Təqvim
Tanınmış sənət ustası Atamoğlan Zahid canlı konsert proqramı ilə çıxış edib
06 may 2020 - 12:22

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ölkəböyü keçirilən müxtəlif mədəniyyət layihələri artıq ənənə halını almaqdadır. Masallı Regional Mədəniyyət İdarəsi də öz növbəsində bu mədəni təşəbbüslərə qoşulub və müxtəlif maraqlı təqdimatlar, yaradıcı layihələrlə çıxış edir, eyni zamanda insanların bədii zövqünü oxşayan mədəni-musiqili tədbirləri davam etdirir.
Bəhs olunan musiqi proqramlarının növbəti qonağı ustad sənətkar, sənətilə təkcə Masallıda deyil, respublikanın əksər bölgələrində tanınan və sevilən Atamoğlan Zahid olub. Masallı Rayon Mədəniyyət Mərkəzinin solisti olan tanınmış sənət adamı, musiqisevərlərə canlı virtual konsert proqramı təqdim edib.

May ayının 3-də rayon mədəniyyət mərkəzinin səhnəsində keçirilən musiqi tədbirində A.Zahid, zövqlü və şux musiqi ifaları ilə virtual izləyicilərə xoş anlar bəxş edib. Özünəməxsus səs tonu və vokal imkanları ilə seçilən sənətçi, ölkəmizin musiqi tarixində iz qoymuş sənətkarların repertuarından sevilən musiqi nömrələri ifa edib. 26 dəqiqə davam etmiş canlı konsert proqramında sənətçini bir sıra tanınmış instrumental musiqi ifaçıları müşayiət ediblər.

Qeyd edək ki, A.Zahid rayonun Öncəqala kəndində tanınmış el sənətkarı, aşıq Atabala Zahidovun ailəsində dünyaya göz açıb. Uşaq yaşlarında ailəsindəki sənət mühitinin təsirilə musiqiyə meyl edib.

Bütün bunlar onu göstərir ki, Masallıda aşıq sənətinə dərin məhəbbət olmuşdur. Bu məhəbbətin daşıyıcıları çox olsa da, biz onların timsalında aşıq Atabala yaradıcılığından söhbət açmaqla kifayətləndik, Lakin təkcə Masallıda yox, Bakıda, Moskvada və dünyanın bir sıra mərkəz şəhərlərində aşıq Atabala “Halay” folklor ansamblı ilə ölkəmizi həmişə böyük ləyaqətlə təmsil etmişdir. Lakin Aşıq Atabala və Vəliş Zahidovlar kimi Cənub bölgəsinin aşıq folklorunun dəyərli nümayəndələrinin yaradıcılıqlarının tədqiq olunmaması təəssüf doğurur. Güman edirik ki, tədqiqatçılarımız bu barədə düşünəcəklər.

Bu gün Aşıq Atabalanın oğlu Atamoğlan Zahid öz sələflərinin sənətini layiqincə davam etdirir. Atamoğlan Zahid Aşıq Atabalanın oxuduğu aşıq mahnılarını müasir üslubda oxumaqla Masallıda aşıq folkloruna olan məhəbbətin tükənmədiyini bir daha sübut edir.

Qeyd etdiyimiz kimi, Aşıq Atabala Zahidov yaradıcı aşıq olmuşdur. Yəni saz çalmış, mahnı oxumuş, muğam ifa etmiş, aşıq-rəqqas olmuş, nağıl demiş, dastan söyləmiş, deyişmələrin aparıcı tərəfi olmuş, ustadnamələri ilə məclis iştirakçılarını

valeh etmiş və nəhayət, söz qoşmuş, şeir yazmışdır. Yazdığı şeirləri içərisində qoşmalar, təcnislər, gəraylılar, müxəmməslər, geniş yer almışdır. Onun şeirləri içərisində gözəlliyi, əmək i adamlarını, müəllimləri vəsf edən poetik nümunələr daha çoxdur. Onların bir neçəsini Masallının aşıq folkloru nümunəsi kimi yazıya daxil edirik (Mənbəə: Fərahim Sadqov, Pedaqoji elmlər doktoru, Professor. Yaradıcılığı əlavə olunur. )

30 ildən çox ifaçılıq təcrübəsinə malik olan A. Zahid, peşəkar sənət karyerasına rayon mədəniyyət mərkəzinin səhnəsində başlayıb. O, gənc yaşlarında respublika miqyasında keçirilən bir çox mədəni-kütləvi tədbirlərdə, musiqi müsabiqələrində iştirak edib, müxtəlif mükafatlara, fəxri diplomlara layiq görülüb. Hələ Qarabağ uğrunda gərgin döyüşlərin davam etdiyi dövrlərdə tez-tez cəbhəyanı rayonlara səfərlər edən A. Zahid, əsgərlərə musiqi ifaları ilə mənəvi dəstək olub, onları zəfərə səsləyib.

Müxtəlif musiqi alətlərində məharətlə ifa etməyi bacaran sənətçi, Türkiyə, İran, Rusiya və bir sıra digər post-sovet ölkələrində keçirilən mədəni tədbirlərin iştirakçısı olub, konsert proqramları ilə çıxış edib.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalındakı musiqi töhfələrinə görə Nazirliyin fəxri diplomu ilə təltif edilib.

Xatırladaq ki, konsert proqramı sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.

**************
Çay dərən qız

Tarla üstə gördüm səni,

Zəhmətkeşsən, çay dərən qız.

İşin heyran etdi məni,

Çalışansan, çay dərən qız.

 

Tər yaşıl yarpaq dərirsən,

Şəhərlərə göndərirsən.

Hünərinlə yüksəlirsən,

Nə xoşbəxtsən, çay dərən qız,.


Atabala sazın çalır,

Gülür ürəyi, şadlanır.

Adını dastana salır,

Sevin, gül sən, çay dərən qız.

 

 

Çayçı qız

Çay kolları arasında,

Doldun yaşa, ay çayçı qız.

Hər məclisə, hər süfrəyə,

Yollayırsan çay, çayçı qız.

 

Masallının çiçəyisən,

Tarlamızın bəzəyisən.

Hər zəhmətin özəyisən,

Al yanaqlı, ay çayçı qız.

 

“Yaşıl qızıl” toplayırsan,

Xarallara doldurursan.

Fabrikaya yollayırsan,

Gündə neçə tay, çayçı qız.

 

Talış yurdu nəğməkardır,

Onun da öz hüsnü vardır.

Atabala, çal, nahardır,

Verir bizə pay, çayçı qız.


Müəllim

Görəndə kitabı sənin əlində,

Doğrusu, coşuram özüm, müəllim.

Tarixdən, elmdən xəlqə deyəndə,

Sanıram səni cüt gözüm, müəllim.

 

Elmin sirlərindən ilham alırsan,

Gələcək günlərə yollar salırsan.

Xoş günlərə sən də söbəb olursan,

Şəninə söz deyir sazım, müəllim.

 

Aşıq Atabala müəllimi sevir,

Nurlu sabahlara doğru yol gedir.

Sənin gövhər sözlərinlə fəxr edir.

Adına mən dastan yazım, müəllim.

 


Süzən gözlərin

Mən hər səhərçağı səni görəndə,

Qəlbimə od salır süzən gözlərin.

Söylə, niyə durub axı qəstimə,

Oxunu sinəmə düzən gözlərin?

 

Dəlir ürəyimi, yarır canımı.

Yandırır könlümdə xanimanımı.

Kaman qaş altından alır canımı,

Eşqində, qəlbimdə gəzən gözlərin.

 

Gözləyir yolumu mən gələn zaman,

Mahir ovçu kimi tez alır nişan.

Oxlayır gözümdən verməyir aman,

Eşqin dəryasında tizən gözlərin.

 

Hər dəfə rastlaşıb baxanda mənə,

Qıvrılır gözləri, süzülür yenə.

Saz tutub, söz qoşur aşığın sənə,

Barışsın mənimlə küsən gözlərin.

 
Gözəl

Cəmalın görəndə zalım,

Qaçma məndən qadan alım.

Oda saldın, yandı canım,

Meyli yana axan gözəl.

 

Hər baxanda can üzürsən,

Tellərin yana düzürsən.

Dostundan kənar gəzirsən,

Durub qıyğac baxan gözəl.

 

Hansı yerin cananısan,

Bu düzlərin ceyranısan.

Mən xəstənin dərmanısan,

İldırım tək çaxan gözəl.

 

Aşiqsən, məşuqun tanı,

Olum gözlərin qurbanı.

Hər baxanda yanı-yanı,

Neçə canlar yıxan gözəl.

 

Atabala sevir səni,

Unutmaz sevən sevəni.

İnsaf et, öldürmə məni,

Tutar səni bu can, gözəl.

Aşıq Atabala Zahidov.
************

ƏLİHÜSEYN ŞÜKÜROV. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə