Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecdə bıçaqlanma hadisəsi baş verib.
Hadisə Turizm fakültəsinin tələbələri arasında baş verib. Birinci kurs tələbəsi İbadulla Rzazadə cib bıçağı ilə tələbə yoldaşı Elgün Məmmədyarova xəsarət yetirib.
Əvvəlcə hadisənin gizlədilməsinə çalışılıb. Yaralan şəxsin qanaxmasını dayandırmaq mümkün olmadıqda təcili yardıma müraciət olunub. Hadisə yerinə təcili yardımla yanaşı, Binəqədi Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları da gəlib. Zərərçəkən xəstəxanaya, hadisəni törədən isə Polis Bölməsinə aparılıb.
Hazırda hadisə həmin bölmədə araşdırılır.
İddiaya görə, tərəflər arasında heç bir dava olmayıb. Guya, onlar zarafatlaşarkən hadisə baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə Bakupost.az -a açıqlamasında faktı təsdiqləməyib: “Dünən və bu gün (5-6 yanvar – red.) hansısa təhsil müəssisəsində bıçaqlanma hadisəsi ilə bağlı heç bir məlumat daxil olmayıb”.
Xatırladaq ki, Humanitar Kollec son dövrlər mətbuatın diqqət mərkəzində olan təhsil müəssisəsidir. Kollecin direktoru sabiq Baş Prokuror Zakir Qaralovun qohumu Nərmin Qaralovadır. O, ötən il noyabrın 26-da 67 müəllimi işdən çıxarmaqla böyük ajiotaj yaratmışdı.
Bu hadisədən əvvəl isə tələbəsini “bizə şam tutan lazım deyil” ifadəsi ilə təhqir edərək mətbuatın gündəminə gəlmişdi.
Bütün hüquqlar qorunur © 2024