Təqvim
ADMİU-nun rektoru VIII Beynəlxalq Mədəniyyət Forumunda iştirak edib (+FOTOLAR)
19 noyabr 2019 - 22:16

Canveten.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti 14-16 noyabr tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq Mədəniyyət Forumunda iştirak edib.

Noyabrın 14-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində VIII Beynəlxalq Mədəniyyət Forumu işə başlayıb. Rusiya Federasiyası Mədəniyyət nazirliyinin nümayəndələri, Rusiya və xarici ölkələrin Mədəniyyət idarələrinin və təşkilatlarının rəhbərləri daxil olmaqla 91 ölkənin 35000-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilən forumda Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibinə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova da daxil olub.

Dövlət Ermitaj Muzeyinin baş qərargahında keçirilən Forumun rəsmi açılış mərasimində çıxış edən Rusiya Federasiyası baş nazirinin müavini Olqa Qolodets bildirib ki, builki tədbir bir sıra göstəricilərinə görə əvvəlkilərdən fərqlənir. İştirakçıların sayı 35 min nəfəri ötüb və 100-dən artıq ölkədən mütəxəssislərin iştirakı ilə müxtəlif məkanlarda 350-dən çox tədbir keçiriləcək. Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski və Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov çıxış edərək Forumun əhəmiyyətindən, şəhərin tarixi-mədəni irsindən söz açıblar. Qeyd edilib ki, beynəlxalq tədbir Sankt-Peterburqun mədəni zənginliyinə investisiya cəlb etməyə kömək edəcək.

Sonra Çin Xalq Respublikası Mədəniyyət və Turizm nazirinin müavini, Türkiyə Respublikası Mədəniyyət və Turizm nazirinin müavini, Türkiyə və Slavyan Mədəniyyətləri Fondu nümayəndələrinin çıxışları dinlənilib.

Nümayəndə heyəti həmin gün Forumun əsas mövzusuna həsr olunmuş "Qloballaşma şəraitində mədəni kodlar" adlı plenar iclasda iştirak edib.

Forum çərçivəsində Rusiyanın və digər ölkələrin nümayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə mədəni əlaqələrin mövcud durumuvə inkişaf perspektivləri, habelə 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın “iştirakçı ölkə” statusunda maraqlı proqram təqdim edəcəyi barədə söhbət açılıb.

Noyabrın 15-də tarixində “Lendok” Açıq Film Studiyasında Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə Rusiya Federasiyasının Mədəniyyət nazirinin müavini Pavel Stepanov arasında görüş keçirilib.

Görüşdə Rusiya Mədəniyyət Nazirliyi və Dövlət Kinofilm fondunun səlahiyyətli rəsmiləri, ölkəmizin nümayəndə heyəti və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun əməkdaşları ilə yanaşı, Ceyran Mahmudova da iştirak edib.

Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf səviyyəsindən danışan Rusiya Mədəniyyət nazirinin müavini Pavel Stepanov Azərbaycan nümayəndə heyətinin səfəri münasibətilə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı əsərinin motivləri əsasında çəkilmiş və Rusiya Dövlət Film Fondunun arxivində saxlanılan “Arşın mal alan” filminin müasir kino texnologiyaları vasitəsilə təmizlənmiş və rus dilində olan versiyasını diqqətə çatdırmaqdan şərəf duyduğunu bildirib.

Nazir müavini Sevda Məmmədəliyeva öz növbəsində rusiyalı həmkarına minnətdarlığını bildirərək, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında çoxşaxəli mədəni əlaqələrin tarixi, bugünkü inkişafı və gələcək əməkdaşlıq perspektivlərindən bəhs etmişdir. Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilmiş filmin qısa tarixi haqqında və dünya kino sənətinə böyük töhfə verdiyini xüsusilə qeyd edib.

Sonra Azərbaycan nümayəndə heyətinin VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda məhsuldar işi, fəal iştirakı, həmçinin teatr sahəsində gələcək əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Mədəniyyət Nazirliyinə Rusiya teatr tamaşalarının yazılarının hədiyyə edilməsi haqqında protokol imzalanıb.

Görüşün sonunda Rusiya Federasiyasının Mədəniyyət nazirinin müavini Pavel Stepanov Azərbaycan Mədəniyyət Nazirliyinə Rusiya teatr tamaşalarının yazıları ilə yanaşı, “Arşın mal alan” filminin ilk afişasının surətini hədiyyə edib. Sonra kinostudiyada yenilənmiş “Arşın mal alan” filmi nümayiş olunub. Film tamaşaçılar tərəfindən böyük maraqla izlənib.

ADMİU-nun rektoru professor Ceyran Mahmudova Forum çərçivəsində keçirilən tədbirlərdə iştirak etməklə yanaşı, həm də bir sıra mühüm görüşlər keçirib, əməkdaşlıq münasibətləri qurub.Sankt-Peterburq Dövlət Mədəniyyət Universitetinin rektoru professor Aleksandr Sergeyeviç Turqayevlə məhsuldar görüş keçirilib. Görüşdə iki universitet arasında qarşılıqlı əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub və əməkdaşlıq müqaviləsinin yenilənməsi haqqında razılıq əldə olunub. Sonra Ceyran Mahmudova Universitetin tədris korpusları ilə tanış olub.  Bir saatlıq eksursiya ərzində Azərbaycanlı rektora universitetin tədris binaları olan iki tarixi bina haqqında ətraflı məlumat verilib. 

Ceyran Mahmudova “Muzeylər və sərgi layihələri” seksiyası üzrə tədbirlərdə də iştirak edib. Rektor həmçinin “Manej” mərkəzi sərgi zalında keçirilən şəxsi muzeylər və onların fəaliyyəti ilə bağlı diskussiyaya da qatılıb. Suad Qarayevanın də spiker olduğu “Muzeylərin strategiyaları və reputasiyaları” adlı diskussiyada Avropa və Çinin dövlət və şəxsi muzeylərinin rəhbərləri müasir dövrdə muzey fəaliyyətinin qurulması məsələlərini müzakirə ediblər.

Azərbaycan nümayəndə heyəti həmçinin Marinski teatrın Yeni səhnəsində baş tutan rəsmi açılış mərasimində və qala konsertdəiştirak edib. Tədbirdə çıxış edərək qonaqları salamlayan Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev forum iştirakçılarına maraqlı diskussiyalar, unudulmaz təəssüratlar və yeni yaradıcılıq axtarışları üçün güc və ruh yüksəkliyi arzulayaraq qeyd edib ki, 35 mindən artıq forum iştirakçısı burada yalnız öz işlərini təqdim etmir, həm də dialoq qurur.  Rəsmi hissədən sonra “Teatr ili”nə həsr olunmuş “Teatr-həyatdır” adlı qala konsert baş tutub. Konsertdə incəsənətin müasir rəqs, balet, qrotesk maskalar, kuklalar, poeziya, klassik musiqi kimi müxtəlif sahələrini özündə birləşdirən zəngin və rəngarəng proqram nümayiş olunub.

Professor Ceyran Mahmudova 16 noyabr tarixində III Beynəlxalq forum-festivalın bağlanışına həsr olunmuş D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının böyük zalında baş tutan “Caz sərhədləri aşır” adlı qala-konsertdə iştirak edib.

 

Sosial şəbəkələrdə paylaş:

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə