Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar bəyanat yayıb. "Tarix boyu təcavüzkarlıq, etnik təmizləmə və soyqırım siyasəti həyata keçirən erməni millətçilərinin xalqımıza qarşı törətdikləri soyqırımı aktları sırasında 31 mart soyqırımı xüsusi yer tutur. 1918-ci il mart ayının 30-da Bakıda erməni kilsəsi yanında toplaşan daşnak dəstəsinin müsəlmanlara ilk atəşi açması, bir gün sonra isə bolşevik-daşnak qruplaşmalarının azərbaycanlılar yaşayan "Kərpicxana”, "Məmmədli” və başqa məhəllələrə hücum etmələri ilə başlayan qanlı hadisələr nəticəsində erməni vandalları insanlıq əleyhinə cinayətlər törətmişlər.
Ermənilər Bakı ilə yanaşı, Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımı aktı törətmişlər. Bütövlükdə isə 31 mart və 1-2 aprel 1918-ci il tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda qırğınlar kütləvi xarakter almış, erməni dəstələri 50 mindən çox dinc sakinin həyatına son qoymuşlar. Hadisələr zamanı Şamaxı qəzasının 110, Quba qəzasının 167, Qarabağın 150-dən çox, Zəngəzur qəzasının 115, Qars vilayətinin 98 kəndinin dağıdılması və yandırılması, çoxsaylı evlərin talan edilməsi, yüzlərlə günahsız insanın, o cümlədən qadın və uşaqların qətlə yetirilməsi erməni milllətçilərinin xalqımıza qarşı soyqırımı siyasətini əks etdirən konkret faktlar və acı tarixi həqiqətdir. Azərbaycanın tarixi torpaqlarına daxil olan İrəvan şəhərində və onun ətrafında 199 kənd yerlə yeksan edilmiş, 132 min azərbaycanlı amansızcasına öldürülmüşdür.
Həmçinin, azərbaycanlılara məxsus məktəblərin, kitabxanaların, mədəniyyət ocaqlarının, Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyə”nin yandırılması, "Açıq söz”, "Kaspi”, "Baku” qəzetlərinin redaksiyalarının, eyni zamanda, "Təzə pir” məscidinin minarələrinin dağıdılması erməni vandalizminin daha bir nümunəsidir.
1918-ci ildə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuşdur. 26 mart 1998-ci il tarixdə Prezident Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə siyasi qiymət verilmiş, 31 mart "Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir və hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunmaqdadır.
Aparılmış araşdırmalar nəticəsində çoxsaylı yeni faktlar və sənədlər toplanmış, həmçinin Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Qətlə yetirilənlərin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Quba Soyqırımı Memorial Kompleksi erməni qatillərinin vandalizmini təsdiqləyən əyani dəlilləri özündə əks etdirir.
1918-ci ildə erməni quldur dəstələrinin Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər məhz soyqırımı cinayətidir. Minlərlə dinc azərbaycanlı yalnız etnik mənsubiyyətinə görə qətlə yetirilmişlər. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, insanlığa qarşı ən ağır cinayətlərdəndir. Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada təsbit olunmuşdur. Konvensiyaya görə, qabaqcadan düşünülmüş qaydada, hər hansı milli, etnik, irqi, yaxud dini qrupun kütləvi şəkildə tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilmiş cinayət əməlləri soyqırımı aktıdır. Bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmişdir və odur ki, bu hadisələr beynəlxalq hüquq normalarına əsasən soyqırımı kimi qiymətləndirilməlidir.
Tarixi faktlar göstərir ki, azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qoyulması, habelə erməni millətçilərinin təcavüzkar iddiaları sonrakı dövrlərdə də davam etmişdir. Belə ki, 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər azərbaycanlı qətlə yetirilmişdir.
1988-ci ildən erməni millətçiləri yenidən fəallaşmağa başlamışlar. SSRİ rəhbərliyinin razılığı ilə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürmüş, işğalçılıq siyasətinə başlamış, soyqırımı cinayətləri törətmiş və bu gün də həmin təcavüzün ağır nəticələri davam edir.
Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilmiş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların bütün fundamental hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur. Ermənistanın silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində azərbaycanlılara qarşı XX əsrin ən dəhşətli soyqırımlarından birini törətmiş və şəhəri viran etmişlər. Xocalı şəhəri ilə yanaşı, erməni millətçiləri və terrorçuları Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində də soyqırımılar, kütləvi qırğınlar törətmişlər.
Biz beynəlxalq hüquq normaları və prinsiplərini rəhbər tutaraq dünya ictimaiyyətini – dövlətləri və beynəlxalq təşkilatları 31 mart - Azərbaycanlıların Soyqırımını tanımağa, qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə çağırırıq. Azərbaycanın BMT tərəfindən tanınan əzəli torpaqlarını işğal altında saxlayan, azərbaycanlılara qarşı təcavüzkar siyasət yeridərək çoxsaylı soyqırımı aktları törətmiş Ermənistana qarşı sanksiyalar tətbiq olunmalı, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş fundamental hüquqları bərpa edilməli, dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə ədalət mühakiməsinə cəlb olunmalı və cəzalandırılmalıdırlar".
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
Bütün hüquqlar qorunur © 2024