Təqvim
Ağdam teatrının yeni uğuru (+FOTOLAR)
05 noyabr 2019 - 12:00

Canveten.az xəbər verir ki,  2019-cu ilin oktyabr ayının 11-də Mingəçevir Dövlət Dram Teatrının aktrisası, Xalq artisti Ella Yaqubova, truppa müdiri Könül Hacıyeva və mən, bizim tearda maraqlı yazıçı, ictimai xadim Qənbər Şəmşiroğlunun  oxucular arasında böyük maraq yaratmış “Caninin etirafı” romanı əsasında ( səhnələşdirənlər Nəriman Ocaqlı, Ağalar İdrisoğlu) eyni adlı tamaşaya quruluş verən, tanınmış yazıçı, rejissor, junalist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, “Azad Azərbaycan” qəzetinin şöbə müdiri, Əməkdar incəsənət xadmi Ağalar İdrisoğlu ilə Ağdama getmişdik. Həmin gün Ağdam Dövlət Dram Teatrında Ağalar İdrisoğlunun “Məhəbbətsiz həyat”pyesinin, teatrın baş rejissoru, Əməkdar artist Novruz Cəfərovun quruluşunda ilk tamaşası olacaqdı. Belə ki, Ağalar  İdrisoğlunun bu pyesini teatrın kollektivi  “Qaçırılmış qız” adı ilə ilk dəfə oynayacaqdı.

Mən 1985- 1988-ci illərdə Ağdam Dövlət Dram Teatrında aktyor işləmişdim. Həmin vaxtlar teatra Ağalar İdrisoğlu çox böyük uğurla rəhbərlik edirdi. O, dünya dramaturgiyasının inciləri olan bir-birindən maraqlı pyeslərə  quruluş verirdi. Hətta onun bir vaxtlar yazdığı və 1985-ci ildə Moskvada  SSRİ  Dramaturqlar müsabiqəsində 48 pyesin arasında ən yaxşı üç pyesdən biri kimi laureat olan “İnan mənə” pyesinə də Ağalar İdrisoğlunun bədii rəhbərliyi ilə həmin vaxtlar Ağdam Dövlət Dram Teatrında akyor işləyən, bu gün Azərbaycanın tanınmış aktyorlarından, rejissorlarından biri olan, Şuşa Musiqili-Dram Teatrında aktyor işləyən, Əməkdar artist Nazir Rüstəmov da çox maraqlı quruluş vermişdi. Tamaşa da hər dəfə göstəriləndə, həmişə tamaşaçılar tərəfindən maraqla qarşılanırdı.

Mən 1988-ci ildə təyinat vaxtım bitdiyinə  görə  həmin teatrdan işdən çıxıb, doğulub boya-başa çatdığım Mingəçevir şəhərinə gəldim və buradakı Dövlət Dram Teatrında aktyor kimi öz işimi davam etdirdim. Sonra daha Ağdama gedə bilmədim. Sonra da Qarabağ müharibəsində erməni gavurları tərəfindən Ağdam şəhəri və bəzi kəndləri işğal oludu. Açığı bu da mənə çox pis təsir elədi. Çünki mən, Ağdamın orada işlədiyim dövrdə ağ gülərini çox görmüşdum. Ağdam həmin vaxtlar, oranın birinci katibi işləyən, dəyərli ziyalı Sadıq Murtuzayein sayəsində özünün gözəlliyinə, yüksək iqtisadiyyatına, quruculuğuna, mədəniyyətə, ədəbyyata, incəsənətə yüksək qiymət verildiyinə və dünyada ikicni olan “Çörək” muzeyinə görə  o  vaxtlar çox yüksək səviyyədə inkişaf edirdi... Sözün həqiq mənasında  Ağ Dam idi.  Hətta Qarabağın gözü sayılırdı.

Mingəçevirdən Ağdama gedənə qədər Ağalar İdrisoğlu ilə həmin günləri yada salırdıq... Hər ikimiz bu gün Ağdamın işğalda omasına çox heyfislənirdik...

...Tamaşaya həddindən çox  tamaşaçı gəlmişdi.  Hətta elə tamaşaçılar vardı ki, tamaşaya ayaq üstə baxırdılar. Və tamaşanın hər bir epizodu sürəkli alqışlarla qarşılanırdı. Çünki tamaşada baş verən hadisələr müasir günümüzlə, çoxlu ailələrdə baş verən konfliktlərlə,  cavanların çox vaxt sevmədən, var-dövlətə aldanaraq ailə qurmasına və sonda həyatlarının faciə ilə bitməsini göstərən  qırmızı xətlə keçirdi. Belə ki, pyesin günümüzlə səsləşən çox maraqlı süjeti var.

 Bakıda aparıcı teatrların birində aktyor işləyən və on aydır ki, işinin çoxluğundan atasını, anasını  görmək üçün ata ocağına gələ bilməyən  Murad axır ki, doğma yurda  gəlir. Anası Aysur onu çox tənəli qarşılayır. Hinə girmək istəməyən və hasardan atılaraq, oğlu  Cavadgilin həyətinə keçən çil beçənin də hirsini Aysur oğlu Muradın üstünə tökür. Belə  ki, hindəki toyuqlar da elə Aysurun oğlanları- Cavad, Səməd və Murad kimi yola getmək istəmirlər. Hində bir-birini qırırlar. Hinə girmək istəmirlər. Elə bil ki, çil beçə də “üsyan” eləyərək hinə girmir və hər gecə Cavadgilin ağaclarında yatıb qalır. Bu da Aysura bir dərd olub. Oğlanları arasındakı konflikt də Səmədin qızı Bənövşə qoşulub qaçanda sonra daha da dərinləşib. Hətta iki ay bundan qabaq, televizorda əmisi Muradı oynadığı rolda görən Bənövşə, əmisi Cavadgilə gəlib. Cavad da onu evdən qovmayıb. Bunu bilən Səməd də gəlib Cavdla möhkəm dalaşıb. İki qardaş arasında baş verən davadan ürəkkeçmə xəstəsi olan Aysurun ürəyi gedib. Qorxudan hətta bir müddət  dili də  tutulub. Qaranlıqda kimsə ayağının üstünə çıxıb və qıçı da möhkəm əzlib. Səməd də hər gün Muradın ardınca deyinir ki, başqasına nişanladığı Bənövə,  məhz Muradın məsləhəti ilə Rəhimə qoşulub qaçıb. Hadisələrin belə kəskin bir vaxtında Murad kəndə gəlib. O, avtobusdan düşəndə onu Rəhim görüb, amma utandığından və qorxduğundan Murada yaxınlaşmayıb. Bu xəbəri də gəlib, Bənövşəyə deyib. Bənövşə də israrla istəyir ki, babasıgilə gedib, əmisi Muradı görsün. Baxmayaraq ki, onu da fikirləşir atası bunu biləcək və hətta ola bilər ki, babasıgilə gəlib, Bənövşəni orada görə bilər. Onda vəziyyət daha da pisləşər. Rəhim də bunu ona başa salmaq istəsə də Bənövşə ona qulaq asmaq istəmir. Anası Aysurun deməyindən Murad eşidir ki, atası Mərdan da uzun müddətdir xəstədir. Onlar həyətdən evə keçirlər. Uzun müddətdir ki, yata bilməyən Mərdan  artıq  yatıb. Aysur əri Mərdanı oyadıb, göz aydınlığı vermək istəyir  ki, Murad gəlib. Amma artıq yaddaşı da pozulan Mərdan, oğlu Muradı da tanımır. Bu vaxt Bənövşə gəlir. Aysur bundan çox həyəcanlanır. Çünki tezliklə Səməd onları yoluxmağa gələcək. Həm də gələndə atasına dərman və onlara yavanlıq alıb gətirməlidir. Ona görə də Aysur, Bəövşəni məcbur eləyir ki, tez çıxıb getsin və onları qana salmasın.  Amma Murad buna imkan vermir. Bənövşənin  yalvarışlarına baxmayaraq, Aysur onun buradan getməsində israrlıdır. Bu vaxt Səməd gəlir. Bənövşəni burada görəndə möhkəm əsəbiləşir. O, artıq hamilə olan Bənövşəni vurmaq və evdən qovmaq istəyəndə, Murad onun qarşısını kəsir. Səmədlə Murad  dava  eləyirlər. Aysur onları bir təhər ayırır. Aysur da tənə eləyir ki, Bənövşə bu evdən getsin. Bu vaxt Bənövşə cibində gətirdiyi bıçaqla özünü öldürmək istəyir. Murad bıçağı ondan alır. Hadisələr daha da kəskinləşir. Məlum olur ki, bu ailədə başda Aysur-Mərdan olmaqla heç kim öz istəyilə ailə qurmayıb. Cavad da, Səməd də öz istədikləri qızları yox, sevmədikləri varlı adamların qızlarını alıblar. Məhz buna görə  onların da ailəsində həmişə söz-söhbətlər var. Aysurun da vaxtı ilə istədiyi oğlan olub, amma Mərdan onu zorla atın belinə qoyaraq, qaçırıb və bütün həyatları boyu dava-şava ilə yaşayıblar. Uzun illər kənd sovetinin sədri olan və Aysur deyən kimi “Allaha, Allahlıq eləməyən Mərdan indi qocalıb, xəstədir. Hər gün də ölümlə üz-üzədir”.  Ailədə olan dava-şava övladlarına da sirayət eləyib. Ona görə də üç qardaç arasında da həmişə düşmənçilik, dava-dalaş  var. Aysur indi məcburdur ki, el qınağına tuş gəlməmək üçün ağır xəstə olan əri  Mərdana baxsın. Cavanlığında Mərdanın hegemonluğuna dözdüyü kimi, indi də onun qınaqlarına dözsün.

Səmədə ən çox  yer eləyən və onu əsəbiləşdirən də odur ki, Bənövşəni nişanladığı oğlanın atası artıq rayonun ən aparıcı şəxslərindən biri olub. Əgər qızını onun oğluna versəydi, indi Səmədə arxa-dayaq olardı. Hadisələrin daha da kəskinləşdiyini görən Murad məcbur olub, Bənövşəni yola gətirib, evdən çıxarır. Sonra Səmədlə Muradın davaları başlayır. Səməd onu hər cürə sözlərlə təhqir eləyir. Yenidən qardaşlar dalaşırlar. Bu vaxt Aysurun ürəkküçməsi tutur... Aysur özünə gələndən sonra bu ailədə yeganə Bənövşənin öz istəyilə ailə qurduğuna görə onu da incitdiklərini, təhqir elədiklərini dilinə gətirir, etiraf eləyir  və özlərinin böyük  səhv etdiklərini bildirir. Özünü, oğlanları Cavadı, Səmədi yamanlayır ki, “biz Bənövşəyə qarşı düz hərəkət eləmirik”..

Bu vaxt məlum olur ki, Murad Bakıda ev alıb və gəlib atasını, anasını buradan aparsın. Onlar buradakı söz-söhbətdən uzaq olsunlar. Səmədin qorxusundan Aysur onun bu təklifindən imtina eləyir. Yenidən qardaşlar arasında dava başlayır. Aysur onları heç cürə ayıra bilmir. Möhkəm əsəbiləşir və qışqırır. Əsəbdən beyninə qan sızan Aysurun xəstə ürəyi partlayır və ölür. Qardaşlar artıq indi səhv etdiklərini başa düşürlər. Amma sonrakı peşimançılıq fayda verməz. Bu vaxt səhnəyə Rəhimlə Bənövşə gəlirlər. Məlum olur ki, Bənövşə evə gedəndən sonra da özünü öldürmək istəyib. Rəhim də gəlib Səmədlə dava eləsin. Onlar bu vaxt yerdə Aysurun meyidini gördükdə şok vəziyyətinə düşürlər. Artıq Səməd, qızı Bənövşəyə qarşı  elədiyi əməllərdən, hegemonluqdan, qaba hərəkətlərdən, istədiyi kasıb oğlan Rəhimə qoşulub qaçdığına görə onu təhqir etməsindən, ata ocağına yaxın buraxmamasından  peşimandır. O, qızı  Bənovşəni yanına çağırır. Onu qucaqlayıb, hönkür-hönkür ağlayır. Onun ağlaması da peşimançılıq əlamətidir. Beləliklə, bu melodrama çox qəmli notlarla  və faciə ilə bitir. Amma zalda əyəşən tamaşaçılar üçün bir örnək olur ki, vara-dövlətə aldanıb, sevmədən ailə quranların taleyi heç də yaxşı olmur. Onların günü  ah-vayla keçir. Ailədə sevgi, var-dövlətdən üstündür. Ər-arvadın bir-birini başa düşməməsi, dava-dalaşla yaşaması isə  faciədir.

Bir saat davam eləyən “Qaçırılmış qız” tamaşası quruluşçu rejissor Novruz Cəfərov tərəfindən çox maraqlı, düşündürən mizanlarla qurulduğundan və  o, bir rejissor kimi hər bir aktyorla lazım olan səvyyədə işlədiyindən, hər bir rolu obraz səviyyəsinə qaldıra bilib. Belə ki, Aysur- Aida Qasımova (Əməkdar artist), Mərdan-Cəfər Bayramov, Səməd-Nizami Ələkbərov, Murad-Fərhad Fərhadzadə, Bənovşə-Nuranə Əliyeva, Rəhim-Səda İbrahimov öz rollarını yüksək peşəkarlıqla ifa etməklə, hər biri tamaşaçılar tərəfindən tez-tez alqışlarla qarşılanırdılar. Bu da ilk öncə rejissorun böyük uğuru deməkdir. Çünki burada oynayan aktyorlardan- Fərhad Fərhadzadə,  Nuranə Əliyeva və Səda İbrahimov demək olar ki, səhnədə ilk addımlarını atırlar. Amma onlar da öz rollarını peşəkar aktyorlar- Aida Qasımovadan, Cəfər Bayramovdan və Nizami Ələkbərovdan heç də pis oynamırlar. Ona görə də  özü çox maraqlı, peşəkar aktyor olan, quruluşçu rejissor Novruz Cəfərov tərəfindən səhnədə çox maraqlı ansambıl yarandığından və pyes də çox məzmunlu  olduğundan tamaşa yüksək maraqla baxılır. Deməli, bu, teatrın böyük uğurudur. Bu tamaşada rəssam işi də maraqlıdır. Quruluşçu rəssam Müşfiq Qarayev tərəfində çox sadə detallarla kənd  evi atmasferi yaradılıb. Səhnənin çox imkansız vəziyyətdə olmasına baxmayaraq, rəssam, rejissorla birlikdə bu imkansızlıqdan maksimum  istifadə etməklə baxımlı tərtibat yaradıblar. Tamaşada musiqi tərtibatı da  Elşən Cəfərov tərəfindən çox maraqla işlənib. Belə ki, qədim aşıq musiqiləri və ritmik musiqi üstündə bədbəxt taleli ailələrin öz bədbəxtliklərini maskalaması bu musiqilərdə aydın duyulur.

Beləliklə, oktyabr ayının 11-də biz, Ağdam Dövlət Dram Teatrının yeni bir uğuru olan Ağalar İdrisoğlunun “Məhəbbətsiz həyat” pyesi əsasında,quruluşçu rejissor və teatrın baş rejissoru Novruz Cəfərovun “ Qaçırılmış qız” tamaşasına baxdıq. Mən inanıram ki, bu tamaşa teatrın repertuarında özünə çox layiqli yer tutacaq. İştirakçısı az olduğuna və yığcam dekorasiyası olduğuna görə  teatr rəhbərliyi tərəfindən bu tamaşa yəqin ki, Azərbaycanın rayonlarına qastrol səfərlərinə tez-tez gedəcək. Çünki pyes milli ruhda yazıldığına görə, Azərbaycanda belə bədbəxt taleli, övladlarının gələcək taleyini, arzusunu,  istəyini  fikirləşmədən qızlarını varlı adamlara vermək istəyən  valideynlər həddindən artıq çoxdur. Bu tamaşa da onlara bir dərs olacaq.

Tamaşadan sonra müəllif, tanınmış yazıçı-rejissor Ağalar İdrisoğlu tamaşaçılar qarşısında çıxış edib, teatrın kollektivinə öz təşəkkürünü bildirdi. Özünün bir vaxtlar bu teatra rəhbərlik etməsindən, həmin vaxtı Ağdam Dövlət Dram Teatrının çox böyük kollektivi və maraqlı repertuarı olmasından, Ağdamın xoş günlərindən və bu gün də teatrın yaxşı uğurlar əldə etməsindən danışdı. Ağalar İdrisoğlu onu da vurğuladı ki, o, bu pyesi elə 1985-ci ildə Ağdam Dövlət Dram Teatrında işləyən vaxtı yazıb. Taleyin hökmünə bax ki, bu pyesin də ilk səhnə taleyi  elə Ağdam Dövlət Dram Teatrında düz 34 il sonra reallaşdı və tamaşaya çevrildi. Müəllif sonda onu da vurğuladı ki, “mən inanıram tezliklə torpaqlarımızı milli birliyə nail olmaqla, öz gücümüzlə geri qaytaracağıq. Arzu edirəm ki, həmin vaxtı bu tamaşa Xankədinin, Xocalının, Xocavəndin, Ağdərənin, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın mərkəzlərində və kəndlərində göstərilsin”.

 

Qabil  İBRAHİMLİ

 

Sosial şəbəkələrdə paylaş:

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə