Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən rayonun Masazır qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, qəsəbə ərazisində yaşayan Dünya Qasımova tutulub. Onun əlində olan çantaya və yaşadığı evə baxış zamanı 1 kiloqram 27 qram narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs Masazır qəsəbəsindəki evində narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil edib. Orada Dünya Qasımova narkotik vasitələri satdığı şəxslərə heroin və metamfetamin qəbul etmək üçün şərait yaradıb. İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini Sənan Osmanov Xırdalan şəhəri ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı 1 kiloqram marixuana aşkar olunub. Sənan Osmanov ifadəsində narkotik vasitəni satmaq və şəxsi istifadəsi üçün əldə etdiyini bildirib. Sonuncu əməliyyatlar zamanı saxlanılan Dünya Qasımova və Sənan Osmanovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Bütün hüquqlar qorunur © 2024