“Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə gəldikdə, biz oraya enerji nəql etmirik. Lakin Ermənistandan Xankəndiyə gedən qaz xətti bizim nəzarətimizdə olan ərazidən keçir. Bu yaxınlarda orada qəza baş vermişdi və bir neçə gün ərzində qazın nəqlində fasilə yaranmışdır”.
Bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Prezident bildirib ki, bu hadisələrdən sonra Azərbaycanı orada humanitar fəlakətə səbəb olmaqda ittiham etdilər:
“Bu, bir daha ikili standartlardır, çünki Birinci Qarabağ müharibəsi başlayanda ermənilər Azərbaycanın əsas ərazisindən Naxçıvana gedən qaz xəttini kəsdilər və 15 il ərzində o zaman 400 min əhalisi olan Naxçıvan təbii qazsız yaşamalı oldu. Orada qış sərt olur, temperatur mənfi 30 dərəcədən aşağı düşür və heç kəs Ermənistanı Naxçıvanda humanitar fəlakətə səbəb olmaqda ittiham etmədi. Yalnız 2005-ci ildə biz İranla razılığa gələrək oraya qaz kəməri inşa etdik və bu gün Naxçıvan 100 faiz qazla təmin edilir.
Biz isə nə etdik? Biz Ermənistandan Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsinə gedən kəməri təmir etdik və qazın nəqli bərpa olundu. Mən artıq demişəm ki, biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız hesab edirik”.
Bütün hüquqlar qorunur © 2024