Təqvim
APTEKLƏRDƏKİ MASKA ALVERİNİN BAŞINDA KİMLƏR DURUR?
01 aprel 2020 - 16:46

Apteklərdəki maska alverinə dair “Təzadlar”ın əməkdaşlarının bu səhər apardıqları monitorinqi nazirin mövcudluğuna olan-qalan ümidləri sıfıra endirmiş oldu...
Bildiyiniz kimi, Azərbaycan artıq iki həftədən çoxdur ki, xüsusi rejimdə yaşayır: əksər iş yerləri bağlanıb. Ölkə Prezidentinin sərəncamı ilə dünyanı cənginə almış koronavirusa qarşı mübarizə ilə bağlı xüsusi Fond yaradıldı, yenə də Prezidentin sərəncamı ilə Fonda 1 milyard manat pul ayrıldı. Ardınca ayrı-ayrı iş adamları və təşkilatlar, fərdi şəxslər, dövlət qurumları fonda vəsait köçürməkdədirlər.
Qısası, Azərbaycan koronavirusla bağlı mübarizəyə başlayıb. Açıq desəm, bu mübarizədə Qarabağ kimi bir problem də az qala arxa plana keçib. Bu Azərbaycan vətəndaşlarının dünyanı qorxuya salmış bəlli virusa qurban verilməməsinin məsuliyyətidir və Prezidentin tapşırıqları, sərəncam və tövsiyyələri də buna hesablanıb.
Dünən isə Azərbaycanda 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək elan edilən xüsusi karantin rejimində fəaliyyətini davam etdirməyə icazə verilən qurumlar və sahələr müəyyənləşdi. Bunlar Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərdə əksini tapıb. Bu müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə bir sıra mühüm istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir. Görün vəziyyət nə yerdədir ki, hamıya “Evdə qal!” çağrışı edilib və zəruri hallarda küçəyə çıxarkən mütləq maska taxılması tələb edilir.
Bəs maskanı hardan alıb taxmalı? Təsəvvür edirsinizmi, kosmosa iki süni peyk buraxmış, yəni dünyanı kosmosdan görən Azərbaycanın Səhiyyə Nazirliyi və naziri Oqtay Şirəliyev isə Bakı küçələrində (görün rayonlarda vəziyyət necədir) maska alveri aparan apteklərin hoqqalarını görə bilmir!
Mən bu sətirlərin məsuliyyətini dərk edərək açıq yazıram: Prezidentinin çağrışlarına məhəl qoymayan, addımbaşı apteklərində ölkə əhalisinin həyatını risqə atmış bir virusla mübarizədə əsas vasitə olan adi bir maskanı təmin edə bilməyən, yaxud onun apteklərdəki həyasızcasına alverinə susan nazir utanıb yerə girməlidir! Əhali iki həftədir ölüsünü ağlaya bilmir, toyunu təxirə salır, nazirin apteklərində isə insanların həyəcan və dərdi üstündə maska alveri gedir! Prezidentin etimadı və etibarı, nazir təyin edən sərəncamı burnunuzdan gəlsin!
Necə ola bilər ki, “Təzadlar”ın əməkdaşlarının apardığı monitorinqlərdə apteklərdəki maska hoqqabazlığı müəyyən edilir, faktlar ortaya qoyulur, bu yandan nazirin komandası isə bunlardan xəbərsizdir???
Monitorinqimiz Biləcəridən başladı (Dəmiryol Xəstəxanasının girişindəki aptekdən) və Xətai rayon Prokurorluğunun qarşısındakı aptekdə bitdi. Fırıldaqçı aptekləri fotolarda görəcəksiniz. Yalnız Biləcəridəki aptekdə adi maska var idi və 30 qəpiyə satılırdı, sağ olsunlar, əməkdaşlarımız iki ədəd aldı. Qalanları isə ağzımızı açıb söz deməmiş tutuquşu kimi “Maska yoxdur!” cavabını verirdilər.
-Niyə yoxdur?
-Dünən olub, qurtarıb...
-Nə vaxt olacaq? İki-üç günə bəlkə oldu...
-İki-üç günə əhali nə etsin, axı xüsusi rejim tətbiq edilib, maskasız adamlar cərimələnir, cəzalandırılır...
-Onu nazirlikdən tələb edin...
-Hansı nazirlikdən, DİN-dən, yoxsa DTK-dan...
-Düz deyirsiniz, Səhiyyə Nazirliyindən yox, sonunculardan. Onlar işə qarışsa tapılacaq...
Görürsünüz, səhiyyə işçisi də nazirini adam hesab eləmir, fəaliyyətsizliyindən bezib.
***
Beləcə, şəkillərdə aptekləri sıra nömrəsi ilə təqdim edirik:
1-ci foto(Biləcəridə, maska satan aptek, daşı düşsün “Maska yoxdur” deyənlərin başına və vicdanına).
2-ci və 3-cü foto: (Avtovağzal körpüsünün altında).
4-cü foto (S.Vurğunla Bakıxanovun tinindəki aptek. Satışa 25 manatlıq maska qoyublar və pensiyası ayda 200-250 manat, kommunal xərci 100-150 manat olan insanlara təklif edirlər).
5-ci və 6-cı foto: (Yenə də S.Vurğun küçəsində).
7-ci foto (Nizami küçəsi ilə Bank Of Baku-nun kəsişməsində. Aptekdə bir yaşlı kişi oturub, bizi görən kimi haray-həşir saldı: “Yarım saatdır oturmuşam, deyir ki, maska yoxdur”. Cavan oğlandan soruşuruq:
-Niyə yoxdur?
Yazıq görkəm alır:
-Qurtarıb...
-Biz monitorinq keçiririk, qanacağın olsun, altdakından bir dənəsini o kişiyə ver...
-Bir dənədir, özüm üçündür.
-Özün gələndə götürərsən, ver o kişiyə, yoxsa adın “qara siyahıya” düşəcək...
Sonra aşağı əyilib eşələnir...).
...Hələlik bu qədər. Bunlar nazir Oqtay Şirəliyevin yarıtmaz fəaliyyətinə dair bir saatlıq monitorinqimizin sübutlarıdır. Əgər nazir və də digər qurumlar apteklərdəki bu hoqqabazlığa və Azərbaycan insanının taleyinə, deməli, dövlətimizin aqibətinə alver gözü ilə baxırlarsa, şəxsən daha mənim sözüm yoxdur... Bu dəfə son sözü Azərbaycanın taleyini belə məsuliyyətli günlərdə təkbaşına düşünən, əlindən gələni edən Prezident İlham Əliyev deməlidir. Yoxsa...
Asif MƏRZİLİ tezadlar.az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, ELM

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə