Təqvim
Azərbaycanın qəhrəman ordusu onların da qisasını alıb: “Ballıqaya faciəsi”ndən 29 il ötür…(+FOTO=24, +VİDEO)
28 avqust 2021 - 20:20

Azərbaycan xalqı uzun illər erməni terrorçuların törətdiyi qırğınlardan, beynəlxalq ictimaiyyətin susması nəticəsində daha da azğınlaşan Ermənistanın quldur dəstələri vasitəsilə həyata keçirdiyi soyqırım və işğaldan əziyyət çəkib. Bu gün xalqımıza qarşı törədilmiş həmin cinayətlərin hər birinin qisası alınıb, Azərbaycanın Müzəffər Ordusu döyüş meydanında böyük şücaət göstərərək işğala son qoyub. Lakin Ali Baş Komandan İlham Əliyevin də çıxışlarında dəfələrlə dediyi kimi, Azərbaycan xalqına qarşı yönəlmiş qırğınların heç biri unudulmayacaq, təcavüzkar Ermənistan hüquqi müstəvidə cavab verməyə məhkum ediləcək.

 

Qüdrətli Azərbaycan dövləti, onun lideri və ətrafında yumruq kimi birləşən xalqı 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək, illərin həsrətini sonlandırdı, düşmənə sarsıdıcı zərbə vurdu. Ancaq danılmaz həqiqət var ki, qayıtdığımız torpaqların bəlkə də hər qarışında erməni quldurları xalqımıza qarşı saysız-hesabsız vəhşiliklər törədiblər. Torpaqlarımız işğaldan azad edilsə də, ermənilərin törətdikləri həmin qətliamlar heç zaman unudulmayacaq, əli Azərbaycan xalqının qanına batmış son terrorçu cavab verənə qədər mübarizəmiz başa çatmayacaq.

 

Bu gün Azərbaycan xalqının heç zaman unutmayacağı günlərdən biri, qan yaddaşımıza çevrilən “Ballıqaya faciəsi”nin ildönümüdür.

 

1992-ci ilin yay aylarında Laçın rayonundan qaçqın düşmüş və Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış, yaxın qohumluq münasibətləri olan altı ailə heyvandarlıq üçün əlverişli olan Goranboy rayonunun Ballıqaya kəndində məskunlaşmışdılar. 1992-ci ilə qədər Laçın rayonu Azərbaycanda heyvandarlığın yüksək inkişaf etdiyi rayonlardan biri sayılırdı, bu sahə rayonda əhalinin əsas məşğuliyyəti idi. 18 may 1992-ci il tarixində Ermənistan silahlı birləşmələri tərəfindən Laçın rayonu işğal edildikdən sonra rayonun əhalisi Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Heyvandarlıqla məşğul olan rayon sakinləri daha çox bu fəaliyyət növü üçün əlverişli olan Beyləqan, Bərdə, Goranboy və digər ətraf ərazilərdə məskunlaşmışdı. 1992-ci ilin avqust ayında Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya bu məqsədlə gəlmişdilər.

 

Tarixdə “Ballıqaya qətliamı” kimi tanınan hadisə 1992-ci ilin avqust ayının 28-də səhər saat 5 radələrində baş vermişdir. Hadisə günü Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya qrupu əraziyə daxil olaraq 24 nəfəri amansızlıqla qətlə yetirmiş, 9 nəfəri isə ağır yaralamışdır. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi.

 

Erməni quldurları Ballıqayada üzərində heç bir silah olmayan, özünü müdafiə etmək imkanlarından məhrum dinc sakinlərə amansızlıqla hücum edərək, bəşəriyyətə qarşı növbəti cinayətlərini törədiblər. Qana susamış qatillər Qaradağlı, Xocalı, Ağdaban, Başlıbeldə olduğu kimi Ballıqayada da öz iyrənc xislətini, Azərbaycan xalqına qarşı kinini ortaya qoydu, bu qətliamı törətməklə dünya tarixinə növbəti qara ləkə kimi düşdü. Ermənilər bütün bu faciələrdə günahsız, ən əsası isə əliyalın insanları hədəf seçməklə əsl simalarını ortaya qoydular. Onlar üçün yaşlı, qadın, uşaq fərq etmədi. Çünki qətlə yetirilənin sadəcə azərbaycanlı olması belə vəhşi ehtirasların quluna çevrilmiş iyrənc ruhlarını bədənlərindən ayırmağa, sonsuz həzz almağa kifayət edirdi. Erməni cəlladları Ballıqayada, Xocalıda və xalqımıza qarşı dəhşətli cinayət törətdikləri bütün digər məqamlarda insanlıq üçün utanc mənbəyinə çevriləcək hər cür məkrli, iyrənc əməllərə imza atdılar, sadə vətəndaşları amansızlıqla, üstəlik bundan zövq alaraq qətlə yetirdilər.

 

Tarix göstərir ki, ermənilər üçün heç bir müqəddəs anlayış, hörmət və ehtiram göstərdikləri heç bir məfhum yoxdur, onlar sadəcə ruhlarını qidalandıran ifrat düşmənçilik ideyalarının quluna çevrilib, öz xain əməllərinin icrası üçün bəşəriyyətin sahib olduğu bütün dəyərləri ayaq altına səriblər.

 

Odur ki, bu xisləti daşıyan düşmənə qarşı heç zaman unutqanlığa yol vermək olmaz. Bu gün Azərbaycan dövləti və xalqı da məhz bu prinsipi rəhbər tutur. Ədalət öz yerini tapıb, “Ballıqaya”nın da digər cinayətlərin də qisası alınıb, erməni şovinizmi üzərində parlaq qələbə qazanılıb, lakin tarixi unutmaq və unutdurmaq olmaz. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, təcavüzkar bütün cinayətlərinə görə mütləq cavab verəcək.

 

Çünki cəzasını çəkməyən hər bir qatil, həmin əməli bir gün mütləq təkrarlayacaq. Erməni terrorçuların 90-cı illərdə törətdikləri qətllərə dünya göz yumduğu üçün onların cəzası gecikdi. Nəhayət 44 günlük müharibə dövründə ermənilər yenidən həmin cinayətləri törətdilər. Bərdə, Gəncədə dinc insanların hədəf alındığı hücumlar edildi.

 

Azərbaycan Prezidenti Gəncəyə edilmiş namərd hücumla bağlı danışarkən bunu hərbi cinayət adlandırıb:

 

“Gəncəyə iki namərd hücum və Gəncə şəhərinin ballistik raketlərlə vurulması hərbi cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə cavab verəcək. Bu, qəsdən törədilmiş cinayətdir. Məhz mülki əhalinin yaşadığı yerləri məqsədyönlü şəkildə atəşə tutublar”.

 

Onlarla dinc sakin, körpə uşaqlar, yaşlılar bu xain hücumların qurbanı oldular. Döyüş meydanında ordumuzun qarşısından qaçanlar, üzbəüz döyüşə mərdliyi, şərəfi, ləyaqəti çatmayanlar cəbhədən çox uzaqlardakı şəhərlərimizə hücumla bir daha bizə öz xislətlərini xatırlatdılar. Göstərdilər ki, tarixi unutmaq olmaz, terrorçu kimliyi şüuruna hopan ermənilər üzərindən illər keçsə də, həmin mənfur xüsusiyyətlərini qoruyub saxlayırlar.

 

Azərbaycan dövlətinin rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də öz çıxışlarında erməni vəhşiliklərinə diqqət yetirib, törədilmiş cinayətlərin hər birinin - 90-cı illərin əvvəlləri, həm də Vətən müharibəsinin gedişində törədilmiş cinayət əməllərinin, ölkəmizin sərvətlərinin istismarı ilə bağlı qanun pozuntularının hər birinin araşdırılacağını və hüquqi qiymət veriləcəyini bildirib. Dövlət başçısı xüsusilə vurğulayıb ki, törədilmiş vəhşiliklər unudulmayacaq, erməni terrorçular, xalqımızın sərvətlərini talan edənlər beynəlxalq məhkəmələrə veriləcək.

 

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib:

 

“Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir. Bu yaddaş qəlblərimizdə yaşayacaq”.

 

Azərbaycan Prezidentinin dediyi kimi, bu yaddaş bizimlə qalacaq, qəlblərimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı nə “Ballıqaya faciəsi”inin qurbanlarını, nə Xocalını, nə Qaradağlını, nə Ağdabanı, nə Başlıbeli, nə də törədilmiş digər cinayətləri unutmayacaq. Xalqımız bu gün “Ballıqaya faciəsi”nin 29-cu ildönümündə faciənin günahsız qurbanlarını hörmət və ehtiramla yad etdiyi kimi bundan sonra bəşəriyyət var olduqca bu tarixləri yaddaşından silməyəcək. Azərbaycan dövlətinin, onun liderinin və xalqının haqlı mübarizəsi sonda bütün cinayətkarların törətdiyi əməllərə görə cavab verməsi, ədalətin parlaq zəfəri ilə yekunlaşacaq!

 

X X X 

 

Bu faciədə altı uşağını, bir həyat yoldaşını itirən Vəzir Hümbətov açıqlamasında bildirib ki, 1992-ci il mayın 17-də Laçın şəhəri işğal olunduqdan son ucqar kəndlərdə yaşayan laçınlı ailələr yavaş-yavaş evlərini tərk etməyə başlayıb.

 

Yaxın qohumluq münasibətləri olan yeddi ailənin ümumilikdə təkcə 460 baş xırdabuynuzlu heyvanı olduğu üçün heyvanları çadır qurub yaylaqda saxlamaq məcburiyyətində qalıblar.

 

V.Hümbətov digər qohumlardan olan kişilərlə məskunlaşmaq üçün Bərdə rayonuna yer axtarmağa gəlib. Geri qayıdanda isə ermənilərin bütün alaçıqları gülləboran etdiyini, onun ailəsi yaşayan tikilini isə uşaqları güllələdikdən sonra yandırdığını görüb. V.Hümbətov yanan tikilidəki kül qalığının altından həyat yoldaşı Hümbətova Hürzaman Qara qızının və övladları Hümbətov Bəxtiyar Vəzir oğlu, Hümbətov Canpolad Vəzir oğlu, Hümbətov Elçin Vəzir oğlu, Hümbətov İsmayıl Vəzir oğlu, Hümbətov Nəbati Vəzir oğlu, Hümbətova Gülnar Vəzir qızının sümüklərini toplayaraq gətirib Ağdam rayonunun Güllücə kənd məzarlığında dəfn edib. 29 ildir əzizlərinin məzarını ziyarət edə bilməyən Vəzir Hümbətov bu il ilk dəfə bir məzarda dəfn etdiyi yeddi əzizinin qəbrini ziyarət edib. Bu səbəbdən də Vəzir Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür edir.

 

Deyir ki, ailəsi və yaxınlarını bir gecədə qıran erməni terrorçularının qisası qiyamətə qalmadı və həm ana vətəni, həm də əzizlərini dəfn etdiyi Ağdam rayonu işğaldan azad olunub.

 

Ermənilərin hücum etdiyi gecə Sahib və Binnət Mehdiyev qardaşları isə Gəncə şəhər xəstəxanasında olublar. Onlar da geri qayıdan gün ailəsindən altı nəfərin qətlə yetirildiyini görüb. Bir ailədən olan 62 yaşlı Hümbət Mehdiyev, onun həyat yoldaşı, 57 yaşlı Qənirə Mehdiyeva, övladları, 31 yaşlı Fikrət, 25 yaşlı Ayna, 19 yaşlı Mehdi, 33 yaşlı gəlini Bəyim də ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib.

 

Həmin gün səkkiz nəfərlik ailədən cəmi üç nəfər sağ qalıb. O gündən sonra Sahibin bacısı ailə qurmayıb. Deyirlər özünü döyməkdən iflic edib. Sahib isə evlənib və bir qızı, bir oğlu var. Həmin gün həyat yoldaşı Bəyimi itirən Binnət sonrakı illərdə ailə qurub. Onların bir daha övladları olmayıb.

 

Ballıqaya faciəsini yaşayan və bu gün Bərdənin “Xam Torpaq” adlanan ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayan ailələrdən biri də Yunis Mehdiyevdir. Yunis Mehdiyev həmin gecə dörd nəfər ailə üzvünü - 67 yaşlı anası Gülayə Mehdiyeva, 39 yaşlı qardaşı Rəhbər, onun həyat yoldaşı Nübar Kəlbalıyeva və bacısı 36 yaşlı Sürəyya erməni vəhşiliyinin qurbanı olub. Ermənilərin çadırları mühasirəyə alıb atəşə tutduğunu görən valideynlərin hər ikisi özünü körpələrinin üstünə atıb. Bədənləri güllə yarasından deşik-deşik olan Rəhbər və Nübar üç körpəsini qoruya bilib. Uşaqların hər üçü də güllə yarası alıb. Lakin çadıra girən ermənilər meyitlərin altında yaralı və qan içində olan uşaqların qısa vaxtda öləcəyini düşünüb oranı tərk edib. Hadisə yerinə gələn Azərbaycanlı polis və hərbçilər uşaqların sağ qaldığını görüb onları xəstəxanaya yerləşdiriblər.

 

Yunis şəhid qardaşı Rəhbərin yetim qalan üç övladı Lamiyə, Elxan və Məhəmmədə sahib çıxıb və onları böyüdüb.

 

Soyqırım qurbanlarından üçü, 1934-cü il təvəllüdlü Abdulla Abdullayev, 30 yaşlı oğlu Fərman və 19 yaşlı qızı Səadət Bərdənin Qaradəmirçi kənd məzarlığında dəfn olunub.

 

60 yaşlı Minarə Alməmmədova, onun iki qız övladı, 20 yaşlı Zeynəb və 16 yaşlı Kəmalə də həmin gecənin qurbanlarındandır. Onlar Bərdə rayonunun Tumaslı kənd məzarlığında dəfn olunub.

 

Yunis və Sahibin ailə üzvləri, 10 nəfər bir yerdə Nazırlı kənd məzarlığında dəfn olunub.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
...

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə