Təqvim
"Ev pulu" necə hesablanır? - VƏTƏNDAŞLAR BUNU BİLMƏLİDİR
22 oktyabr 2018 - 17:35

Paytaxtda “kupçasız ev” probleminin yenidən gündəmə gəlməsi bir sıra məsələlərin aktuallıq qazanmasına səbəb olub. Bu problemlərdən biri də “kupça”sız evlərdən toplanan xidmət haqları ilə bağlıdır.

Bakıdakı çoxmənzilli, eyni zamanda, “kupça”sız evlərdən toplanan bəzi xidmət haqları kosmik rəqəmlərdir. Halbuki Mənzil Məcəlləsinə edilən dəyişikliklərdən sonra çoxmənzilli binaların idarə edilməsi sakinlərin özlərinə tapşırılıb. Bunun üçün Mənzil Mülkiyyətçisi Cəmiyyəti formalaşdırılmalıdır ki, sakinlər xərcləri özləri idarə edə bilsinlər.

Əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə açıqlamasında deyib ki, insanların məlumatlı olmamasından istifadə edən Mənzil Tikinti Kooperativləri özlərinə “əbədi gəlir yeri” formalaşdırmaq üçün bu xərclərin idarəçiliyini öz əllərinə alırlar. 

“Əslində, binanı tikib təhvil verəndən sonra MTK-nın müdaxilə etmək və ya bu işlərlə məşğul olmaq hüququ yoxdur. Bu xidmətləri ya Mənzil İstismar Sahələri, ya Cəmiyyət, ya da bələdiyyələr həyata keçirməlidir. Bizim MTK-lar isə saxta qurumlar yaradaraq, idarəetməni özlərinə yönəldirlər. Bu zaman elə qiymətlər qoyurlar ki, dəhşətdir.

Məsələn, bir kvadrat metr üçün təsərrüfat xərci kimi iki manat tələb edirlər. Bir düşünün, 200 manat hər ay təkcə bağban pulu, qazanxanaçı və lift puluna yönəldirlər. Burada böyük məbləğlər yeyilir. Bəzən deyirlər ki, buraya mənzil haqqı da daxildir. Amma bunların hər biri necə hesablanır, pullar necə xərclənir, sakinlər bilməlidir”. 

R.Qasımzadə ən optimal xərc kimi kvadrat metrə 20-50 qəpik tətbiq edilməsini ədalətli sayır. 

Rəsmi rüsumlar nə qədərdir? 

Evlərini sənədləşdirmək istəyən və bundan sonrakı dövrdə ödəyəcəkləri mənzil haqqını bilmək üçün oxucularımıza aşağıdakı faydalı məlumatları təqdim edirik. 

Beləliklə, evlərini sənədləşdirmək istədikdə dövlət rüsumunu öyrənmək üçün Dövlət Əmlak Komitəsinin rəsmi saytında olan bu keçiddən istifadə etsin: 

Mənzil haqqı necə hesablanmalıdır?

Mövcud qayda dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahələrinə, o cümlədən mənzil və müstəqil evlərə aid edilir. Başqa sözlə, bu ödəniş, mülkiyyət hüquqlarından, məsələn, mənzilin özəlləşdirilib və ya özəlləşdirilməməsindən asılı olmayaraq, yaşayış sahəsindən istifadəyə görə edilir. 

Ödənişin miqdarı aşağıdakı cədvələ uyğun olaraq hesablanır. Özəlləşdirilmiş mənzillər üçün tarif sabit qalsa da, özəlləşdirilməmiş mənzillər üçün bu tarif kommunal xidmətlərin göstərilməsindən asılı olaraq dəyişir. Xüsusi olaraq qeyd olunmalıdır ki, mənzil haqqı üçün yalnız yaşayış sahəsinin ölçüsü nəzərə alınır. 

Nümunə 1: Ümumi sahəsi 88 kv.metr, yaşayış sahəsi 53 kv.metr olan özəlləşdirilmiş mənzil 53 kv.m. х 0,02 х 12 ay=12,72 AZN 

Nümunə 2: Ümumi sahəsi 60 kv.metr, yaşayış sahəsi 38 kv.metr olan özəlləşdirilmiş yarızirzəmi mənzil 38 kv.m. х 0,01 х 12 ay=4,56 AZN

P.S. Unutmayın ki, öz mənzillərinizdə rahat yaşamaq üçün sənədləşmə mütləq lazımdır. Bu, həm də mənzillərin alqı-satqısında, bağışlanmasında, vərəsəlikdə yarana biləcək problemlərin qarşısını almaq üçün zəruridir. 

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© oxu
Kateqoriya:
İnşaat və əmlak

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə