxışdan sevinc tökülər,
Fikirli üzlərdən kədər çəkilər…
Analar kövrəlib: – övliyam deyər,
Ellərim şairə: – övladım deyər!!!

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
Masallılı voleybolçu yenidən ölkə yığmasına rəhbərlik edəcək 15:28, 28 fevral 2024
Xocalı soyqırımının 32-ci ildönümü Masallının təhsil müəssisələrində qeyd edilib 23:39, 26 fevral 2024
Xocalı soyqırımı qurbanlarının xatirəsi Masallıda böyük ehtiramla anılıb 22:00, 26 fevral 2024
...Xocalıya qayıdanacan 19:33, 25 fevral 2024
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edib 12:45, 25 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə