Təqvim
Gömrük işi sahəsində Azərbaycan-Türkiyə birgə təliminin iştirakçıları Naxçıvanın bir sıra tarixi-mədəni abidələrində və muzeylərində olublar (+FOTOLAR)
01 iyul 2019 - 23:42

Canveten.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Dövlət İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycan və Türkiyə gömrük xidməti əməkdaşlarının birgə təlimində iştirak etmək üçün muxtar respublikamıza gələn qonaqlar Naxçıvanın bir sıra tarixi-mədəni abidələrində və muzeylərində olublar. Əvvəlcə Heydər Əliyev Muzeyini ziyarət edən qonaqlarburada ümummilli liderimizin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar. Məlumat verilib ki, muzeydə 4 min 500-dən çox eksponat var. Dahi rəhbərin mənalı ömür yolunu, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar qonaqlarda xoş təəssürat oyadıb.

Naxçıvan Dövlət Xalça Muzeyinə gələn qonaqlara məlumat verilib ki, son illər muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, bu mədəni irsimizin qorunması və təbliği işinə diqqət artırılır. Hazırda muzeydə 3 mindən çox eksponat var. Naxçıvan Dövlət Xalça Muzeyinin daimi ekspozisiyasında xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, mis və saxsı qablar nümayiş etdirilir.

Qonaqlar “Xan Sarayı” Dövlət Tarix-­Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində də olublar. Xan sarayında bildirilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var.

Möminə xatın türbəsi və açıq səma altında nümayiş etdirilən daş abidələr qonaqlarda böyük maraq oyadıb. Məlumat verilib ki 1186-cı ildə memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilən Mömünə xatın türbəsi sərdabə və yerüstü hissələrdən ibarətdir.Şərq memarlığı incilərindən olan bu türbə dünyada ana və qadınşərəfinə ucaldılmış ən möhtəşəm abidələrdəndir. 

Açıq səma altında nümayiş etdirilən və müxtəlif dövrlərə aid olan 450 maddi-mədəniyyət nümunəsi – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, daş fiqurlar, qəbirüstü sənduqələr qonaqlarda böyük maraq oyadıb.

Təkcə Naxçıvanın deyil, ümumilikdə, Cənubi Qafqazın və Yaxın Şərqin ən qədim qalalarından biri olan Naxçıvanqala da qonaqların diqqətini cəlb edib.

Təlim iştirakçıları Nuh Peyğəmbərin məzarüstü türbəsini də ziyarət ediblər. Burada qeyd olunub ki, qədim yunan alimi Klavdi Ptolomey bizim eranın II əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni, XI əsrin ­görkəmli ərəb alimi, coğrafiyaşünas əl-Şərifi isə nəinki Nuh Peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə ətraflı məlumat verib. Tarixdən silinmək üzrə olan türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2006-cı ildə imzaladığı Sərəncama əsasən mükəmməl şəkildə bərpa edilib.

Naxçıvan Biznes Mərkəzində qonaqlara muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, mərkəzdə muxtar respublikanın istehsal və xidmət müəssisələri tərəfindən istehsal edilən məhsullar nümayiş olunur. Bu gün muxtar respublikada 382 növdə məhsul istehsal edilir. 108 növdə ərzaq, 242 növdə qeyri-ərzaq olmaqla, 350 növdə məhsulaolan tələbat tamamilə daxili imkanlar hesabına ödənilir.

Daha sonra qonaqlar “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət ediblər. Qeyd olunub ki, ziyarətgahın adı ərəb dilindən tərcümədə “mağara sahibləri” mənasını verir. Müqəddəs Qurani-Kərimdə “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində mağaraya sığınan 7 gəncin 300 ildən artıq yatmaqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Müqəddəs kitabda mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapıb. Adıçəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta dünyanın digər ölkələrində olduğu güman edilib. Ancaq son dövrlərdə aparılan araşdırmalar da sübut edir ki, həmin müqəddəs məkan məhz Naxçıvandadır.

Naxçıvan şəhərinin ən yüksək məkanında yerləşən Dövlət Bayrağı Meydanı və Muzeyi ilə tanışlıq da qonaqlarda xoş təəsürat oyadıb. Məlumat verilib ki, dövlətçiliyimizin simvollarını özündə əks etdirən bu məkanda inşa olunmuş bayraq dirəyinin hündürlüyü 57 metrdir. Muzeydə tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinəverilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanları nümayiş etdirilir.

Son olaraq qonaqlar Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Məlumat verilib ki, 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan mərkəzdə bronxial-astma və ağciyər bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunur. 350 yerlik xəstəxanada havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkə­lərindən müraciətlər olur.

Naxçıvanın bir sıra tarixi-mədəni abidələri və muzeyləri ilə tanışlıq Amerika Birləşmiş Ştatlarının Dövlət İxrac Nəzarəti və Əlqədar Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycan və Türkiyə gömrük xidməti əməkdaşlarının birgə təlimində iştirak etmək üçün muxtar respublikamıza gələn qonaqlarda xoş təəsüratlar oyadıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                                         

 

Sosial şəbəkələrdə paylaş:

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə