Canveten.az xəbər verir ki, 2019-cu il 6 noyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın professoru, Xalq artisti, Şöhrət ordenli Yalçın Adıgözəlovun 60 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Y.Adıgözəlovun yubileyinə həsr olunmuş konsertin açılış nitqində BMA-nın rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, dünya şöhrətli pianoçu, professor Fərhad Bədəlbəyli Yalçın Adıgözəlovun Azərbaycan musiqi mədəniyyətindəki böyük xidmətlərindən, səmərəli fəaliyyətindən bəhs edərək, onu yubiley münasibəti ilə təbrik etdi. Sonra konsert proqramına yer verildi. Proqramda Yalçın Adıgözəlovun rəhbərliyi vəQara Qarayev adına Azərbaycan Dövlət Kamera Simfonik Orkestri ilə BMA-nın “Baku Chamber Orchestra” Gənclər Kamera orkestrinin müşayiətilə bəstəkar Evdard Qriqin “Holberq” suitası, Bella Bartokun “Rumın rəqsləri”, Jean Sibeliusun “Vals Triste”, sonra solist xalq artisti, professor Yeganə Axundovanın ifasında Georgi Sviridovun Kamera orkestri üçün musiqi, solist Tamerlan Adıgözəlovun ifasında Vasif Adıgözəlovun Fortepiano və orkestr üçün 1 saylı konsert (II hissə) və Prelüd N.1, solist Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, beynəlxalq müsabiqələr laureatı Xəyal Əliyevin ifasında Astor Piazzolanın “Oblivion” əsərləri səsləndirildi. Konsert tamaşaçıların gurultulu alqışları ilə sona çatdı.
Bütün hüquqlar qorunur © 2024