Masallı rayonunun Hişkədərə kəndində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 44 günlük Vətən müharibəsinin şəhidi İbrahim Həzrətqulu oğlu Lələyevin anım mərasimi keçirilib. Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının fəalları, I və II Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, din xadimləri və kənd sakinləri iştirak ediblər. Şəhidin ailəsini ziyarət edən rayon rəhbəri və qonaqlar ailənin qayğıları ilə maraqlanıb, hər zaman onların yanında olduqlarını bildiriblər. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Məlumat üçün bildirək ki, İbrahim Həzrətqulu oğlu Lələyev 25 avqust 1996-cı ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 2002-2014-cü illərdə Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbində təhsil alıb. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərindəki döyüşlərdə iştirak edib. İ.Lələyev 2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrimiz tərəfindən Ermənistanın işğalı altındakı ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə igidilklə vuruşub. İbrahim Lələyev oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Masalllı rayonunun Hişkədərə kənd qəbiristanında böyük izdihamla dəfn olunub. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən İbrahim Həzrətqulu oğlu Lələyev ölümündən sonra «Vətən uğrunda», “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və digər medallarla təltif edilib. Akif AĞAYEV, MASALLI.
Bütün hüquqlar qorunur © 2023