Əslən Masallıdan olan dünya rekordçusu
37 yaşlı həmyerlimiz Orxan İbadov Hindistanın Mumbay şəhərində keçirilən Dünya Yaddaş Çempionatında (24-26 noyabr, 2023) dünya rekordunu qıraraq çempion olub.
Dünyanın ən güclü 780 zəka sahibinin qatıldığı yarışlarda Azərbaycanı uğurla təmsil edən Orxan bir saat ərzində 3412 rəqəmi sırayla düzgün yadda saxlayaraq yeni dünya rekorduna imza ataraq tarixə düşüb. O, həmçinin 15 dəqiqə ərzində 146 üz, ad və soyadı düzgün yadda saxlayaraq bütün rəqiblərini qabaqlaya bilib.
Orxan 10 kateqoriya üzrə keçirilən müsabiqədə iki qızıl, 4 kateqoriyada gümüş, 2 kateqoriyada bürünc medal qazanıb yarışın ən çox medal qazanan yarışmaçısı olub.
Qeyd edək ki, 2017-ci ildən müstəqil qaydada Azərbaycanı mötəbər beynəlxalq yaddaş və beyin yarışlarında təmsil edən O.İbadov ilk qələbəsini həmin ilin noyabrında İstanbulda keçirilən “MEMORİAD” yarışlarında qazanıb – ikili rəqəmlər kateqoriyasında çempion olub. O, sonrakı illərdə Filippində, Danimarkada, Avstriyada, Almaniyada, Misirdə, Fransada və onlayn formatda keçirilən yarışlarda yüksək nəticələr əldə edib. MDB məkanı üzrə yarışlarda birinci yeri tutub, Avropa çempionatının bürünc medalını qazanıb.
Orxan İbadov Azərbaycanda, İspaniyada, Tailandda və digər ölkələrdə sürətli öyrənmə strategiyaları, müasir təhsil metodları, sürətli oxuma, yaddaş və beynin inkişafı ilə bağlı digər sahələrdə fərdi və korporativ təlimlər keçir.
Məlumat üçün bildirək ki, əslən Masallı rayonundan olan Orxan İbadov Bakı şəhərində anadan olub. 15 yaşında BDU-nun hüquq fakültəsinə daxil olub. 2005-ci ildə bakalavr, 2007-ci ildə isə magistr dərəcəsi alıb. Hüquqşünas kimi çox az çalışıb. 2007-ci ildən internet, marketinq və axtarış sistemləri üzrə təkmilləşdirmə proqramlarını öyrənib.
dünyanın ən güclü 16 yaddaşlısından biri sayılan Orxan İbadov hazırda İspaniyanın Barselona şəhərində yaşayır və elektron ticarət sahəsində (Ecommerce) İspaniyanın aparıcı mütəxəssislərindən biridir.
Akif AĞAYEV
Bütün hüquqlar qorunur © 2024