Yaponiya 2008-ci ildə Tokionun mərkəzindəki Akihabara rayonunda qətliam törədən 39 yaşlı Tomohiro Katonun ölüm hökmünü icra edib. Bu barədə NHK telekanalı hökumət dairələrindəki mənbələrə istinadən məlumat yayıb. Nəşrdə bildirilir ki, 14 il əvvəl törətdiyi qətliama görə ölüm cəzasına məhkum edilmiş Tomohiro Kato iyulun 26-da səhər edam edilib. Qeyd edək ki, avtomexanik işləyən Tokio sakini Tomohiro Kato 2008-ci il iyunun 8-də ikitonluq yük maşını icarəyə götürərək paytaxtın mərkəzinə gedib və orada bir qrup piyadanı vurub. Bundan sonra o, maşından düşüb və ətrafındakılara bıçaqlı hücum həyata keçirib. Nəticədə yeddi nəfər ölüb, daha 10 nəfər yaralanıb. Yaponiya qanunlarına əsasən, bir neçə nəfərin öldürülməsi hallarında ölüm hökmü tətbiq edilir. Məhkum edilmiş şəxs edamı illərlə gözləyə bilər, lakin bu barədə yalnız edam günü səhər xəbər tutur. Hökm asılmaqla həyata keçirilir. Bu, Baş nazir Fumio Kişida hökuməti dövründə ikinci edamdır. Ölkənin 100-cü baş naziri ötən ilin aprel ayında bu vəzifəyə seçilib.
Bütün hüquqlar qorunur © 2024