Təqvim
ŞAHVƏLƏD XƏLİLOVUN 80 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB (+FOTOLAR)
04 oktyabr 2019 - 17:45

Canveten.az xəbər verir ki, AMEA-nın Yer Elmləri Bölməsi, AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə AMEA-nın müxbir üzvü, coğrafiya elmləri doktoru, professor Şahvələd Xəlilovun anadan olmasının 80 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

AMEA Yer elmləri bölməsinin akademik katibi, akademik Fəxrəddin Qədirov giriş sözü ilə çıxış edərək  görkəmli tədqiqatçı alim Şahvələd Xəlilovun həyat və yaradıcılığı barədə məlumat verib. Göstərilib ki, o, 100-dən artıq elmi əsərin, o cümlədən 5 monoqrafiyanın  müəllifidir. Həmçinin ASE-nin VI-X cildlərində Azərbaycanın çayları, gölləri və su anbarlarına aid 50-dən artıq məqalə çap etdirmişdir. Onun 12 elmi əsəri xarici ölkələrdə nəşr olunmuşdur. 20 il ərzində Azərbaycan televiziyasının ən çox sevilən “Səyahət” və “Sovet Azərbaycanına səyahət” elmi-kütləvi verilişlərinin aparıcısı olmuşdur.

Akademik Ramiz Məmmədov məruzəsində alimin hidro-ekoloji fəaliyyətini səciyyələndirərək  onun Azərbaycan coğrafiyaçıları içərisində ilk olaraq yeni su anbarlarının səmərəli yerləşdirilməsinin əsas ekoloji-coğrafi prinsiplərini,  o cümlədən onların elmi-texniki layihə və xəritələrini işləyib hazırladığını, hətta onların ətraf mühitə vurduğu ziyanın kəmiyyət və keyfiyyət təsirini, mövcud su anbarlarının lillənməsi, sahillərin dinamikasının coğrafi proqnozunu da verdiyini diqqətə çatdırıb.

C.ü.f.d. Habil Haqverdiyev coğrafiyaçı alimin həyatı, elmi, pedaqoji, ictimai-siyasi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Bildirilib ki, Ş.Xəlilov coğrafiyaşünas alim olmaqla bərabər, eyni zamanda, ictimai xadim olmuş, Azərbaycan EA partiya komitəsinin katibi, Bakı Şəhər Sovetinin deputatı seçilmiş, Azərbaycan müstəqillik əldə etdikdən sonra YAP Yasamal rayon təşkilatının əsas təşkilatçılarından biri,  AR Prezidenti yanında AAK Ekspert şurasının üzvü olmuşdur.

Akademik  Qərib Məmmədov, BDU-nun alimləri - coğrafiya fakültəsinin dekanı, c.e.d., dosent Şəkər Məmmədova,  Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadə, Təbiəti mühafizə kafedrasının müdiri, c.e.d., professor  Şövqi Göyçaylı, İqtisadi coğrafiya  kafedrasının müdiri, c.e.d., professor Tapdıq Həsənov, Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, c.e.d., professor Rza Mahmudov, şair Oqtay Zəngilanlı və Coğrafiya İnstitutunun  aparıcı elmi işçisi Qəşəm Yaqubov çıxış edərək Ş.Xəlilov haqqında xatirələrini bölüşüb, yüksək insani keyfiyyətlərindən söhbət açıblar.  Qeyd edilib ki,  görkəmli tədqiqatçı-alim, vətəndaş, ictimai-siyasi xadim, təbiətin keşiyində zəhmət çəkən  həssas-vətənpərvər insan Şahvələd müəllim az yaşadı. Lakin vətəni üçün, xüsusilə müasir coğrafiya elminin inkişafı üçün çox iş gördü.

Sonda alimin oğlu Eldar Xəlilov tədbirdə iştirak edən ailə üzvləri və qohumları adından atasının xatirəsinin əziz tutulduğuna və tədbirin təşkilinə görə institut rəhbərliyinə öz minnətdarlığını bildirib.

 

Sosial şəbəkələrdə paylaş:

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə