Bugünlərdə Prezident İlham Əliyev Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİV DF) yeni icraçı direktor təyin etdi. Əhməd İsmayılov adlı bu şəxs haqqında heç bir bilgimiz olmadığı üçün axtarış apardıq, bəlli oldu ki, gənc kadrdır, dövlət başçısı etimad göstərib, bu sahədə də yenilik olması üçün onu ora təyin edib. Təbii ki, haqqında bir bilgimiz olmadığı üçün əlavə nəsə demək fikrimiz də yox idi. Ən azından cənab Prezidentin təsadüfi adamı ora təyin etməyəcəyini bildiyimiz üçün bir müddət gözləyib sonra fikir bildirməyi uyğun gördük. Lakin az keçməmiş onun qurumdakı işçilərin demək olar ki, hamısını işdən çıxardığı haqqında xəbərlər gəldi. Buna bir qədər təəccübləndik. Çünki karantin dövründə heç kimin işdən çıxarılmaması haqqında xüsusi göstəriş var və təbii ki, hər kəs buna uyğun davranmalıdır. O cümlədən Prezidentin yenicə vəzifəyə təyin etdikləri də. Lakin bu gün işdən çıxarılanların siyahısını görəndən sonra tənqidi fikrimdən daşındım və Əhməd İsmayılova haqq qazandırdım. Açığı, illərdir mediada az-çox tanınan birisi olaraq şəxsən mənim 100 metrliyinə belə yaxın buraxılmadığım KİV DF-də Vüqar Səfərli necə bir sistem qurubmuş. Biz Azərbaycana bir fayda vermək üçün hətta bəzən ordan-burdan borc-xərc edib üzərimizə düşəndən də artıq işlər görməkdəykən bu adam Prezidentin qurduğu KİV DF-yə İlham Əliyevi bütün varlığıyla dəstəkləyən mənim kimi adamı yaxın belə buraxmadı illərdir. Susdum mən də. Prezidentin vəzifəyə təyin etdiyi adam olduğunu nəzərə alıb susdum. Düzmü etdim, yanlışmı? Bunu zaman göstərəcək. Heç indi də Vüqar Səfərli haqqında nəsə demək istəmirəm…
Bir də bugünlərdə bəlli oldu ki, jurnalistlər üçün tikilmiş binada hansısa məktəbin direktoruna da ev verilibmiş. Açığı, bu qədəri də olubsa mənim deyəcəyim söz yoxdur! Qəzəblənməyə, nifrin püskürməyə yetərincə haqqım varkən buna da susuram! Niyəsini elə Vüqar Səfərlinin özü də yaxşı bilir!
Bir də eşitdim ki, Milli Məclisin sədri Sahibə Qafarova da başçılıq etdiyi qurumu kimlərinsə qohum-qardaşından, gül balalarından təmizləməyə başlayıb. Adlar səslənir, çaşıb qalırıq. Bu adamların bəzilərinin adları ya qara-qura işlərdə hallanıb, ya da sadəcə heç kimə bəlli olmayıb. Və onlar illərdir Milli Məclis kimi bir qurumda ortadan yeyib qıraqda gəzirmişlər. İllərdir yəni! Bizim kimi insanlar da illərdir qəpiyi qəpiyə calayıb Azərbaycan davası döyürük. Ailəmizin, uşağımızın boğazından kəsirik. Sıxıntı, borc-xərc içərisində yaşayırıq. Nə var, nə var, kimlərinsə gül balaları bu dövlətin yaratdığı şəraitdən gen-bol istifadə eləsin, bizi də Milli Məclisin heç kandarına belə yaxın buraxmasınlar!
Yeri gəlmişkən, bugünlərdə ictimai rəyi məşğul edən çox ciddi məsələlərdən birinə mən də tuş gəldim. Yaxınlarımdan biri xahiş etdi ki, onu da işsiz kimi dövlətdən 190 manat alması üçün qeydiyyatdan keçirim. İnternet anlayışı belə yoxdur, ona görə kömək etdim. Hardasa 10 günə buna SMS gəldi ki, sizin VÖEN-iniz olduğu üçün o 190 manatı ala bilməzsiniz. Araşdırdıq. Bəlli oldu ki, VÖEN-i var, ƏƏSMN elektron bazada bunu aşkarladığı üçün adama o pul düşmürmüş.
…Hər kəs xatırlar. Nəqliyyat Naziri işlədiyi dövrdə Ziya Məmmədovun taksi sürücülərinə qənim kəsilmiş bir bandası vardı. Bizim adam da taksi sürürdü o vaxtlar. Elə indi də sürməyə cəhd edir. O vaxt buna məcbur VÖEN açdırıblarmış. Elə o açan, bu açan. Unudub belə. Lakin adam dövlətin məlumat bazalarında fərdi sahibkar kimi hələ də qeydiyyatdaymış. Halbuki illərdir bu VÖEN-i heç yadına da salmır. Bundan hesabat istəyən də yoxdur. Yəni dövlət bunu itirib-axtarmır ki, ay adam, VÖEN-in burda ağara-ağara qalıb, niyə bir maraqlanmırsan? İndi isə vur-tut 190 manat pul veriləcəkmiş, onda dövlətimin yadına düşüb ki, bu adam sahibkarmış!
Bunu da araşdırdıq. Bəlli oldu ki, öncə Fazil Məmmədov, ardından da Mikayıl Cabbarov Vergilər Naziri işləyəndə bu cür ölü VÖEN-lərin hesabına Prezidenti aldadırlarmış. Necə? Çox sadə. Belə adamların sayı minlərlədir. Onların hamısını bu qoçaqlar məşğul əhali qisminə aid edib ölkədə işsizlərin sayını süni şəkildə az göstərirmişlər. Bax, belə! Bir neçə gün öncə cənab Prezidentə həvəslə hesabat verirdi indi İqtisadiyyat Naziri işləyən Mikayıl Cabbarov. Birisi bu adama desin ki, belə islahat olmur. Yaxud da cənab Prezidentə bunun izahını versin ki, niyə ölü VÖEN sahibləri hələ də məşğul əhali qismində hesabatlarda göstərilir? Doğrudanmı bilmir bu adam gerçək durumu? Şübhəm var buna…
Daha bir maraqlı əhvalat danışım. Bu il keçirilmiş Milli Məclis seçkilərində Təhsil İnstitutunun direktor müavini Şahin Seyidzadə adlı birisi də deputat seçilib. Bununla işim yox. İşləyər, biz də baxıb tənqid və ya təqdir edərik. Lakin maraqlısı odur ki, bu adamın Təhsil İnstitutunda direktor müavini işlədiyini elə həmin qurumun işçiləri seçkidən sonra öyrəniblərmiş. Təsəvvür edirsiniz? Adamın direktor müavini olduğu qurumun işçilərinin bundan xəbəri yoxmuş. Sadəcə yeni deputat olduğu üçün bioqrafiyası sağa-sola tirajlananda bəlli olub ki, həm də o vəzifədə işləyirmiş. Hətta Təhsil İnstitutunda bunu lətifəyə çeviriblərmiş. Onu tanımayan işçilər bir-birilərinə zarafatla deyirmiş ki, işə gəlsəydiniz, direktor müavinini də tanıyardınız…
Həmin İnstitutda belə bir ölü can varkən və hətta elə Təhsil Nazirliyi sistemində belələrinin sayı onlarla, bəlkə də yüzlərlə, minlərlə ikən çanaq yenə də mənim ailəmin başında çatladı. Seçki dövründə “ara xəlvət, tülkü bəy” deyib xanımım Almaz Həsrəti (ki, illərin beynəlxalq təcrübəli pedaqoqudur, Əməkdar müəllim, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, Rusiyada, Türkiyədə, Gürcüstanda müxtəlif yüksək səviyyəli masterklaslar keçmiş birisidir, üstəlik də bu koronaviruslu günlərdə Azərbaycanda hava və su kimi lazım olan distant təhsilin pionerlərindəndir) Təhsil İnstitutundakı Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsindən çıxardılar. Özü də açıq dedilər ki, cənab Nazir Ceyhun Bayramov belə məsləhət bilib. Səbəbini soruşanda İnstitutun direktoru Emin Əmrullayev cavab verib ki, “sizin elmi dərəcəniz də yoxdur”. Halbuki bu direktorun özünün də heç bir elmi dərəcəsi, üstəlik Almaz Həsrət qədər pedaqoji təcrübəsi belə yoxdur. Sual olunur: necə olur ki, o boyda quruma elmi dərəcəsi olmayan birinin rəhbərlik etməsi mümkün görünür, amma həmin qurumda adi bir şöbə müdirindən elmi dərəcə tələb edilir? Yeri gəlmişkən, Emin Əmrullayev də uzun müddət həm Təhsil Nazirliyində işləyib, həm də bu Təhsil İnstitutuna başçılıq edib. Yəni sanki kadr qıtlığıymış da Ceyhun Bayramov bu cür adamlara müxtəlif qurumlarda çox vacib bir neçə vəzifəni həvalə edib maaş verir. Sual edirik: niyə? Ona görə ki, bu Nazirin kefi belə istəyir?..
Bütün bunları ona görə yazıram ki, bəzən bəzi nazirlər, vəzifəli şəxslər elə cənab Prezidentin özünün dediyi kimi, onu aldada bilməsin. Düzdür, yazandan sonra yenə də adımız kimlərinsə qara siyahılarına düşür. Arxamızca toz qoparıb bizi məhz Prezidentə qarşı qoymağa çalışırlar. Yəni əslində səsimi kəssəm hər işim əla gedərdi. Hətta bəlkə də indi Milli Məclisin deputatı da olmuşdum yəqin. Lakin biz yalan danışa, aldada, üzdə bir cür olub arxada başqa cür davrananlardan deyilik! Bunu anlamayanlara da bundan sonra da anlatmağa davam edəcəyik. Prezidentə münasibətimizə gəlincə, hər şey göz önündədir. Heç izaha belə ehtiyacı yoxdur…
Bütün hüquqlar qorunur © 2024