Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Şəfəq" Ekoturizm İctimai Birliyi tərəfindən icra edilən "Kənd yaşıl turizmin inkişafı istiqamətində təbliğat işlərinin təşkili" layihəsi çərçivəsində 06 iyul 2019-cu il tarixindən başlayan təbliğat xarakterli 2 günlük İNFOTUR yekunlaşdı. İnfoturun birinci günü ölkəmizdə fəaliyyət göstərən KİV, QHT, Turizm şirkətlərinin əməkdaşları və digər sosial-fəal 20 nəfərdən ibarət şəxslər layihə rəhbəri Vamiq Babayev tərəfindən layihə və infotur proqramı haqqında məlumatları aldıqdan sonra Lerik rayonunda Günəşli şəlaləsi, Buzeyir mağarası, Uzunömürlülər muzeyi, Hamarmeşə kənd sakini fərdi sahibkar Fərman Haşımovun arıçılıq təsərrüfatı ilə tanış olub, bal məhsullarının hazırlanması və digər məlumatları təsərrüfat sahibi tərəfindən aldıqdan sonra çay süfrəsi arxasında təbii bal məhsullarının dadına baxıb, alış ediblər. İnfotur iştirakçıları Lerik rayonun Hamarmeşə kəndində yerləşdikləri kənd evlərinin birində - Elşən Məmmədovun təsərrüfatında mal-qara və toyuq-cücə yemləmək, tərəvəz məhsullarının yığımı, əkinin alaq edilməsi, ağacları suvarmaq, təbii kənd məhsullarından yemək bişirmək, kabab çəkmək, at gəzintisi kimi müxtəlif kənd turizmi fəaliyyətlərinə cəlb edilib. İnfoturun 2-ci günü isə iştirakçılar Lənkəran rayonun Haftoni qəsəbəsindəki çay plantasiyalarına səfər edib, çayın becərilmə və istehsal üsulları ilə tanış olub, yerli istehsal olunan çay məhsullarından alış ediblər. Sonra Haftoni qəsəbəsindəki istisu termal bulaqlarına səfər təşkil edilib, qəsəbədə yeni tikilmiş pansionatla tanış olublar. Pansionatın yerli kənd sakinlərinin kənd turizmi fəaliyyətlərinə müsbət təsiri barədə məlumatlar layihə heyyəti tərəfindən iştirakçılara çatdırılıb. Yekunda infotur iştirakçıları Lənkəran rayonunda yerləşən Xanbulan gölünə səfər edərək, ordakı şərait və imkanlarla tanış olublar. 2 günlük infotur müddətində iştirakçılar Lerik rayonun Hamarmeşə kəndi və Lənkəran rayonun Haftoni qəsəbəsində kənd turizmi fəaliyyəti ilə məşğul olan ailə kəndli təsərrüfatlarının nümayəndələri və həmin kəndlərin bələdiyyə və ərazi icra nümayəndələrinin də təmsil olunduğu görüşdə iştirak ediblər. Görüşün təşkili yerli əhali ilə infotur iştirakçıları arasında kənd yaşıl turizmi inkişafı istiqamətində əməkdaşlıq əlaqələrinin qurulması, onların bu fəaliyyət çərçivəsində rastlaşdıqları problemlər, təbliğat işinin artırılması və bununla da onların kənd turizmi fəaliyyətlərinin stimullaşdırılmasına xidmət edir. Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd regionlarda müvafiq olaraq istehsal və xidmət sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirmək, ailə kəndli təsərrüfatlarının fəaliyyətini stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və kənd yaşıl turizmi potensialının istehlakçılara çatdırılmasını təşviq etməkdir.
Bütün hüquqlar qorunur © 2024