Təqvim
...qoy məmurlar, oliqarxlar rahat istirahətlərin etsinlər... - Nicat Novruzoğlu deyir..
10 iyul 2019 - 16:54

İstirahətin vaxtıdı. Havalar qızdıqca hər kəs istirahət haqqında düşünür. Öz cibinə uyğun bir istirahət yeri tapmaq, həyatdan 3-5 gün zövq almaq, şəkillər çəkdirib sosial şəbəkələrdə paylaşıb forslanmaq, qonşulara göstərib öyünmək və s.

 

Belə günlərdə imkanlıların, vəzifəlilərin, məmurların, oliqarxların istirahəti harada keçirəcəkləri maraqlı olur. Bu kateqoriyaya mənsub olanların içərisindən zəngimiz çatanı, istirahətlərini harda keçirəcəklərini öyrənə bildiyimiz deputatlar olur. Onları millət seçib deyə millətlə də bölüşüb istirahətləri haqqında məlumat verirlər. Sözsüz ki bu bir qisminə aiddir. Digərləri-nazirlər, komitə sədrləri, icra başçıları və s. barədə isə məlumatımız olmur. Bilmirik ki, məsələn, İnam Kərimov bu yayı harda istirahət edəcək. Məncə elə bir yerdə istirahət edəcək ki, o ölkənin kənd təssərrüfat bizimkindən bərbad gündə olacaq. Və o istirahət edə-edə onlara bizim kənd təssərrüfatında qazandığımız uğurlardan ağız dolusu danışaraq, acıq verə-verə istirahət edəcək.

Və yaxud Oqtay Şirəliyev. O da elə bi yer seçəcək ki, orda təcili tibbi yardıma gələnlərin tibbi xonçasında heç "smes” vurmağa analqin, dimedrol, navakayin də olmayacaq. O da həmin ölkəyə bizim təcili tibbi yardımı çağırtdırıb soxacaq smesi onların şah damarına. Di dincəlin.

Bütün bunları düşünmək olar. Təsəvvür etmək də olar. Təsəvvür edə bilmədiyim isə qaçqınlarımızdı. Qaçqın və məcburi köçkünlərimiz. Mən heç cür təsəvvür edə bilmirəm ki, bunlar harda istirahət edə bilər. Elə o səbəbdən də başladım sorğu-suala.

 

Əsgərlik yoldaşım var. Qubadlıdandı. Vurub tutan oğlandı. Ət işinə baxır. Ət işi ilə məşğul olanlar iki hissəyə bölünür. O mal-qara hissəsinə baxır. Gedib hardan olsa mal-qara alıb gətirib üzərinə "Ağcabədi-Beyləqan heyvanı” yazdırıb yapışdırdığı qəssabxanasında satır. Ətdən pul çıxardır. Özündən mal qaytardığı pul qalıqlarından isə qan iyi gəlir. Əli qanlı olur çün. Amma yaxşı oğlandı, yeyib içəndi. Arada qaytarmağıda var. Kefindən qalan deyil. Dedim zəng vurum ona. Mahirin telefonunun zəngindən anladım ki, artıq o istirahətə start verib. Telefonu götürən kimi "Qaqa, mən Antaliyadayam, telefon çox yazır, nə sözün varsa vatsappla yaz” - deyib "adboy” verdi.

 

Mən yazmağa macal tapmamış o başladı. Şəkillər dalbadal telefonuma axdı. Ən maraqlı şəkil isə çimərlikdə ayağının altında qoyun dərisi olan şəkili idi. Səbəbini belə izah etdi ki, oranın qumuna qarşı ayağında allergiyası var. Soruşdum ki, niyə ölkəmizdə bir yer tapıb istirahət etmədin ki? Suala sual gəldi. Dedi kimdən əskiyəmki? Bir də ki, orda istirahətli yermi qalıb? Qalanlarda da bahaçılıq. Ancaq ora ərəblərin pulu çatar. Bizimki elə qardaşlarımızın yanıdı.

 

Tofiq isə qonşum olub. 10 il olar "navastroykaya” köçüb. Kəlbəcərlidi. Bankda işləyir. Əli pulla oynayır. Özü deyir ki, ən çox zövq aldığım pul iyidi. Əsas da təzə çıxan ikiyüzlük. Elə o səbəbdən də həmişə burnuna yaxın olduğu üçün döş cibində ən azı 10-15 dənə ikiyüzlük olur. Mən zəng vuranda təzyiqi düşmüşdü. Narahat idi. Dedi, qardaş, qaçıram burdan. Demək istəyirdim ki, get Göy-Gölə, Kəlbəcərin də havasını alarsan, sözüm ağzımda qaldı. "Allah verib Maldiv adalarına.

 

Havası hava, suyu təmiz, xanımlardakı istiqanlı. Qoy dəmə.”- deməsi sözümün hərfini sözdən asdı.

 

Rza ağdamlıdı. Desəm ki, tarix müəllimdi inanmayacaqsınız. Ona görə məcburam əlavə edəm ki, həm də maşın alverçisidi. Qeyd edim ki, alverçi olduğuna görə salam verəni çoxdu, nəinki, müəllim olduğuna görə. Baxmayaraq ki, orta məktəbi də, universiteti də fərqlənmə ilə bitirib. İndi savaddan çox fərasət xətir hörmətlidi. Rza da fərasətlidi. Zəngimə mikrafonla cavab verdi. Maşın sürürdü. Beyni, fikri mən də olsa da əlləri rolda idi. Dedim "ay Rza, sən canın bu yayı harda istirahət edəssən?”. Mənim telefonumun səs yazma funksiyası olmadığına görə çox təəssüf olsun ki, onun adlarını çəkdiyi və bəyənmədiyi şəhərlərin adını sizə təqdim edə bilməyəcəm. Almaniyadan maşın gətirərkən hansı şəhərdən keçibsə hamısının adını çəkdi və onlara bir quş qoydu. O quşdan ki, hələ onu kraskalayıb papuqay adı ilə satmayıb. Axırı gedəcəyi yerin adını çəkəndə matım, mutum, dodağım, bəbəyim, burnumun içi, sidik kisəm, alnımın təri qurudu. Barselona necədi sizin üçün?

 

Dedim qaqa, Barselona niyə? Dedi ki, futbola görə ora gedirəm: "Gedim həm istirahət edim, həm də futbollarına baxım. Görüm azarkeşləri komandaların necə dəstəkləyir, necə söyür”. Deyəsən "Qarabağ” qaqamın başını xarab edib.

 

Füzulili Əkbərlə burda tanış olmuşuq. Özünə day, füzulili demir. Deyir 45 yaşım var, onun 26-sını Bakıda yaşamışam. Mən niyə füzulili olumki? Bakı tərəfdən baxanda düz deyir. Əkbər Sədərəkdə işləyir. Kişi geyimləri satır. 52 razmerdən yuxarı şalvar pencək tapa bilməzsən onun dükanında. Deyir ki, kişilər indi dar geyinirlər. Düşüncələrinin gününə salıblar paltarlarınıda. Bir az türk, bir az da üstü türk etketli yerli malla gününü keçirdir. Bir dənə də balaca tikiş sexi var. Ordan tikir ordan da guppuldadır. Əkbər Batumiyə gedəcək. Ailəvi. 2 həftəlik. 6 nəfərlik yer tutb. Fikri tamamilə istirahətdi.

Deyir ki, 1 ildi çörək pulumuza dəymirəm. Yığılıb üst-üstə. İndi də kartdan çıxardıb özümü verəcəm Gürcüstana. Qeyd edim ki, dostum çörək pulu deyərkən dövlətin məcburi köçkünlərə yemək xərci üçün ayırdığı aylıq müavinəti nəzərdə tutur. Sonra da dövləti bəzi ağzıgöyçəklər bəyənmir. Day, nə istəyirsiniz? Çörək puluyla kef edirsiz.

 

Karlovı varini mənə Laçınlı dostum Azad tanıtdı. Mən hardan biləydim ki, dünyada bu adda şəhər var. Nə vaxtsa eşitmişəm ki, orda festival olub.

 

Hər nəysə. Azad deyir ki, oranın yaxşı müalicəvi suları var. Gedirəm özümü müalicə etdirməyə. Necə deyərlər həm ziyarət, həm müalicə. Dedim get. Yolun açıq olsun. Turupkadan eşitdim ki, yanında Məhəbbət Kazımovun "Laçınım” mahnısı səslənir. Dedim ki, inşallah gələn il Laçında istirahət edərsən. Güldü. Gülüş səslənən mahnının səsini batırdı. Hələ də o gülüş qulağımdadır. Azad Laçına güldüyü gülüş.

 

Bax beləcə yazının sonuna gəlib çıxdıq. Yazını yazdım ki, qoy məmurlar, oliqarxlar rahat istirahətlərin etsinlər. Heç özlərinə korluq da verməsinlər. Biz qaçqın və məcburi köçkünlərin dərdini çəkməsinlər. Fikrimizi etməsinlər. Balalrının boğazından kəsib bizə verməsinlər. Qapımızı döyüb bayramlıq gətirməsinlər. Bizi iş-güc yiyəsi etməsinlər. Gecələr rahat yatsınlar. Toylarda bizim sağlığımıza vurmasınlar. Hər şey əladı.

 

 

Nicat Novruzoğlu 
adalet.az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
PREZİDENT
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir 14:45, 29 may 2024
Boks üzrə kadetlər arasında zona birinciliyinin finalına yekun vurulub 16:51, 28 may 2024
Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib 22:58, 27 may 2024
Müstəqillik Günü münasibətilə konsert – Masallıda 20:33, 27 may 2024
Masallının volleybolçu qızları region çempionudur 19:16, 27 may 2024
Güləş üzrə region turnirinə yekun vurulub – Masallıda 19:40, 25 may 2024
4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında 12:45, 25 may 2024
“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir 20:05, 24 may 2024
Professor Musa Quluzadənin yubileyi qeyd olunub 15:18, 24 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə