İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 20-də Romada rəsmi qarşılanma mərasimi keçirilib. Prezident İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Romanın Kuirinale Sarayına gəldi. Azərbaycan dövləti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella qarşıladılar. Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi. Azərbaycan və İtaliya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella birgə foto çəkdirdilər. Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.
Bütün hüquqlar qorunur © 2024