Sentyabrın 25-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Misir Ərəb Respublikasının fövqəladə və səlahiyyətli səfiri cənab Adel İbrahim Əhməd İbrahimi qəbul edib. Görüşdə iki ölkə arasında turizm sahəsi üzrə əməkdaşlıq perspektivləri, ölkələrin mövcud turizm potensialı, COVID-19 pandemiyası dövründə hər iki ölkədə turizm sahəsi üzrə aparılan işlər və görülən tədbirlər haqqında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı iki ölkə arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinin və turizm imkanlarının artırılmasının vacibliyinə toxunan səfir Misirin istirahət zonası olan Şarm Əl-Şeyx şəhərinə yenidən birbaşa aviauçuşların açılması təklifi ilə çıxış edib. Azərbaycanın da Misir Ərəb Respublikası ilə turizm sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən Fuad Nağıyev postpandemiya dövründə yenidən Misir və Azərbaycan arasında qarşılıqlı turist səfərlərinin bərpasının turizmin inkişafına böyük töhfə verəcəyini diqqətə çatdırıb. Görüş çərçivəsində turizm sahəsi üzrə həyata keçirilən müvafiq strategiyalar, eləcə də bu istiqamətdə hər iki ölkənin mövcud təcrübələri barəsində qarşılıqlı müzakirələr aparılıb.
Bütün hüquqlar qorunur © 2024