Canveten.az xəbər verir ki, Daşkənddəki Dünya Dilləri Universitetinin nəzdindəki Akademik Litseydə “Xalqların mətbəxi və adət ənənələri” adlı festivalı keçirilib. Tədbirə Özbəkistanda fəaliyyət göstərən səfirliklər və mədəniyyət mərkəzləri qatılıb. İştirakçılar öz ölkələrinin tarixi, mədəniyyəti, milli mətbəxini təqdim ediblər. Ölkəmizi bu tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Azərbaycan üçün ayrılan guşədə ölkəmizin bayrağı, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlarla əlaqədar kitablar nümayiş olunub. Nəşrlər arasında ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatına dair Mədəniyyət Mərkəzinin özbək dilində Daşkənddə çap etdirdiyi çoxsaylı nəşrlər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən çap olunan kitablar da yer alıb. Azərbaycanın mənzərələrini əks etdirən tablolar, suvenirlər, milli mətbəximizin nümunələri guşəyə gələnlərin diqqətini cəlb edib. Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova guşəyə gələnlərə ölkəmizin tarixi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Özbəkistan dostluğu haqqında məlumat verib, onlar Azərbaycan mətbəxinin ləziz yeməklərinə və şirniyyatlarımıza qonaq ediliblər. Daha sonra Festivalda iştirak edən musiqiçilərin iştirakı ilə bədii proqram təqdim olunub. Mərkəzin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib. Sonda festivalda aktiv iştirak edənlərə diplomlar təqdim edilib. Diplom alanlar arasında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzidə olub.
Bütün hüquqlar qorunur © 2024