Təqvim
Prezident İlham Əliyev Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edib
02 may 2019 - 14:09

Mayın 2-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edirlər.

2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bilib. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib. Nəticədə tədbirə qoşulan qurumların sayı xeyli artıb. Budəfəki Foruma Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Böyük Britaniya kimi dövlətlərin təmsilçiləri qatılıblar. Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insanlar arasında həmrəylik yaratmaqda və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun mühüm rolu öyrənilir. Forum üç istiqamətdə davam edəcək.

Dövlətimizin başçısı V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitq söylədi.

 

Azərbaycan Prezidenti İlham ƏIiyevin nitqi

 

-Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Əvvəlcə Forumun bütün iştirakçılarını salamlayır, bu gün bizimlə birlikdə olduqlarına görə qonaqlarımıza təşəkkürümü bildirirəm. Burada 100-dən artıq ölkədən 500-dən çox qonağımız var. Bu, onu göstərir ki, bu Forum nisbətən qısa zaman ərzində cari gündəlikdə duran mövzulardan biri olan mədəniyyətlərarası dialoqun müzakirəsi baxımından qlobal platformaya çevrilib.

Xatirimdədir, 8 il əvvəl ilk forum təşkil ediləndə biz onun bu qədər geniş beynəlxalq dəstək qazanacağını təsəvvür edə bilməzdik. 2011-ci ildə bizim mədəniyyətlərarası dialoqa həsr edilmiş dünya forumunun təşkil edilməsi təşəbbüsümüz tariximiz, coğrafiyamız və düşüncəmizdən qaynaqlanırdı ki, dünyanı təhlükəsiz etmək üçün biz sivilizasiyalar, mədəniyyətlər və müxtəlif etnik qrup və dinlərin nümayəndələri arasında dialoqun təşviqi sahəsində çox fəal olmalıyıq.

Foruma göstərilən geniş beynəlxalq dəstək bizi ruhlandırır. Bu gün Forumun həmtəşkilatçıları arasında dünyanın aparıcı beynəlxalq təşkilatları var və bizim birgə səylərimiz mədəniyyətlərarası dialoqun təşviqi işinə töhfə verir.

Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur.

Tarix və coğrafiyamız nümayiş etdirir ki, biz yalnız tərəfdaşlıq və qarşılıqlı hörmət ruhunda uğura nail ola bilərik. Azərbaycanın bugünkü sürətli inkişafı da məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Biz tariximiz, tarixi abidələrimizlə fəxr edirik. Onlar da əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb-yaratdıqlarını göstərir. Biz qədim tariximizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri qədim Şamaxı şəhərində yerləşir. Qafqazın ən qədim kilsələrindən biri olan Qafqaz Albaniyasına məxsus kilsə bizim qədim Şəki şəhərindədir.

Bizim tariximiz mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir.

Multikulturalizm bizim üçün həyat tərzidir. Bu söz nisbətən yeni olsa da, biz həmin ab-havada əsrlər boyu yaşamışıq. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan olunması onu sübut edir ki, biz dünyanın diqqətini bu mühüm ideyaya cəlb etmək istəyirik. 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib. Bu da bizim tarixi irsimizi, kökümüzü və dünyaya açıq olduğumuzu nümayiş etdirən, rəmzi məna daşıyan addım idi. Hesab edirəm ki, bu meyillər dünyada üstünlük təşkil etsə, dünyada təhlükəsizlik, proqnozlaşdırıla bilmə və sülh bərqərar olar.

Bizim üçün multikulturalizm həm də siyasətimizin mühüm elementlərindəndir. Azərbaycanda multikulturalizm üzrə beynəlxalq mərkəz yaradılıb. Biz bu dəyərləri təşviq edir və multikulturalizmin böyük gələcəyinin olduğunu nümayiş etdiririk. Bilirik ki, bu mövzu ilə bağlı müxtəlif fikirlər var. Ancaq hesab edirəm ki, bizim forum və bu mövzuda Azərbaycanda və dünyanın digər yerlərində təşkil olunan çoxsaylı beynəlxalq tədbirlər multikulturalizm dəyərlərinin təşviqi ilə bağlı səylər göstərdiyimizi aydın nümayiş etdirir.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal miqyasda və əlbəttə, bizim ölkəmiz üçün mühüm beynəlxalq tədbirlərdən biridir. Son illər ərzində Azərbaycan çoxsaylı beynəlxalq təbirlərə ev sahibliyi edib. Dünya Dini Liderlərinin Forumunu, ənənəvi Bakı Humanitar Forumunu, yeddi dəfə Bakı Qlobal Forumunu təşkil etmişik. Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilən həmin forum da siyasi inkişaf və mədəniyyət dialoqu mövzularının müzakirəsi üçün çox vacib platformadır. Digər tədbirlər də təşkil edilir və bununla da biz dünya ictimaiyyətinin diqqətini bu mühüm məsələlərə yönəltməyə çalışırıq.

Əminəm ki, bu gün və sabah Forum çərçivəsində aparılan müzakirələr problemləri aşkar edərək çıxışçılara fikirlərini bildirmək imkanı verməklə yanaşı, tərəfdaşlıq, həmrəylik və əməkdaşlığı gücləndirəcək, nəticədə mədəniyyətlər arasında körpü yaradacaq.

Ötən il biz “Bakı Prosesi”nin 10 illiyini qeyd etdik. Bu da bizim fəxr etdiyimiz bir təşəbbüsdür. Yadımdadır, 2008-ci ildə bu təşəbbüs irəli sürülən kimi, o, dərhal beynəlxalq diqqəti özünə cəlb etdi. İlk dəfə məhz Azərbaycan Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərini bir araya gətirdi. 100-dən artıq dövlətin nümayəndəsi Bakıda toplaşdı və əməkdaşlıq perspektivlərini müzakirə etdi. Biz eyni tərkibdə nazirlərin iştirakı ilə daha bir tədbiri 2009-cu ildə təşkil etdik. Bu təşəbbüs “Bakı Prosesi” adlandırıldı və bu gün həmin proses Avropa ilə müsəlman dünyası arasında dialoq üçün mühüm vasitədir.

Həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa təsisatlarına eyni zamanda üzv olan nadir ölkələrdən biri olan Azərbaycan təmasların qurulması və dialoq üçün imkanların yaradılmasında özünün təbii və əminəm ki, müsbət rolunu oynayır. Bizim dialoqa ehtiyacımız var. Mədəniyyət və dinlərarası münasibətlər, siyasi gündəlik, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələlərində dialoq zəruridir. Forumun adı belə dialoq adlanır. Yəni, biz məhz bunu dünyaya təqdim edirik və bu təşəbbüs geniş beynəlxalq dəstəyə malikdir.

Bu gün “Bakı Prosesi” BMT və digər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Əminəm ki, “Bakı Prosesi”nin böyük gələcəyi var.

Bu qəbildən olan forumlar mədəniyyətlərarası dialoq mövzusuna diqqəti cəlb edir, yeni ideyalar və yanaşmalar ortaya qoyulur. Müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda mühüm qərar qəbul edənlər üçün bu, düzgün qərarların verilməsi məqsədilə yaxşı və müsbət platformadır. Bu baxımdan Azərbaycan həm daxildə, həm də xaricdə qarşılıqlı anlaşma və əməkdaşlığa söykənən siyasət yürüdür. Biz körpülər qururuq. Biz Avropa ilə Asiya arasında yerləşirik. Əlbəttə, bizim coğrafiyamız tariximizə təsir edib və bugünkü inkişafımıza da təsir etməkdədir.

Bu gün nisbətən gənc müstəqil dövlət olan Azərbaycan Avropa ilə Asiya arasında körpülərin yaradılmasında mühüm rol oynayır. Siyasi, iqtisadi, mədəni körpülər, eyni zamanda, praktiki baxımdan da nəqliyyat bağlılığı yaradan körpülər.

Ötən il biz müstəqilliyimizin 27-ci ildönümünü qeyd etdik. Bu müddət ərzində Azərbaycan müasir infrastruktura və gələcəklə bağlı aydın baxışa malik, inkişaf edən ölkəyə çevrilib. Uzun illər üzləşdiyimiz əsas problemlərdən biri Ermənistanın ölkəmizin ərazisini işğal etməsidir. İyirmi beş ildən artıqdır ki, Ermənistan bizim tarixi torpağımız olan Dağlıq Qarabağı və Azərbaycanın digər 7 rayonunu işğal etməkdə davam edir. Bu, beynəlxalq hüququn kobud pozulmasıdır. Bizim xalqa qarşı etnik təmizlənmə aparılıb, Ermənistanın təcavüzü və işğalı nəticəsində bir milyondan artıq insan evlərindən didərgin salınıb. ATƏT işğal edilmiş ərazilərə 2 dəfə faktaraşdırıcı missiya göndərib və həmin hesabatlar tarixi irsimizin və dini abidələrimizin dağıdıldığını aydın şəkildə göstərir.

BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr kağız üzərində qalıb. Bu, onun göstəricisidir ki, bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri uzun illər ərzində icra edilmir. Onların yerinə yetirilmə mexanizmi ya mövcud deyil, ya da tətbiq edilmir. Bunun nəticəsində isə Azərbaycanın torpaqları işğal altında qalmaqdadır.

İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə və qərarlar qəbul ediblər. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və münaqişə beynəlxalq hüququn normaları, BMT Nizamnaməsi, Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktına əsasən həll edilməlidir.

Bu böyük problem və humanitar fəlakətə baxmayaraq, Azərbaycan müasir ölkəyə çevrilə bilib. Bizim fəal xarici siyasətimiz var. İqtisadi siyasətimiz ölkə əhalisinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradıb. Xarici siyasət sahəsində Azərbaycan etibarlı tərəfdaşdır. Biz İslam Əməkdaşlığı Təşkilatının fəal üzvüyük. Bizim Avropa İttifaqı ilə yaxın münasibətlərimiz var. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər qəbul edilib. Qeyd etdiyim kimi, “Bakı Prosesi” Avropa ilə müsəlman dünyası arasında körpülərin qurulması baxımından bizim töhfəmizdir.

Yəni, bizim xarici siyasət gündəliyimiz əməkdaşlığın, tərəfdaşlığın gücləndirilməsi və qarşılıqlı fayda üzərində qurulub. Bizim xarici siyasətimiz bizə əhəmiyyətli beynəlxalq nəqliyyat layihələrini reallaşdırmağa imkan yaradır. Müxtəlif ölkələrlə və tərəfdaşlarla yaxşı əməkdaşlıq olmadan bu layihələrin icrası mümkünsüz olardı. Son illər ərzində bizim iqtisadi inkişafımız enerji layihələrimizə söykənib. Qonşularımız və tərəfdaşlarımızla birlikdə biz şaxələndirilmiş neft-qaz kəmərləri vasitəsilə Xəzər dənizini Qara dənizlə və Xəzəri Aralıq dənizi ilə birləşdirə bildik. Bu isə bizim, qonşularımızın və dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi deməkdir. Bu gün biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üzərində fəal çalışırıq. Bu, artıq yeni miqyasda həyata keçirilən layihədir. O, 7 ölkəni birləşdirir və həmin ölkələrə layihədən faydalanmağa imkan yaradır.

Son 15 ildə bizim iqtisadiyyatımız ən sürətlə inkişaf edən iqtisadiyyatlar sırasında olub. Biz mühüm islahatlar həyata keçirmişik ki, bu da bizə ölkədə biznes mühitinin yaxşılaşdırılması və sərmayə cəlb etmək imkanı yaradıb. Dünya Bankının sonuncu “Doing Business” hesabatına görə, Azərbaycan dünyada 25-ci yerdə qərarlaşıb. Ölkədə xarici sərmayələr üçün münbit biznes mühiti mövcuddur.

Biz xarici borcumuzun azaldılması strategiyası üzərində çalışırıq. O, onsuz da aşağı səviyyədədir – ümumi daxili məhsulumuzun 19 faizi səviyyəsində. Eyni zamanda, biz iqtisadiyyatımızın şaxələndirilməsi, yoxsulluq və işsizliyin tamamilə aradan qaldırılması üzərində çalışırıq. Bu, gündəliyimizdə duran başlıca məsələlərdəndir. Çünki bizim iqtisadi inkişafımız insanlarımızın yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə nəticələnir. On beş il öncə əhalinin 50 faizi yoxsulluq səviyyəsində yaşayırdı. Bu gün bu göstərici 5-6 faiz səviyyəsindədir.

Yoxsulluq, işsizlik, sosial bərabərsizlik və savadsızlıq radikalizmin və ekstremizmin mənbələrindəndir. Azərbaycan beynəlxalq terrorizm, radikalizm və ekstremizmlə mübarizədə çox fəal tərəfdaşdır. Bununla yanaşı, biz dünyada İslam sivilizasiyasının dəyərlərini təbliğ edirik. Biz dünyanın müxtəlif yerlərində öz mədəniyyətimizi və digər tərəfdaş müsəlman dövlətlərinin mədəniyyətini əks etdirən çoxsaylı sərgi və təqdimatlar keçiririk.

Bağlılıq haqqında danışarkən istərdim Azərbaycanın iştirak etdiyi nəqliyyat layihələrini xüsusi qeyd edim. Biz bu layihələrə yalnız nəqliyyat bağlılığı kimi baxmırıq. Əslində, bu layihələr regionda ab-havanı dəyişir. Onlar geniş beynəlxalq əməkdaşlıq formatını yaradır. Azərbaycan qədim İpək Yolu üzərində yerləşir. Son illər yaratdığımız müasir nəqliyyat infrastrukturu artıq Azərbaycanı vacib tranzit ölkəyə çevirib. Yaxın qonşularımız və digər tərəfdaşlarımızla sıx əməkdaşlıq olmasa idi, biz tranzit ölkəyə çevrilə bilməzdik. Bunun üçün qonşular və tərəfdaşlar tələb olunur.

Nəqliyyat sahəsinə qoyulan sərmayələr avtomatik olaraq regionda daha da proqnozlaşdırıla bilən vəziyyət yaradır ki, burada ölkələr birgə faydalanır. Bizim siyasətimiz əməkdaşlıq, qarşılıqlı anlaşma və qarşılıqlı fayda vasitəsilə məqsədlərimizə nail olmaq və ölkəni gücləndirməkdən ibarətdir.

Enerji təhlükəsizliyi ilə bağlı siyasətimizdə də biz hər zaman istehsalçı, tranzit dövlətlər və istehlakçılar arasında lazımi balansı tapmağa çalışırıq. Burada hər bir tərəf fayda görməsə, uğurdan söhbət gedə bilməz. Biz hər zaman tərəfdaşlarımızın ehtiyacı olduğu vaxt onlara dəstək verməyə hazır olmalıyıq. Eyni zamanda, lazım gəldikdə onlardan da eyni dəstəyi gözləyirik.

Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Xəritəyə baxsanız Şərqdən-Qərbə, Şimaldan-Cənuba gedən nəqliyyat marşrutlarının ölkəmizin ərazisindən keçdiyini görərsiniz. Buna nail olmaq üçün isə gərgin işləməli olduq. Burada coğrafiya kifayət deyil, bu, yalnız ilkin şərt, zəruri element sayıla bilər. Biz nəqliyyat infrastrukturuna - dəniz limanları, dəmir yolları, hava limanları və magistral yollara böyük sərmayə yatırdıq. Beləliklə, bu gün coğrafi və nəqliyyat mərkəzi olmaq baxımından Azərbaycan tərəfdaşlarına çoxlu imkanlar təklif edir.

Əziz dostlar, Azərbaycanda keçirilən bugünkü Forum əlamətdar hadisədir. Bir daha bu Forumda iştirak edən bütün tərəfdaşlar, tərəfdaş təşkilatlar, ziyalılar, alimlər, siyasətçilər, ictimai xadimlər, QHT və media nümayəndələrinə minnətdarlığımı bildirirəm. Əminəm ki, müzakirələr səmərəli olacaq və bunun nəticəsində müvafiq tövsiyələr veriləcək və ölkələrin gələcəyi və regional inkişafla bağlı qərar qəbul edən şəxslər bizim tövsiyələrimizi nəzərə alacaq, beləliklə, dünya daha sabit və təhlükəsiz olacaq.

Çox sağ olun.

X X X

Sonra qədim sivilizasiyalara və müasir Azərbaycandakı tolerantlıq mühitinə həsr edilmiş videoçarx nümayiş olundu.

X X X

Tədbirin moderatoru Forumun yüksək səviyyədə təşkilinə və dərin məzmunlu çıxışına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Qeyd etdi ki, “Bakı Prosesi” sülhsevər qüvvələri gücləndirməklə münaqişələri aradan qaldırmağa kömək edən prosesdir.

X X X

Forumda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel MORATİNOS dedi:

-Zati–aliləri Azərbaycan Respublikasının Prezidenti.

Hörmətli qonaqlar, xanımlar və cənablar, hörmətli dostlar.

Mənim üçün bu cür möhtəşəm Bakı şəhərində olmaq çox fərəhləndirici faktdır. Bu, mənim üçün həm hisslər, həm məsuliyyət ehtiva edən bir faktdır. Hisslər və emosiyalar ona görədir ki, möhtərəm cənab Prezident, mən birinci dəfədir Azərbaycana, Bakıya təşrif buyururam. Buraya BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi kimi gəlmişəm. Məsuliyyət ondan ibarətdir ki, Sivilizasiyalar Alyansı “Bakı Prosesi”nin tərəfdaşıdır. Məhz bu səbəbdən çıxışım, fikirlərim mənim üçün böyük məna kəsb edir. Zənnimcə, V Forumun başlığı açıq-aydın ismarıcı ehtiva edir. Buraya üç açar söz daxildir: dialoq, dialoqun qurulması və fəaliyyət naminə. Mən istərdim üçüncü konsepsiyanı incələyim. Dialoq, fəaliyyət və bunun nəticəsində yaranan alyans və yaxud ittifaq. Mən hesab edirəm ki, bu Forum vaxtında təşkil olunub.

Forumda müzakirə olunan əsas mövzulardan biri - dünyada baş verən münaqişələr haqqında danışan BMT-nin Ali nümayəndəsi bu problemin kökündə dinin və imanın deyil, dinlə manipulyasiya edərək insanları bir-birinə qarşı qoyan qüvvələrin dayandığını əsaslandırdı. İnsanları bu tendensiyanın yaratdığı zorakı ekstremizmdən və terrorizmdən qorumaq üçün icmaların, beynəlxalq təşkilatların, bütün sülhsevər qüvvələrin birliyinə ciddi ehtiyac olduğunu bildirən Migel Anxel Moratinos bununla bağlı BMT-nin hazırladığı sülh konsepsiyası barədə məlumat verdi və “Bakı Prosesi”nin bu konsepsiyaya mühüm töhfələr verəcəyinə əminliyini ifadə edərək dedi:

-Xanımlar və cənablar, zənnimcə, mədəniyyətlərarası dialoqa həsr olunmuş bu forum dünyaya çox açıq-aydın mesaj göndərən bir platformadır. Bu, sülh mesajıdır.

Möhtərəm cənab Prezident Əliyev, mən qeyd etməliyəm ki, “Bakı Prosesi”, mədəniyyətlərarası dialoqu təşviq edən və sülhü bərqərar edən əsas elementlərə çevrilir. Görürəm ki, bizim işimizdə sinerji və tamamlıq, həmahənglik var. Biz illər ərzində çalışaraq bir-birimizi dəstəkləyirik, bir-birimizin işinə töhfə veririk, tərəfdaşlığımızı gücləndiririk. Əslində, Bakı BMT-nin Sivilizasiyalar Alyansının regional habına çevrilə bilər. Bir daha qeyd etməliyəm ki, müasir, mürəkkəb dünyada biz yeni yanaşmalara möhtacıq. Yeni alyanslar formalaşdırmalıyıq. Biz yeni alyanslar quraraq bu gün işləməliyik.

Yekunda, möhtərəm cənab Prezident, icazənizlə vurğulamaq istəyirəm ki, sülh üçün biz müntəzəm səylər göstərməliyik və birlikdə çalışaraq səlahiyyətlərimiz və məsuliyyətimiz çərçivəmizdə nəyəsə nail ola bilərik. İspan dilində çox möhtəşəm bir söz var: “Kombiventiya”. Yəni, vahid bir sözdür. Birgə yaşamaq. İngilis dilində “Live in together”, İspan dilində “Kombiventiya”. “Kombiventiya” “Bakı Prosesi”nin ruhuna aid olmalıdır. Çox sağ olun.

X X X

UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-NAŞİF dedi:

-Cənab Prezident Əliyev, müxtəlif beynəlxalq təşkilatlardan olan qonaqlar, xanımlar və cənablar.

Burada yenidən Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdən məmnunluğumu ifadə edirəm. UNESCO bu tədbirə yarandığı ilk günlərdən etibarən xüsusi əhəmiyyət verib və cənab Prezidentin burada iştirakı, eləcə də Azərbaycan hökuməti mədəniyyətlərarası dialoqun və qarşılıqlı anlaşmanın təbliği və təşviqində Bakı Forumu şəklində təsbit edilən bir proqramın həyata keçirilməsində xüsusi rol oynayır. Bu beynəlxalq mədəniyyətlərarası dialoq proqramında çox uzunmüddətli bir hədəf mövcuddur. Biz bu məsafəni birlikdə qət etmişik. Forumun əsasında duran bu konsepsiya bizim hamılıqla və “daha az daha çox olacaqdır” prinsipi ilə çalışaraq daha dolğun bir strukturun yaradılmasına, müxtəlif debat və müzakirələrlə konkret əməli tədbirlər görməyimizə kömək edəcək. Bizim bu V Forumun keçirilməsindən əsas məqsədimiz də baxışlarımızın yenilənmiş innovasiya və ruhun fonunda məhz bu tədbirlərin təsirini və davamlılığını təmin edə bilməkdir. UNESCO da Azərbaycan Respublikasının Hökuməti ilə bu prosesdə yaxından əməkdaşlıq edir.

Nada Al-Naşif zorakılıq, etinasızlıq, münaqişələr, cəmiyyətlərdəki qütbləşmə, məcburi köçkünlərlə bağlı problemlər və bu qəbildən digər müasir çağırışların qarşısının alınması üçün səyləri birləşdirməyin zəruriliyini vurğulayaraq dedi:

-Bizim əsas məqsədimiz müsbət dəyişiklikləri insan hüquqları və qarşılıqlı hörmət əsasında təbliğ etmək, müsbət istiqamətdə daha ədalətli, inklüziv və dayanıqlı bir cəmiyyət formalaşdırmağa çalışmaqdır. Bu, davamlı inkişaf hədəflərinin də ümdə prinsipləridir ki, bu da heç kəsi arxada qoymamaq prinsipi ilə həmahəngdir. Bütün bunların hamısı müxtəlifliyin hər zaman güc və qüdrət mənbəyi olduğunu nümayiş etdirmək və bunlardan cəmiyyətlərdə hamının bəhrələnməsinə imkan yaratmaqdır. UNESCO-nun da əsas məqsədi qadınların və kişilərin təfəkkürünə sülh prinsiplərini aşılamaqdır. Bir sıra beynəlxalq təşkilatların məqsədi də cəmiyyəti bu hədəflərə doğru irəli aparmaqdır. BMT də 2013-cü ildən bəri icra olunan beynəlxalq onillik proqramında mədəniyyətlərin dialoqunu təşviq edir. Bizim bu 10 illik proqramımız 2022-ci ildə başa çatacaq. Biz artıq nailiyyətlərimizi nəzərdən keçirərək 2022-ci ildən sonra nələr etmək barədə düşünəcəyik. Bu fürsət bizə yeni təşəbbüslərlə çıxış etməyə, illər boyunca topladığımız təcrübəmizi, “Bakı Prosesi”ni bütün maraqlı tərəflərlə birlikdə daha da irəli aparmağa kömək edəcək.

Nada Al-Naşif mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün UNESCO çərçivəsində təhsil məsələlərinə xüsusi diqqət yetirildiyini, bu istiqamətdə bir sıra praktiki addımların atıldığını vurğulayaraq dedi:

-Bakı Forumunun da əsas prinsipi olan daha səmərəli və daha mütərəqqi dialoq qurmaq üçün biz gücümüzü, qüvvələrimizi birləşdirərək səfərbər etməliyik.

Xanımlar və cənablar, biz Bakıya toplaşmaqla məhz əməli tədbirlərin, dinamik inkişafın, sosial-iqtisadi, siyasi mühitin güclənməsinin vacib olduğunu bir daha yəqin etdik. Bu gün konkret tədbirlər görməyimiz, addımlar atmağımız, çeviklik, cəsarət və şücaət göstərməyimiz həmişəkindən daha artıq dərəcədə vacibdir. Beləliklə, daha faydalı, daha mənalı bir dialoq bizim müxtəlifliklərimizi daha yaxşı anlamağa kömək edəcək. Əminəm ki, biz ümumi dəyərlərimiz naminə əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik. Təşəkkür edirəm.

X X X

Bakı Forumunun mühüm əhəmiyyətini xüsusi vurğulayan İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-OSAYMİN dedi:

- Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.

Xanımlar və cənablar.

Allahdan sizə sülh diləyirəm.

Mən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün gözəl Bakı şəhərində yenidən olmaqdan məmnunam. Əvvəlcə, icazə verin, məni dəvət etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə və onun hökumətinə təşəkkürümü bildirim.

Əlbəttə ki, bu tədbir Qərb və İslam dünyası arasında mədəniyyətlərarası dialoqun aparılmasına verilən bir töhfədir və onun gücləndirilməsinə yönələn bir addımdır. Təbii ki, bu il keçirilən Forum məhz bizim ümumi əməyimizə əsaslanır, xüsusən də münaqişələrə və radikal ünsürlərə qarşı mübarizənin aparılmasında ümumi cəbhədən çıxış etməyi bizdən tələb edir. Təbii ki, biz bununla mədəniyyətlərarası dialoqun bütün sahələrdə gücləndirilməsi zərurətini müşahidə edirik. İstərdik ki, biz ümumi məxrəcdən çıxış edərək ayrı-seçkiliyin, ksenofobiyanın və ekstremizmin bütün formalarına qarşı birgə mübarizə aparaq. Əlbəttə, hesab edirik ki, bu məqsədə nail olmaq üçün bu və ya digər ölkələr tərəfindən xüsusi səylər tələb olunur. Bu, bizim hamımızın - sivilizasiyaların, cəmiyyətlərin üzərinə böyük öhdəlik qoyur. Buna görə ayrı-seçkiliyə və münaqişələrin aradan qaldırılmasına gəldikdə, hesab edirik ki, vəziyyət yaxşılaşmaqdansa daha da pisləşir, gərginləşir. Görürük ki, bu gün müxtəlif qütblər arasında qarşıdurmalar baş verir.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi üçün bütün ölkələrin səyləri birləşdirmələrinin vacibliyini diqqətə çatdıraraq bildirdi:

- İslam Əməkdaşlıq Təşkilatı kifayət qədər uzun müddətdə bu istiqamətdə işləyib, fəaliyyət göstərib və digər təşkilatları da bu addımları atmağa, mədəniyyətlərarası dialoqu gücləndirməyə səsləyib. Müxtəlif regionlarla birbaşa əlaqələr quraraq İslam Əməkdaşlıq Təşkilatı bunu aydın şəkildə bəyan edib ki, əməkdaşlığın qarşılıqlı şəkildə aparılması, siyasi və mədəni sahələrdə işbirliyi çox vacibdir. Bu, əslində mədəniyyətlərarası və sivilizasiyalararası anlaşmaya aparan bir yoldur.

Yusif bin Əhməd Əl Osaymin dünyada mədəniyyətlərarası dialoq şəraitində birgəyaşayışın təmin olunması üçün müvafiq mühitin yaradılmasının zəruriliyinə toxunaraq dedi:

- Xanımlar və cənablar, Zati-aliləri, biz münaqişələrin və qarşıdurmaların, həmçinin bərabərsizliyin aradan qaldırılmasına bu yolla nail ola bilərik. Buna görə bu gün müxtəlif cəmiyyətlərdə onu görürük ki, həmin bərabərsizliklə üzləşən təbəqələr küçələrə çıxır, etirazını bildirir. Təbii ki, göstərilən bu səylərdə hökumətlər daha fəal olmalıdır. Bizim təşkilatımız bir daha bəyan edir ki, qərarları qəbul edən qurumlar, tərəflər arasında daha çox əməkdaşlıq olmalıdır. Əgər söhbət müasir cəmiyyətdən gedirsə, təbii ki, bu dəyərlərdən çıxış edərək insanlar bir-biri ilə yan-yana yaşamağa, dinc şəkildə fəaliyyət göstərməyə vərdiş etməlidirlər.

Buna görə biz bütün tərəflər arasında dialoqun tərəfdaşıyıq. İstərdik ki, bundan sonra da bizə yaxın olan tərəfdaşlarımızla, bu kimi tədbirlərdə iştirak edən tərəflərlə hamımız səylərimizi birləşdirərək qarşımızda olan çağırışları anlayaq, onları nəzərdən keçirək və beləliklə, münaqişələrin həllinə və yaxud da qarşıdurmaların yaranmasının qarşısının alınmasına töhfə verək.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi rəhbərlik etdiyi qurumun müxtəlif müsəlman ölkələrində mədəniyyətlərarası dialoqla bağlı həyata keçirdiyi tədbirləri diqqətə çatdıraraq bildirdi:

- Yekun olaraq bildirmək istəyirəm ki, İslam Əməkdaşlıq Təşkilatı bütün regionlara dialoqun gücləndirilməsi öhdəliyinə sadiqdir və dünyada baş verən hadisələrdən irəli gələrək biz öz proqramlarımıza müvafiq düzəlişləri etməyə hazırıq. Mən hamınıza təşəkkürümü bildirirəm və V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun işinə uğurlar arzulayıram. Çox sağ olun.

X X X

Avropa Şurasının Baş katibinin müavini Qabriella BATTAİNİ-DRAQONİ dedi :

-Zati-aliləri möhtərəm cənab Prezident İlham Əliyev.

Birinci vitse-prezident xanım Əliyeva.

Hörmətli məruzəçilər, xanımlar və cənablar.

İlk növbədə, mən qeyd etməliyəm ki, Azərbaycana gəlməkdən böyük şərəf hissi keçirirəm. Azərbaycan bizim zəruri üzv ölkəmizdir. Bizim gənc, dinamik, demokratik dövlətdir. Avropanın bu hissəsində yerləşən bir məmləkətdir. Habelə nəinki mədəniyyətlərarası dialoq, həmçinin məxsusi olaraq müzakirə etdiyimiz mövzu ilə bağlı aparıcı dövlətdir. Odur ki, qeyd etmək istəyirəm, burada - bu Forumda bir daha çıxış etmək mənim üçün böyük fəxrdir.

Mən Azərbaycan hökumətinə nəinki bu tədbirin təşkilatçılığına görə öz minnətdarlığımı bildirmək istəyirəm, həmçinin ümumi “Bakı Prosesi”nin təşkilinə görə minnətdarlığımı bildirmək istəyirəm. Həqiqətən, əvvəlki məruzəçilərin qeyd etdiyi kimi, mən onların fikrini paylaşmaq istəyirəm. Yəni, “Bakı Prosesi” əslində uğur tarixçəsinə çevrilib. Bu proses təhsilə yönəlib. Ekspertlər, mədəniyyətlərarası dialoq sahəsində çalışan mütəxəssislər üçün təcrübələrini, biliklərini və anlayışlarını paylaşmaq üçün müqayisəolunmaz bir fürsətdir. Bildiyiniz kimi, mən bu gün Avropa Şurasını təmsil edirəm. Avropa Şurası mədəniyyətlərarası dialoq sahəsində çalışır və bundan sonra biz böyük nailiyyətlərə imza atmağa çalışırıq.

Biz bu prosesə minnətdarıq. Nəyə görə minnətdarıq? Çünki mədəniyyətlərarası dialoq yanaşması həddən ziyadə mühüm və vacibdir. Bu yanaşma yaşadığımız çağdaş mürəkkəb dünya üçün səciyyəvidir.

Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni dedi ki, mədəniyyətlərarası dialoqun təşviq olunması bir anlıq hadisə deyil. Bu, heç vaxt bitməyən bir çağırışdır. Odur ki, bizim qarşımızda dialoqun fəaliyyətə çevrilməsi ilə bağlı məsuliyyətin olduğunu deyən Baş katibin müavini bildirdi:

-Mədəniyyətlərarası dialoq, sosial inklüzivlik, habelə azlıq hüquqlarının qorunması həddən ziyadə vacibdir. Yekunda tərəqqi siyasi iradə əsasında təmin olunacaq. Biz bununla bağlı məhz bu hissləri keçiririk. Sizin vasitənizlə, möhtərəm cənab Prezident, biz güclü liderliyi və siyasi iradəni sezə bilirik və bu, bizim planlarımızı irəli apara bilər. Bir faktı qeyd etməliyik ki, biz öz inamımızı və dəyərlərimizi qorumalıyıq. Biz sülh üçün dialoq qurmalıyıq, ləyaqət və qarşılıqlı hörmətə əsaslanan rəğbət göstərməliyik. Bu, bizim fəaliyyətimizə veriləcək qiymətdir. “Bakı Prosesi” məhz buna həsr olunur.

X X X

ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-TUVEYCRİ də Forumun əhəmiyyətinə toxundu. ISESCO-nun İslam aləmində sivilizasiyalararası münasibətlərə töhfə vermək üçün yorulmaz fəaliyyət göstərdiyini qeyd edərək dedi:

-Zati-aliləri, Prezident İlham Əliyev.

Hörmətli Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva.

Xanımlar və cənablar, Zati-aliləri.

Bu gün belə bir mötəbər Forumun açılışında iştirak etməkdən məmnunluq duyuram. Mən hesab edirəm ki, bu, dünyanın ən nüfuzlu tədbirlərindən biridir. 2011-ci ildə bu Forumun təməlini biz Bakı şəhərində qoyduq. O vaxt bildirildi ki, əgər siyasi iradə, öhdəlik, sabitlik olarsa, uğur gələcək.

Əbdüləziz Osman əl-Tuveycri Prezident İlham Əliyevin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun işinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdi.

Dünyada müharibələrin, yoxsulluğun artdığını təəssüflə qeyd edən ISESCO-nun Baş direktoru mənfi meyillərlə mübarizədə təhsilin roluna toxundu. “Biz insanlara təhsil verməliyik, həm dini, həm də mədəni dəyərlər haqqında onları maarifləndirməliyik”, - deyə Əbdüləziz Osman əl-Tuveycri vurğuladı. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq dedi:

-Bizim hamımıza məlum olan reallıq ondan ibarətdir ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistanın işğalı altındadır. Bu da beynəlxalq hüququn pozulmasıdır. BMT-nin Təhlükəsizlik Şurasının bununla bağlı qətnamələri var. Azərbaycan sülh, dialoq və qarşılıqlı hörmətə, yanaşmaya əsaslanan ölkədir. Dünya Azərbaycana yardım etmir, dünya Azərbaycana ədalətsiz yanaşır. Ancaq bu torpaqlar yenidən Azərbaycana qovuşmalıdır. Bu, sülhə aparan yoldur, bu, dialoqun uğurlu olmasına aparan yoldur.

ISESCO-nun Baş direktoru rəhbərlik etdiyi qurumun Azərbaycanın təşviq etdiyi dəyərlərə tərəfdar olduğunu vurğulayaraq bildirdi:

- Azərbaycana gəldikdə, ISESCO lap əvvəlcədən Azərbaycanın bu dialoq, hörmət dəyərlərinə tərəfdar çıxıb. Biz öz müxtəlifliyimizi qorumalıyıq, ona hörmətlə yanaşmalıyıq, insanlarımızı qorumalıyıq, dini dəyərlərə sadiq olmalıyıq. Biz bütün bunlara hörmətlə yanaşmalıyıq. Tolerantlıq o deməkdir ki, biz digər düşüncəyə, digər dəyərlərə malik olan insanı qəbul etməliyik. Bu, o deməkdir ki, onlara da hörmətlə yanaşmalıyıq. İstərdik ki, həmçinin bu yanaşma bizə münasibətdə də olsun. Bu, təhlükəsizliyə aparan yeganə yoldur. Bununla əsl dialoq olur, mənalı dialoq olur və zorakı münaqişələrin qarşısı bununla alınır.

Əbdüləziz Osman əl-Tuveycri dedi ki, İslam sülh və mərhəmət dinidir. Sonda Baş direktor tədbirin təşkilinə görə bir daha prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi:

- Mən cənab Prezident, Sizə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bütün iştirakçılar öz ölkələrinə qayıtdıqdan sonra burada aparılan müzakirələrdən nəticə çıxaracaqlar, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsində və ərazi bütövlüyünün bərpa olunmasında ölkənizə dəstək verəcəklər. Arzu edirəm ki, Allahın iradəsi ilə bütün dünyada sülh və rifah bərqərar olunsun. Sağ olun.

X X X

Sonra insanları sülhə, dialoqa, həmrəyliyə, firavan dünya qurmağa çağıran “Necə gözəl bir dünya” mahnısı ifa edildi.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Forum çərçivəsində mədəniyyətlərarası dialoq və insan ləyaqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektoru təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə digər maraqlı tərəflərlə yanaşı, həm də siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında tərəfdaşlığın formalaşdırılması üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü nəzərdə tutulub. Eyni zamanda, iki gün ərzində “Akademik Forum: dinlərarası dialoq və dini müxtəlifliyin idarə olunması”, “Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq”, “Qlobal vətəndaşlıq təhsili: sülh mədəniyyətinin aşılanması”, “Sülh naminə çoxtərəflilik və diplomatiya”, “Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu” və digər mövzularda plenar və aralıq sessiyalar keçiriləcək. Həmçinin tədbir günlərində qonaqlar üçün sərgi də açılacaq, musiqili proqramlar təşkil ediləcək.

Beləliklə iki gün ərzində Bakıda müasir dünyanı narahat edən ən aktual məsələlər müzakirə mövzusu olacaq.

Dünyada sülh və bərabərliyin, qarşılıqlı etimadın və anlaşmanın əldə olunmasında bu Forum mühüm əhəmiyyət kəsb edir.

 

 

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
XARİCİ ƏLAQƏLƏR
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə