Təqvim
Azərbaycanın foto və video səlnaməsini yaradan sənətkar
05 aprel 2020 - 12:44

Azərbaycanın foto və video səlnaməsini yaradan sənətkar
( Portret cizgiləri)
...Tarixi şəxsiyyətlərin dediyi sözlər: “Rasim Sadıqov fofoaparatını süngüyə çevirən əsl sənətkar jurnalistdir”.

Rasin Sadıqov. Bu ad və soyad Azərbaycan mətbuatına, mədəniyyətinə, incəsənətinə və bütövlükdə ictimaiyyətinə çox yaxşı tanışdır. Çünki 44 ildən çoxdur ki, Azərbaycan mətbuatında onun çəkdiyi şəkillər və yazdığı məqalələr tez-tez Kutləvi İnformasiya Vasitələrinin əsas şəkillərindən və yazılarından olur. Həm də Azərbaycan mədəniyyətində, incəsənətində onun çəkdiyi foto şəkillər, Tarix, Ədəbiyyat, Teatr, İncəsənət muzeylərində əsas yerləri tutmaqla ən çox baxılan şəkillərdir. Onun çəkdiyi bu foto şəkillər və video lentlərə aldığı tamaşalar, incəsənət əsərləri, tarixi hadisələr və görkəmli insanlarla bağlı süjetlər gələcək nəsillərimizçün ən böyük, unikal töhfələrdir desəm yanılmaram. Məhz buna görə də Azərbaycanın foto və video səlnaməsini yaradan Rasim Sadıqovu çoxminli oxucularla daha yaxından tanış etmək istəyirəm. Çünki belə insanı hamımız yaxından tanımalı və gələcək nəsillərə tanıtmalıyıq.
Qısa arayış: Rasim Mirzəbala oğlu Sadıqov 1956-cı ilin mart ayının 16-da Bakı şəhərinin tarixi kəndlərindən olan Novxanıda ziyalı ailəsində dünyaya gəlib. Sonra bu ailə Sumqayıta köçüb və Rasim də Sumqayıt şəhərindəki 12 nömrəli tam orta məktəbdə təhsil alıb. Hələ orta məktəbdə oxuduğu illərdə onun çəkdiyi foto şəkillər və kiçik məqalələr təkcə Sumqayıtda çap olunan qəzetlərdə yox, respublika mətbuatında çap olunub.
Rasim Sadıqov əgər desəm ki, həm fotoqraf və həm də jurnalist kimi həqiqətən bənzərsiz sənətkardır, burada heç bir şişirtmə, mübaliğə yoxdur. Çünki 44 ildir ki, tanıdığım Rasim Sadıqovu elə yaradıclığa başladığı ilk günlərdən belə görmüşəm və belə tanımışam. Belə ki, o, həqiqətən də jurnalist-fotoqraf kimi heç kimi təkrar eləmir və bu sahədə özünün məktəbini yaradıb. Hətta o, təkcə fotoqraf yox, bu sənətin əsl yaradıcı rəssamıdır. Çünki onun çəkdiyi foto şəkillər bir-birinə oxşamır. Obrazlı ifadələrlə zəngindir. Və çəkdiyi hər bir foto şəkil sənət nümunəsi olaraq, elə bil ki, adamla danışır... Məhz buna görə də tanınmış jurnalistlər, ədəbiyyat xadimləri, siyasi xadimlər, əsl sənətkarlar və hətta rəssamlar da onun haqqında həmişə belə bir cümlə deyirlər: “Rasim Sadıqov fofoaparatını süngüyə çevirən əsl sənətkar jurnalistdir”.
Rusiya Fedorasiyasının bir vaxtlar prezidenti və baş nazir olmuş, uzun illər bu vəzifələrdə Rusiya kimi böyük ölkəyə rəhbərlik eləyən Dimitri Medvedev ilk əmək fəaliyyətinə vilayət qəzetinin foto müxbiri kimi başladığını heç vaxt unutmadığı kimi, həmişə də dövlət rəhbəri kimi rəsmi görüşlərə gedəndə belə sevimili fotoaparatını götürüb şəkillər çəkdiyi kimi Rasim Sadıqov da jurnalist, sayt rəhbəri kimi dövlət səviyyəli görüşlərə gedəndə, orada rəsmi nümayəndə kimi olanda sevimli fotoaparatını, video kamerasını götürür və orada unukal şəkillər, videolar çəkərək xalqımızın tarix yaddaşında saxlayır. Onun 1976-cı illərdən başlayaraq çəkdiyi həmin şəkillər bu gün Azərbaycan foto və video səlnaməmiz üçün unikal bir xəzinədir. Bu şəkillər də əsrlər boyu Rasim Mirzəbala oğlu Sadıqovu həmişə Azərbaycan mətbuatında və tarixində yaşadacaq.
Yuxarıda yazdığı kimi Rasim Sadıqovla bizim tanışlığımızın 44 ildən çox tarixçəsi var. Belə ki, mən 1976-cı ildə Sumqayıt şəhərinə gəlib, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətə başlamışam. Və bir ildən sonra teatrda aktyor işləməklə paralel Sumqayıtda “Ümid” adlı Teatr-Studiya yaratmışdım. Bu Teatr-Studiyanın ilk tamaşası Cəlil Məmmədquluzadənin “Kamança” əsəri 1977-ci ilin mart ayının 16-da, yəni mənim ad günümdə olmuşdu. Həmin gün “Sumqayıt” və “Exo Sumqayıta” qəzetlərindən tamaşa ilə bağlı şəkillər çəkməyə göndərilən Rasim Sadıqovun da məlum oldu ki, ad günü məhz mart ayının 16-dadır və məndən 6 yaş kiçikdir. Bu, mənim və onun üçün bir sürpriz oldu. Elə həmin gündən də biz dostlaşdıq. Mən Rasimi özümə kiçik qardaş bildim. Biz, həmin gündən sonra artıq tez-tez təmasda olurduq.
Sonralar bu kolletiv Sumqayıt Gənclərinin Xalq Teatrı oldu. Elə quruluş verdiyim ilk tamaşamın “Kamança” faciəsinin də şəkillərini məhz Rasim Sadıqov çəkməklə məni tarixdə yaşatdı. Ondan sonrakı tamaşaların da çoxunun foto şəkillərini Rasim çəkdi. Beləliklə, həmin vaxtlar mən rejissor kimi ilk tamaşalarımı hazırlayırdım, Rasim də artıq peşəkar fotoqraf və jurnalist kimi incəsənət, mətbuat sahəsində ilk işlərini görürdü. Bu dostluq və birgə yaradıcılıq işi artıq 44 ildir ki, davam eləyir. Mən Sumqayıt Dövlət Musiqili-Dram Teatrlarına rəhbərlik elədiyim vaxtlarda da teatrın tamaşalarının və orada keçirilən maraqlı görüşlərin də foto şəkillərini Rasim Sadıqov şəkib. Hətta mən Ağdam teatrına rəhbərlik elədiyim vaxt Rasimin yolu həmin bölgəyə düşəndə hökmən teatra gəlir və orada da şəkillər çəkirdi.
Beləliklə, bu gün mənim arxivimdə Rasimin çəkdiyi çoxlu şəkillər və məqalələr, o illərdən əziz bir xatirə kimi qalır. Elə həmin vaxtlarda da mən, Rasimdə fotoqrafiya sənətə qarşı çox böyük sevgi və hətta bir rejissorluq, rəssam bacarığı olduğunu görmüşdüm, duymuşdum. Çünki o, tamaşalarda şəkillər çəkəndə elə maraqlı, gözlənilməz məqamlar, anlar, obrazlı ifadələr tuturdu ki, bu mənim özümə də və bu şəkillərə baxan hər bir adama da xoş təsir bağışlayırdı. Elə həmin vaxtlardan, yəni 1976-cı illərdən də Rasim Sadıqov Sumqayıt şəhərində keçirilən dövlət səviyyəli bütün tədbirləri fotoqraf kimi çəkməyə başladı. Baxmayaraq həmin vaxtlar Sumqayıtda peşəkar, tanınmış fotoqraflar, foto müxbirlər çox idi və şəhər rəhbərliyi də hər bir işi onlara tapşırırdı. Amma Rasimin elə ilk tədbirlərdə çəkdiyi şəkilləri görən şəhər rəhbərləri onun işlərinin orijinallığını görüb, bundan sonra əsas işləri ona tapşırmağa başladılar. Beləliklə, az bir zamanda Rasim Sadıqov Sumqayıtda ən məşhur foto müxbir oldu. Artıq Sumqayıt Dövlət Dram Teatrının tamaşalarını və Sumqayıta gələn məşhur kollektivlərin və şəxsiyyətlərin də foto şəkillərini Rasim çəkməyə başladı. Şəhərdə mədəniyyətlə, incəsənətlə, məşhur insanlarla görüşlərlə bağlı əsas işləri çəkmək məhz ona etibar olundu. Həmim vaxtdan da başlayaraq, Sumqayıtda çap olunan bütün qəzetlərdə və respublika qəzetlərində “ fota Rasim Sadıqovundur” imzası ilə çox maraqlı şəkillər çap olunmağa başladı. Heç 5-6 ay keçmədi ki, eşitdim Rasim Sadıqovu, həmin vaxtlar respublikada ən məşhur qəzet olan “Ədəbiyyat və İncəsənət” qəzetinin baş redaktoru, məşhur dramatuq, alim, dəyərli ziyalı, Xalq şairi Nəriman Həsənzadə qəzetdə işləməyə dəvət elədi. O vaxtlar bu qəzetdə məqalə çap etdirmək və işə düzəlmək çox çətin idi. Çünki Nəriman müəllimin böyük səyi və zəhməti nəticəsində bu qəzetin hər nömrəsi 120 min müsxə çap olunurdu. Bundan başqa isə qəzet həm də Nəriman Həsənzadənin böyük təşkilatçılığı ilə böyük tirajla fars və latın qrafikası ilə də çap olunub, Cənubu Azərbaycana və Türkiyəyə göndərilirdi. Hər iki qonşu respublikada da bu qəzetin oxucuları həddindən artıq çox idi. Ona görə də burada müxbir, foto müxbir işləmək hər insana nəsib olmurdu. Buna görə fotoqrafdan böyük peşəkarlıq və orijinallıq tələb olunurdu. Deməli, xalqımızın böyük ziyalısı, təkcə ədəbiyyatı yox, həm də jurnalistikanı mükəmməl bilən Nəriman Həsənzadə Rasim Sadıqovun uğurlu gələcəyini görüb, onu lap cavan yaşlarında işə götürmüşdü. İllər keçəndən sonra sübut olundu ki, Nəriman müəllim Azərbaycan xalqı üçün Rasim Sadıqov kimi onlarca gözəl sənətkarlar yetişdirib. Nəriman Həsənzadə təkcə Rasimin yox, bu gün Azərbaycanda və dünyada məşhur olan onlarla yazıçının, məşhur alimin, tənqidçinin, jurnalistin də “Ədəbiyyat və İncəsənət” qəzetində yetişməsinə böyük köməklik eləyib.
Rasim Sadıqovla bizim müştərək və daha ciddi işlərimiz yuxarıda yazdığım kimi mən, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Tetarının rəhbərliyindən Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili- Dram Teatrının rəhbərliyinə qayıdandan sonra, yəni 1989-cu ilin yanvar ayından daha çox oldu. Artıq həmin vaxtı Rasim Sadıqov məşhur “Ədəbiyyat və İncəsənət” qəzetinin fotoqraf-müxbiri olmaqla, təkcə bu qəzetdə yox respublikanın demək olar ki, bütün aparıcı qəzetlərində onun- “foto Rasim Sadıqovundur” imzası ilə çoxlu şəkilləri çap olunurdu. O, 1997-ci ilin sonuna kimi, yəni mən öz ərizəmlə teatrdan işdən çıxana kimi Sumqayıt Dovlət Musiqili-Dram Tetrında tamaşaya qoyulan bütün səhnə əsərlərinin və teatrda keçirilən respublika, şəhər səviyyəli maraqlı görüşlərin foto şəkillərini özünə məxsus orijinalliqla çəkdi. Və hər bir tamaşadakı, tədbirlərdəki şəkillərə yüksək yaradıcılıqla yanaşdı. Bu gün həmin kadrlar böyük tarixi sənədlərdir. Eləcə də bütün bu illərdə Azərbaycan incəsənəti Rasim Sadıqovun sayəsində tarixə köçüb. Azərbaycan incəsənətində elə unikal tamaşalarımız, konsertlərimiz var ki, onlar məhz Rasim Sadıqovun fotoaparatı və videokamerası sayəsində bir tarixi nümunə kimi muzeylərdə qorunub saxlanılır.
Ağdamda işlədiyim 1985-88-ci illərdə də mən Rasim Sadıqovu mətbuat vasitəsi ilə izləyirdim. 1988-ci ildən başlayaraq Azərbaycanda başlayan oyanışda, milli birlikdə əsasən Rasim Sadıqovun çəkdiyi bir-birindən maraqlı, təkrarsız fotoşəkillər qəzetlərin əsas səhifələrini bəzəyirdi. Rasim həm jurnalist və həm də bir vətəndaş kimi ən maraqlı məqamları təkcə fotoqraf kimi yox, həm də özünün videokamerası ilə lentə alirdı. Həmin vaxtlar o, dəfələrlə Qarabağ bölgəsində olmuşdu və hətta Ağdamda da biz onunla görüşmüşdük. O, həmin orijinal şəkillər və çəkdiyi video lentlərlə ermənilərlə çox böyük cəsarətlə təkbaşına vuruşurdu. Bu unukal kadrları dünya mətbuatına ötürməklə Rasim Sadıqov bizim haqq iş uğrunda, öz torpaqlarımızı qorumaq yolunda vuruşduğumuzu məntiqi şəkildə sübut etməyə çalışırdı və sübut da eləyirdi. Amma həmin vaxtlar ölkə rəhbərliyində, Milli Məclisdə Rasim Sadıqovu müdafiə eləyənlər çox az olduğundan və bəzən də olmadığından Rasim təklənirdi. Böyük əsəb gərginliyi, stresslər keçiridi. Hətta onun böyük əziyyətlə, çətinliklə, öz həyatını riskə qoymaqla çəkdiyi şəkilləri, onların lentini və video lentləri də yüksək rütbəli məmurlar, qolu zorlular əlindən alıb məhv edirdilər. Yandırırdılar. Həmin anları Rasim Sadıqov indi də xatırlayanda böyük stresslər, əsəb gərginliyi keçirir.
1990-cı ilin 19-20 qanlı yanvar tarixi günlərinin əsas foto və video çəkilişlərinin müəlliflərindən biri də Rasim Sadıqovdur. O, çox böyük möcüzə nəticəsində həmin vaxtı sağ qalıb. Deməli, həmin dəhşətli hadisələri bu günümüzə ən tutarlı faktlar kimi gətirmək üçün Böyük Yaradan özü Rasim Sadıqovu düşmən güllələrindən və sapı özümüzdən olan baltalardan qoruyub. Ona görə də biz dostlar, Rasim Sadıqova “Allahın ən sevimli bəndəsi” deyirik. Rasim Sadıqovun çəkdiyi həmin foto şəkilləri və video lentləri biz dövlət səviyyəsində dünyaya çıxara bilsək, elə 19-20 qanlı yanvar faciəsilə biz həmin vaxtlar Rusiyaya rəhbərlik edənləri dünyada rüsvay eləyib beynəlxalq məhkəməyə çıxara bilərik. Həmin dəhşətli faciəni də soyqırım hadisəsi kimi dünyada təsdiq etdirə bilərik. Çünki Rasim Sadıqovda bununla bağlı çoxlu tutarlı şəkillər və video lentlər var.
Eləcə də Xocalı faciəsində çəkilən unukal şəkillrin də çoxunun müəllifi Rasimdir. Məhz həmin nadir şəkillər, videokadrlar sübut-dəlil kimi bizə əsas verir ki, ermənilərin faşist, gavur olduqlarını dünya xalqlarına sübut edək. O, özünün fotoaparatı və video kamerası ilə Qarabağda müharibə gedən vaxtlarda tez-tez döyüş bölgələrində olurdu və oradan unikal kadrları respublika mətbuatına yayırdı. Bu böyük sənətkar bütun bu illərdə fotoaparatını və video kamerasını süngü edib və sözün həqiqi mənasında düşmənlə vuruşub. Qarabağ döyüşlərində şəhid olan, yaralanan döyüşçülərin və öz dədə-baba yurdlarından didərgin düşən yüzlərlə həmvətənlərimizin unikal şəkilləri bu gün Rasim Sadıqovun arxivində ən müqəddəs şəkillər kimi qorunur. Eləcə də Azərbaycana gələn dünyanın çoxlu tanınmış insanlarının da ömürlərinin bir anlıq şəkilləri onun arxivində həddindən artiq çoxdur. 1988-93-cü illərdəki xaos və vəzifə davası, torpaqlarımızın hərraca qoyulması səhnələrinə həsr olunan foto və video kadrları da Rasim Sadıqovun arxivində həddindən artıq çoxdur. Bunların hamısı hökmən dövlət səviyyəsində kitab kimi çap olunub, gələcək nəsillər üçün tutarlı sənədlər kimi qalmalıdır. Elə Rasim Sadıqovun Azərbaycan Nəşriyyatındakı iş otağının divarlarında yüzlərlə tarixi şəkillər var. Bu otağa girən hər bir adam Rasim Sadıqovun belə zəhmətkeşliyinə, vətənpərvərliyinə, döyüşkənliyinə və onun daxilində olan əsl Vətən sevgisinə heyran olur. Bu otaq orijinal şəkillərdən ibarət bir müqəddəs muzey və danışan tarixi arxivdir.
Rasim Sadiqovun 18 il bundan qabaq yaratdığı və bu gün də böyük uğurla rəhbərlik elədiyi “Az. PRESS. az” Xəbər Saytı qısa vaxtda oxucularda, tamaşaçılarda böyük maraq yaradıb. Həm də təkcə Azərbaycanda yox, dünyada ən çox oxunan saytlarımızdan biridir. Çünki bu sayt tam qərəzsizdir, obyektivdir, buradakı yazılar həddindən artıq maraqlıdır və hər bir məsələni obyektiv işıqlandırır. Bütün bu illərdə “Az. PRESS. az” Xəbər Saytı Azərbaycan dövləti və dövlətçiliyi üçün də çox böyük işlər görüb. Bu sayt məhz Rasim Sadıqovun böyük zəhmətinin, yüksək təxəyyülünün sayəsində Azərbaycan həqiqətlərini tez və operativ formada dünya oxucularına və tamaşaçılarına çatdıran saytlardan biridir. Həm də özünün maraqlı informasiyalarına, orijinal videolarına görə ən çox oxunan və baxılan saytlardan biridir “Az. PRESS. az” Xəbər Saytı. Bütün bunlar da bir daha istedadlı jurnalist, yüksək təşkilatçı rəhbər kimi Rasim Sadıqovun əsl peşəkarlığının bir sübutudur. Bir vaxtlar adi fotoqraf və müxbir kimi işə başlayan Rasim Mirzəbala oğlu Sadıqov böyük zəhmətinin, yuxusuz gecələrinin, yorulmaq bilmədən çalışmasının, böyük səbrinin sayəsində bu gün respublika mediasının ən aparıcı mütəxəssislərindən, jurnalistlərindən biri olub. Məhz buna görə də onunla hesablaşanlar, ondan məsləhət alanlar və yaradıcı işləri oxunaqlı və baxımlı olsun deyə öz qəzetlərində, jurnallarında və saytlarında Rasim Sadıqovun işlərini yerləşdirən qəzet, sayt rəhbərlər çoxdur. Yuxarıda yazdığım kimi biz Rasimlə hər ikimiz mart ayının 16-da dünyaya gəlmişik. Bu ilin mart ayının 16-da mən 70 yaşımı, Rasim Sadıqov isə 64 yaşını qeyd edirik. Biz hər ilin həmin günü ilk dəfə necə tanış olduğumuzu yada salıb, keçmiş xatirələri çözələyirik. Ola bilər ki, elə mart ayının 16-da dünyaya gəlməyimiz və hər ikimizin düşüncə tərzində, həyata baxışındakı yaxınlıq, xasiyyətindəki oxşarlıq bizi daha yaxın dost eləyib. Mən də bütün bu illərdə cavanlıq dostumun bu uğuruna öz uğurum kimi çox sevinirəm.
44 ildən çox yaradıcılıqla məşğul olan Rasim Sadıqov həm də yaxşı müəllimdir. O, özünün çoxlu davamçılarını da yetişdirib. Onlar öz müəllimlərilə birlikdə Azərbaycanın foto və video səlnaməsini yaradırlar. Bu gün bir çox media orqanlarında da Rasimin onlarla şagirdi böyük uğurla çalışır və onlar da öz müəllimləri kimi Azərbaycanın foto səlnaməsini yaratmaqla məşğuldurlar. Onun yetirməsi Dilavər Nəcəfova prezidentimiz cənab İlham Əliyev tərəfindən 3 otaqlı mənzil və Əməkdar jurnalist fəxri adı verilib. Bu, müəllim kimi Rasim Sadıqovun qələbəsi deməkdir.
Rasim Sadıqov ulu öndər Heydər Əliyevin, prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və çoxlu dövlət rəsmilərinin, elm, ədəbiyyat, incəsənət adamlarının, məşhur ziyalıların bir-birindən maraqlı, unukal şəkillərinin müəllifidir. Həmin orijinal şəkillərin çoxu ilə biz mətbuatdan tanışıq. Amma bu şəkillərin müəllifinin məhz Rasim Sadıqov olduğunu bilmirik. Bütün bunlar da Rasim Sadıqovun təvazökarlığından irəli gəlir. Rasim, böyük ziyalı, yüksək tərbiyəli və unikal sənətkar olduğuna görə heç vaxt özünü gözə soxmayıb. Yəqin elə buna görə də onun əməyi bu vaxta qədər layiqincə qiymətləndirilməyib. 44 ildən çox mətbuat sahəsində böyük şərəflə, peşəkarlıqla, yüksək vətəndaş cavabdehliyi və istəyi ilə çalışsa da ona hələ bu vaxta qədər Əməkdar Jurnalist fəxri adı verilməyib. Mənimçün çox maraqlıdır. Axı Rasim Sadıqov bundan sonra daha hansı qlobal işləri görməlidir ki, ona bu fəxri ad verilsin?
Baharın ilk ayında, 1956-cı ilin mart ayının 16-da dünyaya gələn dostumu ad günü münasibəti ilə bir daha onu sevən və yaradıcılığını maraqla izləyən insanlar adından təbrik eləyirəm. İnanıram ki, tezliklə haqq öz yerini tapacaq. Biz, Rasim Sadıqovun adının qarşısında Əməkdar Jurnalist adının yazıldığını da tezliklə görəcəyik. Çünki bu fəxri ada Rasim Sadıqov çoxdan layiqdir. Amma nə sirdisə bu adı ona vermirlər ki, vermirlər. Bu sirr Rasimsevərlərçün də çox maraqlıdır və yəqin ki, tezliklə reallaşacaq.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi  
tezadlar.az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə