Bədəlanda bulaq və artezian quyusu istifadəyə verilib, tibb məntəqəsi tikilir Dekabrın 7-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Bədəlan kəndində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. Əvvəlcə RİH başçısı və rayon rəsmiləri Ümummilli Lider Heydər Əliyevin adını əbədiləşdirən xatirə bulağının «Heydər baba bulağı»nın açılış mərasimində iştirak ediblər. Rayon rəhbəri Respublika Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən xalqımıza göstərilən diqqət və qayğıdan, müasir müstəqil dövlətimizin memarı və qurucu Ulu Öndər Heydər Əliyevin ölkəmizi məhv olmaq təhlükəsindən qurtararaq dinamik inkişaf yoluna çıxarmasındakı müstəsna xidmətlərindən danışıb. İcra başçısı bulağın inşasında əməyi olan kənd ağsaqqallarına, xeyriyyəçilərə təşəkkür edib. Xeyriyyəçi Ziyafət Kərimov RİH başçısının rayon sakinlərinə dəstək olduğundan qürur hissi keçirdiklərini bildirib. *** Bədəlanda son günlər Masallı Rayon İcra Hakimiyyətinin başçısının təşəbbüsü ilə görülən xeyriyyə işləri barədə məlumat verən ərazi nümayəndəsi Mətanət Paşayeva bildirib ki, kənddə yeni istifadə verilən 160 metr dərinliyində artezian quyusu və üzərində suötürücü olan qüllə Rusiya Federasiyasında yaşayan əslən bədəlanlı sahibkarların, kənd xeyriyyəçilərinin və ağsaqqalların dəstəyi ilə ərsəyə gəlib. Rayon rəhbəri xeyirxah işlərinə görə ağsaqqallara, xeyriyyəçilərə və Rusiyada yaşayan həmvətənlərimizə dərin təşəkkürünü bildirib. *** Daha sonra yeni tibb məntəqəsində gedən inşaat işlərinə baxış keçirilib. Bildirilib ki, bina Rusiya Federasiyasında yaşayan bədəlanlılar və kənd xeyriyyəçilərinin dəstəyi ilə inşa edilir. Altı otaqdan ibarət yeni səhiyyə müəssisəsində doğum, uşaq müalicə şöbələri, laboratoriya və peyvəndetmə kabinəsi və s. fəaliyyət göstərəcək. Yeni tibb ocağı ən müasir tibbi avadanlıqlarla təchiz olunacaq. Sosial obyektin tikintisini aparan inşaatçılar tikintisinə bir neçə ay öncə başlanılan obyektin müəyyən olunmuş vaxtda təhvil veriləcəyinə əminliklərini bildiriblər. Akif AĞAYEV, MASALLI.
Bütün hüquqlar qorunur © 2023