Gülağa Tənha : QƏFİL GÖRÜŞ ifa: Dilbər Dosdməmmədli
Yenidən görüşdük səninlə bir gün,
Üstümə ələndi xatirələrin.
Boyaboy dəyişdi sanki ömür-gün,
Gözümə çiləndi xatirələrin.
İstədik intizar başını əyə,
Bu istək önündə kövrəldik, dolduq.
Yerimiz dəyişik düşmüşdü deyə
Dinən sükut oldu, susan biz olduq.
Həsrəti yandırdıq…
Nəydi, nə sirdi;
İlkin görüşümüz yadıma düşdü.
Dodaq titrəyirdi, ürək əsirdi;
Ürkək gülüşümüz yadıma düşdü.
Düşdük xatirələr cığırına biz,
Əsdi üstümüzdən soyuq küləklər.
Güllər çiçəklədi bizdən xəbərsiz,
Rəngini dəyişdi boz biçənəklər.
Onda biləmmədik…
Yox, biləmmədik,
Taleyin, qismətin sərt sınağı var.
Onda nə biləydik bu görüşün də
Ürək gizildədən ayrılığı var.
Dayandıq enişdə… Dinən xatirə
Cavabı tapılmaz suala döndü.
Bu qəfil görüşdə deyiləsi söz
Dodaqda köz oldu… Xəyala döndü…
Sumqayıt, sentyabr, 1992
Bütün hüquqlar qorunur © 2023