Otuz ilə yaxın davam edən danışıqlar, sadəcə olaraq, bu işğalı əbədiləşdirmək, Ermənistanın işğalçılıq siyasətini pərdələmək və bizi bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Əlbəttə, biz heç vaxt buna razı ola bilməzdik və Vətən müharibəsindəki göstərdiyimiz iradə, qətiyyət, döyüş meydanındakı qəhrəmanlıq bunu bir daha göstərdi. Bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı deyib. “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Biz sübut etmişik ki, ölümə getməyə hazırıq. Öldü var, döndü yoxdur və müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, Vətən uğrunda bilərəkdən ölümə gedirdilər”, - deyə dövlətimizin başçısı vurğulayıb. “Mən bilirəm ki, siz və sizin kimi milyonlarla xaricdə yaşayan azərbaycanlı hərə öz ölkəsində müharibənin gedişatını yaxından izləyirdi. Eyni zamanda, öz çıxışlarınızda, şərhlərinizdə, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırırdınız. Buna bu gün də ehtiyac var. Çünki müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Mən əminəm ki, bu da başa çatacaq. Əminəm ki, biz postmüharibə dövründəki göstərdiyimiz səylər nəticəsində və bundan sonra göstərəcəyimiz səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Prezident bildirib ki, Azərbaycan bütün dünyaya sübut etdi ki, 21-ci əsrdə necə müharibə aparmaq lazımdır, ləyaqətlə müharibə aparmaq lazımdır, müasir üsullarla müharibə aparmaq lazımdır.
"Cəmi 44 gün ərzində Ermənistan ordusu tamamilə məhv edildi. Budur, xalqımızın böyüklüyü, xalqımızın qələbəyə inamı, xalq-iqtidar birliyi və bütün dünya azərbaycanlılarının birliyi".
Dövlətimizin başçısı xatırladıb ki, Ermənistan ordusunda müharibə zamanı kütləvi fərarilik hökm sürürdü. Onların özlərinin etirafına görə, on min fərari olub. Azərbaycan Ordusunda isə bir dənə də fərari olmayıb.
Bütün hüquqlar qorunur © 2024