Təqvim
Cəbrayıl rayonunun 27 il əsarətdə qalan abidələri
26 oktyabr 2020 - 09:09

Azərbaycanın Respublikasının cənub-qərb bölgəsi Cəbrayıl rayonu da daxil olmaqla, hələ qədim zamanlardan Ön Asiyanın qüdrətli tayfa və dövlətlərinin diqqətini cəlb edib. İskitlərin Ön Asiyadan şimala və əksinə olan yürüşlərini göstərən xəritələrdə Arazboyu düzənlik (o cümlədən indiki Cəbrayıl və Zəngilan rayonlarının ərazisi) əsas hərəkət istiqamətlərindən biri kimi qeyd olunur. Daha sonralar Miletli Hekatey (e.ə. VI-V əsrlər) Araz çayı sahilində yaşayan mikilərdən, Polibi (e.ə. III-II əsrlər) Midiyadan şimalda yaşayan elimey, aniariak tayfalarından, Plutarx (I-II əsrlər) Araz çayı sahillərində yaşayan azad tayfalarından danışır. Antik və Erkən Orta əsrlərdə indiki Cəbrayıl rayonunun ərazisi Azərbaycanın qədim və ən uzun ömürlü dövlətlərindən olan Albaniyanın cənub sərhədlərində mühüm məntəqələrdən biri olub. Strateji mövqeyinə görə bu bölgə sonralar da – Ərəb Xilafətinin dağılması nəticəsində yaranan Azərbaycan Sacilər, Salarilər, Şəddadilər dövlətlərinin mövcud olduqları dövrdə - Səlcuqlar və Azərbaycan Atabəyləri, monqol Hülakülər dövləti zamanında - Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər kimi qüdrətli səltənətimiz olan çağlarda öz əhəmiyyətini saxlayıb.

 

Bunu AZƏRTAC-a açıqlamasında Arxeologiya və Etnoqrafiya İnstitutu Çöl tədqiqatları sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev deyib.

O bildirib ki, Cəbrayılın bütün ərazisi başdan-başa müxtəlif tarixi dövrlərə aid abidələrlə zəngindir. Təəssüf ki, bu abidələrin tədqiqi uzun müddət diqqətdən kənarda qalmışdı. Yalnız ötən əsrin 70-ci illərində sistemsiz də olsa, ilkin araşdırmalar başlandı. Həmin dövrdə Araz çayı üzərində iki böyük su qovşağının (Xudafərin - uzunluğu 38 km və Qız qalası - uzunluğu 11 km) tikilməsi ilə bağlı Sovet-İran razılaşmasından sonra Cəbrayıl, eləcə də Zəngilan rayonunun ərazisindəki arxeoloji abidələri tədqiq etmək üçün R.Göyüşovun rəhbərliyi ilə kompleks ekspedisiya yaradılmışdı. Həmin illərdə Cəbrayıl rayonundakı 11 və 15 aşırımlı Xudafərin körpüləri Azərbaycanın görkəmli memarları Ə.Salamzadə və K.Məmmədzadə tərəfindən ətraflı şəkildə öyrənildi. Su qovşağı ərazisinə düşən kəndlərə (o cümlədən, Cəbrayıl rayonunun Xudafərin, Qumlax və Havalı kəndlərinə) səfərlər təşkil edildi. Tanınmış alim M.Nemətova Cəbrayıl rayonunun Şıxlar və Xubyarlı kəndlərindəki türbələrin üzərindəki kitabələri araşdırıb onların XIV əsrin əvvəllərində inşa olunduğunu, qoç fiqurları olan köhnə qəbiristanlıqların isə XIV-XV əsrlərə aid olduğunu müəyyənləşdirimişdi.

 

Müsahibimizin sözlərinə görə, 1989-cu ildə Mil-Qarabağ arxeoloji ekspedisiyasının tərkibində yeni - III dəstə yaradıldı və onun qarşısına Azərbaycanın cənub-qərbində yerləşən Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının ərazisindəki arxeoloji abidələri tədqiq etmək məqsədi qoyuldu. Cəbrayıl rayonunda həyata keçirilən kəşfiyyat-axtarış işləri nəticəsində 20-dən çox müxtəlif dövrlərə aid yaşayış məskəni, kurqan, qala, türbə, orta əsr qəbiristanlığı qeydə alındı, bunlardan bir neçəsində ilkin yoxlama qazıntılar aparıldı. Ümumiyyətlə rayon ərazisindəki abidələri bir neçə qrupa ayırmaq olar. Onların arasında ən qədimi Dağ Tumas və Şıxlar kəndi ərazisindəki mağaralardır. Qarabağ silsiləsinin cənub-qərb ətəklərində həm də hündürlüyü 1579 metr olan "Dağ Tumas" adlı zirvə də var. 1989-cu ildə kəndin ərazisində yerləşən XIII-XIV əsrlərə aid Başıkəsik gümbəzi və “Divlər sarayı” adlı mağaranı nəzərdən keçirmişdik. Qayalıqlar altında iri konusvari tavanı olan bu mağarada təmiz hava, 4-5 metr qalınlığında torpaq qatı var, qarşısında qayalar arasından çay axır, bulaqlar qaynayır. İbtidai insanın yaşayışı üçün burada hər cür əlverişli şərait olub. Təəssüf ki, qeyd olunan mağaralarda tədqiqat aparılmayıb.

 

Tarixçi alim qeyd edib ki, rayon ərazisində Tunc və Erkən Dəmir dövrünə aid arxeoloji abidələrə daha çox təsadüf edilir. Karxulu kəndi yaxınlığındakı qədim yaşayış yerinin tədqiqi bu abidənin İlk Tunc dövrünə aid olduğunu göstərir. Kənddən 1,5 kilometr şimalda Cinli dərə və İncirli bulağı adlanan yerdə də həmin dövrə aid böyük bir yaşayış məskəninin qalıqları aşkar edilib. Karxulu yaşayış yerindən cənuba tərəf uzanan təpələrin üzərində 25-ə yaxın kurqan var. Onların diametri 8-12 metr, hündürlüyü isə 0,5-1,5 metrdir. Kurqanların hamısının ətrafı 0,5 metr enində çay daşı düzümü – kromlexlə əhatələnib. Onlardan ikisi açılaraq tədqiq edilib. Birinci kurqandan Son Tunc və Erkən Dəmir dövrləri üçün səciyyəvi olan tunc düymələr və başqa bəzək əşyaları, müxtəlif gil qablar aşkarlanıb. İkinci Karxulu kurqanı (diametri 12 metr, hündürlüyü 1,2 metr) açılarkən onun mərkəzi hissəsində onlarla iri çay daşına təsadüf olunub. Daşlar təmizlənib, lakin altda heç bir dəfn izinə rast gəlinməyib. Şükürbəyli kəndinin cənubunda, Cəbrayıl – Zəngilan yolunun sağ kənarında nəhəng, hündürlüyü bəzi yerlərdə 25 metrə çatan “Torağay yalı” adlı təpə var. Bu abidənin ayrı-ayrı hissəsindəki kəsiklərdən mədəni təbəqənin qalınlığının 10 metrə çatdığını görmək olar. Təpənin trapesiya şəklində olan səthində, yamac və ətəklərində Tunc, Erkən Dəmir, Antik və Erkən Orta əsrlərə aid çoxlu keramika nümunələrinə təsadüf edilir.

T.Əliyev bildirib ki, Cəbrayıl rayonunun ərazisində Erkən Dəmir dövrü abidələri də çoxdur. Qalacıq və Qışlaq yaşayış məskənləri, Niftalılar, Qışlaq, Hovuslu, Şıxlar kəndlərinin ətraflarındakı kurqanlar belə abidələrdəndir. Cəbrayıl – Sirik şose yolunun sağ tərəfində, Çaxmaxlı çayının sol sahilində yerləşən geniş “kurqan çölü” xüsusilə diqqəti cəlb edir. Bu kurqanlardan bəziləri hələ sovet dönəmində üzüm bağları salınarkən dağılıb, onlardan tapılan əşyalardan bir qismi rayon diyarşünaslıq muzeyinin əməkdaşları tərəfindən toplanaraq muzeyə gətirilib. Həmin materiallar arasında tunc və dəmirdən şeşpər, xəncər tiyəsi, ox ucu, bıçaq-qəmə, döyüş yabası və s. silahlar var. 1989-cu ildə Niftalı kurqanlarından biri – hündürlüyü 1,2 metr, diametri 6 metr olan, azacıq torpaq qarışığı olmaqla girdə və xırda daşlardan tökülmüş kurqan qazılıb öyrənilib. Burada kurqanaltı qəbir çalasının dörd bir yanına səliqə ilə daş düzülüb, mərhum sol böyrü üstə bükülü vəziyyətdə dəfn olunub. Qəbir avadanlığı qara cilalı və xaşal gövdəli gil qablardan (onlardan biri qapaqlı və dörd ayaqlıdır), iki ədəd tunc xəncər tiyəsindən, tunc kəmərin qırıqlarından, pasta və mərmərə oxşar dağ xrustalından muncuq və başqa bəzək əşyalarından ibarətdir. Bu nümunələrin müqayisəli təhlili tədqiq olunan kurqanın Erkən Dəmir dövrünə aid olduğunu göstərir.

 

Cəbrayıl rayonunun ərazisində üç müdafiə tikilisi də qeydə alınıb: Sirik kəndindən təxminən 2 kilometr şimalda, Çaxmaqlı çayının sol sahilində, Tey dağının zirvəsində Sirik qalası, Tatar kəndi yaxnlığında, Tey dağının başqa bir zirvəsi üzərində “Qızıl qaya” adlı qala və Qalacıq kəndindən cənubda, Sirik kəndinə gedən yolun kənarında Qaladağ.

 

“1989-cu ildə Cəbrayıl rayonuna arxeoloji səfər zamanı son orta əsrlərə aid yaşayış yerləri haqqında (Dulusxana və Hasanlı düzü), Şıxlar və Xubyarlı türbələri, Başıkəsik gümbəz haqqında məlumat toplanılıb, Molla Vəli Vidadinin vaxtilə müəllimlik etdiyi Çələbilərdə möhtəşəm tikili kompleksləri də nəzərdən keçirilib. İslam mədəniyyətinə aid abidələrlə (orta əsrlərə aid qəbiristanlıq və türbələr) zəngin olan Xubyarlının “Türk qəbiristanlığı” adlandırılan sahəsi Bünyadlı kəndinin ərazisinə daxil edilib. İşğal ərəfəsində bu kəndin erməni əhalisi buradakı türbələri, XVIII-XIX əsrlərə aid qəbiristanlıqdakı başdaşılarının əksəriyyətini sındırıb dağıdıblar.

Cəbrayıl rayonu ərazisində dini təyinatlı abidələr də çoxdur. Xanəgah, məscid, türbə və məqbərələrlə yanaşı, rayonda 40-a yaxın ziyarətgah var. Bu günlərdə Cəbrayılın Azərbaycan Ordusu tərəfindən azad olunmuş Böyük Mərcanlı kəndində Lalə ocağı, Horovlu kəndində Qan ocağı, Sarı ocaq və Çələbi ocağı, Çaxırlı kəndində Yel ziyarətgahı, Cəbrayıl şəhəri yaxınlığında Ağoğlan ziyarətgahı, Xubyarlı piri və başqa abidələr yerli əhali arasında dini-inanc yeri kimi böyük əhəmiyyət kəsb edir. İşğal dövründə daha çox zərər görən mədəni irsimiz arasında İslam mədəniyyəti nümunələri olan abidələrimiz çoxluq təşkil edir. Əminəm ki, işğalın nəticələri araşdırılarkən bu abidələrimizə qarşı yönəldilən vandalizmin şahidi olacağıq”, - deyə alim bildirib.

Sosial şəbəkələrdə paylaş:
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
Masallılı voleybolçu yenidən ölkə yığmasına rəhbərlik edəcək 15:28, 28 fevral 2024
Xocalı soyqırımının 32-ci ildönümü Masallının təhsil müəssisələrində qeyd edilib 23:39, 26 fevral 2024
Xocalı soyqırımı qurbanlarının xatirəsi Masallıda böyük ehtiramla anılıb 22:00, 26 fevral 2024
...Xocalıya qayıdanacan 19:33, 25 fevral 2024
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edib 12:45, 25 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə