Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyinin dəstəyi və bu ali təhsil müəssisəsinin Ölkəşünaslıq Klubunun təşəbbüsü ilə universitetdə 28 May-Respublika Günü münasibətilə tarixi janrda çəkilmiş “Son iclas” bədii-sənədli filmi onlayn formada nümayiş etdirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gəlmiş ”Son iclas” tammetrajlı bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir. Qeyd edək ki, filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevadır. Film tələbələr tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. “Son iclas” filminin nümayişindən sonra tələbələr film haqqında müzakirə aparıblar. Onların fəal iştirakı ilə keçən maraqlı müzakirədə bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti ictimai-siyasi fikir və dövlətçilik tariximizin şanlı, parlaq səhifəsidir. Qeyd edilib ki,Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli özünəqayıdışında,milli özünüdərkində və yenidən öz müstəqil dövlətini qurmasında mühüm rol oynayıb. Bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi və ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Xüsusi vurğulanıb ki, xalqımızın tarixinə böyük xilaskar kimi daxil olan ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyeva böyük fədakarlıqla, yüksək təəssübkeşliklə müstəqil dövlətimizi daha da gücləndirir, ölkəmizin uğurlu dinamik inkişafını təmin edirlər. Həyatımızın bütün sahələrində sürətli inkişaf, tərəqqi var. Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasəti ölkə gənclərinin, o cümlədən BSU-nun tələbələrinin keyfiyyətli təhsil almalarına, respublikamızın ictimai-mədəni həyatında yaxından iştirak etmələrinə əlverişli şərait yaradır. BSU-nun rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva bu ali məktəbdə təhsil alan tələbələrin xalqımızın milli-mənəvi dəyərlərinə, Azərbaycançılıq ideologiyasına və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmalarına,əsl vətəndaş və yüksəkixtisaslı kadrlar kimi yetişmələrinə xüsusi diqqət və qayğı göstərir. BSU-nun tələbələri gələcəyə böyük inamla baxırlar. Müzakirə tələbə-gənclərin diqqətçəkən fikir və mülahizələri ilə başa çatıb.
Bütün hüquqlar qorunur © 2024