Canveten.az xəbər verir ki, Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisindən seçmə parçalar slovak dilinə tərcümə olunaraq Bratislavada nəşr edilib. Nizaminin əbədiyaşar poeziyasını slovak dilinə Lubomir Feldek tərcümə edib. Kitaba şairin əsərlərinə orta əsrlərdə çəkilmiş və Bakıda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qorunan miniatürlər daxil edilib. Nəşrin təşəbbüskarı və icraçıları Slovakiya Respublikasının Danubius Universiteti, Azərbaycan Respublikasının Slovakiyadakı fəxri konsulluğu və AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyidir. “Çesta laski” – “Sevgi yolu” adı altında işıq üzü görən kitab Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun yazdığı “Nizami Gəncəvinin yeni dönüşü” adlı müqəddimə ilə başlanır. "Ön söz"də deyilir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bütün əsərlərini keçmiş haqqında yazsa da, daim gələcəyə baxıb, gələcək nəsillər üçün yaradıb. Onun ölməz və solmaz sözləri vəfatından 800 il sonra Slovakiyada bir daha təsdiqini tapıb. Nizami Gəncəvi slovak dilində danışmağa başlayan “Yeddi gözəl”i ilə bir daha nümayiş etdirir ki, o, lap çoxdan dünya vətəndaşıdır, dünya şairidir. Akademik R.Hüseynov bu qəbil tərcümə və nəşrlərin əhəmiyyətini xüsusi vurğulayaraq, Nizami poemasının tərcüməçisinin əməyini yüksək dəyərləndirib: “Öz xalqına Nizami ilə görüşün sevincini bağışlayan görkəmli slovak ədibi və tərcüməçisi Lubomir Feldek slovak dilində yazan qələm sahibləri arasında ən çox tərcümə olunan 10 yaradıcıdan biridir. Eyni zamanda, Rafael Hüseynov bu uğurlu başlanğıcın davam etdirilməsini və Nizami Gəncəvinin digər məsnəvilərinin də slovak dilinə çevrilməsi istiqamətində səylərin davam etdirilməsini arzulayaraq bildirir ki, yəqin Nizami sözünün hikmətini hiss edən slovaklar ustad şairin duyğu və düşüncə xəzinəsinin digər inciləri ilə tanış olmağı mütləq arzulayacaqlar. Ümid edirik ki, Lubomir Feldekin açdığı yolla yeni tərcüməçilər irəliləyəcək, Nizaminin 5 poemadan ibarət “Xəmsə”sindən “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “İskəndərnamə”ni də gec-tez slovakların poeziya səltənətinə gətirəcəklər. Nizaminin “Yeddi gözəl”inin slovak dilində nəşrinə Azərbaycan aliminin yazdığı müqəddimədə bu da qeyd edilir ki, tərcüməçi Lubomir Feldek “Xəmsə”dən yeni tərcümələr üzərində işini davam etdirir. Bildirilir ki, orta əsrlərdən XX yüzilliyə qədər həm Şərqdə, həm Qərbdə Nizami Gəncəvidən öyrənən, onun ədəbi yadigarlarından bəhrələnən çox şairlər olub. Bu sırada böyük ingilis şairi və dramaturqu Vilyam Şeksprin də adı var. Qeyd edək ki, Nizami Gəncəvinin slovak dilində nəşr edilmiş kitabının may ayının sonlarında Bratislavada geniş təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur. Nərgiz Qəhrəmanova ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024