26 noyabr 2020-ci il, Bakı – Azərbaycanın aşağıbüdcəli aviaşirkəti "Buta Airways" Bakı-İzmir-Bakı marşrutu üzrə xüsusi reyslərin sayını artıracaq. Dekabr ayının 10-dan etibarən bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcəkdir. Xatırladaq ki, ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super". Belə ki, "Standart" tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir. "Super" tarifinə (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın daşınması daxildir. Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir. Təyyarəyə özünüzlə əl yükü qismində yalnız qadın əl çantası, kişi portfeli, portativ kompüter çantası (yalnız təyinatı üzrə istifadə edilməlidir) və uşaq qidası götürə bilərsiniz. "Duty Free" mağazalarından alınan əşyalar daxil olmaqla digər əl yükü növləri qadağandır. Bakı-İzmir-Bakı marşrutu üzrə biletlər "Buta Airways" aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və rəsmi agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur. Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir. Uçuşa yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirusa (COVID-19-a) dair test verən və nəticəsi neqativ olan sərnişinlər buraxılacaqdır. Testin nəticələri tibbi arayış alındıqdan sonra 48 saat ərzində etibarlıdır. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq, sərnişinləri qarşılayan və yola salan vətəndaşlar aerovağzal binasına buraxılmayacaq. Xəbərləri və yenilikləri "Buta Airways"in sosial şəbəkələrdəki rəsmi səhifələrində izləyə bilərsiniz: • facebook.com/ButaAirways “Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətin donanması müasir “Embraer” tipli təyyarələrdən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.
• instagram.com/ButaAirways
• twitter.com/ButaAirways
• vk.com/ButaAirwaysru
• t.me/Buta_Airways
Bütün hüquqlar qorunur © 2024