Təqvim
Təhsil və təlimdə zəruri uç amil
21 avqust 2019 - 12:00

Bu məqalə “Təhsil Araşdırmaları Mərkəzi” tərəfindən Astara Rayon Təhsil Şöbəsinə müraciət olaraq təqdim olunur.
Qeyd edək ki, təşkilatımız, son 1 ildə Astara Rayonundakı təhsil durumu və məktəblərlə bağlı daxil olmuş sorğu və şikayətlərin araşdırılması ilə məşğul olmuş və iyul ayında müvafiq hesabat hazırlamışdır. Avqust ayında isə Astara Təhsil Şöbəsinin rəhbəri hörmətli Rəşad Həsənova sualla müraciət etmək qərarına gəlmişdir. Sualımız, sırf təhsil və təlimə aid olmuşdur: “Sizcə təhsil və təlimdə ən mühüm amillər hansılardır?”
Məktubumuzu, Astara Təhsil Şöbəsinin rəsmi elektron ünvanına (astara@edu.gov.az) dəfələrlə və müxtəlif vaxtlarda göndərməyə çalışsaq da, sonda məlum olmuşdur ki, sistem məhz bu cür qurulubdur ki, məktub göndərmək mümkün olmasın. Daha sonra, Astara Təhsil Şöbəsinin rəsmi feysbuk hesabının mesaj bölməsinə göndərmək istəsək də, mesaj yerinin də bağlı olduğu məlum olmuşdur.. Növbəti dəfə isə Rəşad Həsənovun feysbukdakı profilinə dostluq göndərsək də, dostluq, rədd edilmişdir və sonra mesaj da göndərsək də, uzun zamandır ki, heç bir cavab almamışıq. Qeyd edək ki, sualımızı həmçinin Təhil Şöbəsinin rəsmi səhifəsində paylaşsaq da, yenə heç bir cavab gəlməyibdir. Həmçinin, rayonun aktiv səhifələrindən olan “Astaranın Gənc Alimləri” səhifəsində bir qrup astaralı gənc alim də Rəşad Həsənova rayon təhsilindəki problemlərlə əlaqədar müraciət etmiş və görüş istəmiş, lakin bu da cavabsız qalmışdır.
Nəticədə məlum olmuşdur ki, hörmətli Rəşad Həsənov, ümumiyyətlə, müraciətləri qəbul etməyi mümkün qədər məhdudlaşdırmaqdadır və verilən sorğulara da əhəmiyyət verməməkdədir.
“Təhsil Araşdırmalar Mərkəzi”nin təhsillə bağlı sualını, Astara Təhsil Şöbəsi cavabsız qoyduğu üçün, ya da cavablandıra bilmədiyi üçün biz məcbur qalıb, özümüz sualın cavabını verəcəyik. Ümid edirik ki, hörmətli Rəşad müəllim məqaləmizdən faydalanar və təlimin vacib meyarları barədə ümumi bir məlumata sahib olar.
Əvvəla, mövzunun ictimai önəmini nəzərə alaraq, mümkün olduğu qədər sadə dildə ifadə etməyə çalışacağımızı bildirək.
İlk növbədə bunu unutmamalıyıq ki, iki cür təlim metodu var: Müəllimmərkəzli və Şagirdmərkəzli. İlk baxışda qəribə görünsə də, bu metodlar ciddi fərqləri ehtiva edirlər. Müəllimmərkəzli təlim nədir?
Müəllim hər şeyə nəzarət edir, şagirdlərlə kontakta girsə də və suallar verib cavablar alsa da, nəticədə hər şeyi özü müəyyən edir və hər bir şagirdə fərdi olaraq deyil, ümumi yanaşır, fərdlərə deyil, kollektivə xitab edir.
Şagirdmərkəzli təlim nədir?
Müəllim şagirdlərə fərdi yanaşır, onların spesifikasına, özəl xüsusiyyətlərinə uyğun dərs keçir. Şagirdlər bu zaman daha sərbəst olur, verilən suallara cavab verməklə kifayətlənməyib, özləri də suallar verib, müstəqil fikirlərini ifadə etməkdən çəkinmirlər.
Bütün dünyada qlobal təhsil praktikasında bu iki təlim metodunun yaratdığı nəticə və təsirlərin ciddi fərqləri olması qəbul olunmaqdadır və araşdırmalarla təsdiq olunmaqdadır. Lakin, təəssüf ki, təhsilimizdə və məktəblərimizdə bu amil yetərincə nəzərə alınmamaqda və daha çox məhz müəllimmərkəzli üsula meyil göstərilməkdədir. Bu hal bəzən özünü “diktatorial” formada da göstərir və şagird, hətta bildiyini də ifadə etməkdən və az qala “nəfəs almaqdan da çəkinir”. (Şübhəsiz ki, bütün müasir yeniliklərə baxmayaraq, ənənəvi şərq ölkələrindəki ziyanlı “sərt yumruq” praktikasının təsiri özünü təhsil sahəsində də hiss etdirməkdədir)
Halbuki şagirdmərkəzli təlim şagirdlərə fərdi inkişaf və hərtərəfli zənginlik bəxş etmək üçün daha təsirli və faydalı bir metoddur. Unutmamalıyıq ki, bir uşağın inkişafında ən mühüm amil məhz SƏRBƏSTLİK faktorudur! Mütəxəssislərin fikrincə, uşaqlara 7-8 yaşına qədər tamamilə fərdiyyətçilik və sərbəstlik verilməli və onlara yalnız kənardan nəzarət edilməlidir. Və elmi tədqiqatlar və faktlar da sübut edir ki, daha fərdiyyətçi və sərbəst uşaqlar daha çox inkişaf edirlər və hərtərəfli və müstəqil şəxsiyyət olma ehtimalları daha yüksək olur. Hansı uşaqlara daha çox nəzarət edilib, hər an direktivlər verilirsə, “onu etmə, bunu et!” deyilirsə, həmin uşaqların gələcəkdə müstəqillikdən daha uzaq və asılı xarakterli fərdlər olması ehtimalı yüksək olur.
Təlim və təhsildə nəzərə alınması vacib olan digər mühüm amil də Hərtərəfli İnkişafdır. Məşhur pedoqoq K.D. Uşinskinin də qeyd etdiyi kimi, təhsilin ən vacib xüsusiyyəti məhz hərtərəfli bilik vermək olmalıdır. Bir şagirdin yalnız oyun oynayıb əvəzində dərs oxumaması qeyri-məqbul bir hal olduğu kimi, eynilə yalnız dərs oxuyub, oyun oynamaması da qeyri-məqbul bir vəziyyətdir və hər iki hal şagirdin hərtərəfli inkişaf yolundan uzaq olması deməkdir (Söhbət kollektiv və canlı oyunlardan gedir). Çünki, uşağın oyun oynaması, dostları ilə ünsiyyəti onun sosial inkişafı baxımından önəmlidir. Hansı ki, insan ictimai varlıqdır və bir fərdin ən mühüm xüsusiyyəti və ehtiyacı da, elə sosiallıq və ünsiyyətlə bağlıdır. Dərs oxusa da, asosyal olan bir şagird, yetərli sosial inkişafdan məhrum olduğu kimi, əslində, koqnitiv və elmi potensialını tam gerçəkləşdirmə imkanından da məhrum olmuş olur. Yaxud da, psixoloji boşluğunu başqa və qeyri-məqbul yollarla doldurmağa uyğun olur. Nəticədə də, bu cür uşaqların qeyri-ənənəvi, qeyri-adekvat davranış və təmayüllərə daha meyilli olduğunu araşdırmalara əsasən də söyləmək olar. Bu qeyri-məqbul meyillər, hətta yeniyetməlik dövründə özünü göstərməsə də, mütləq və mütləq sonrakı dövrlərdə göstərir.
Bu baxımdan, “Fərdi Psixologiya” paradiqmasının banisi A. Adlerin düşüncələri də önəmli izahlar verməkdədir.
Odur ki, təhsildə və məktəblərdə ən çox diqqət edilməsi lazım olan amillərdən biri də məhz hərtərəfli inkişaf olmalıdır. Bu aspektdən baxdıqda, şagirdmərkəzli metodun önəmi bir daha aydın anlaşılır. Müəllim hər bir şagirdlə onun fərdi-spesifik cəhətlərini nəzərə alaraq ünsiyyət qurmalı və buna uyğun davranmalıdır. Məsələn, bir uşağın yaddaşı çox zəif, digərininki isə çox güclü ola bilər və bu halda da biri 1 dəfə oxumaqla yaxşı öyrəndiyi dərsi, digəri 5 dəfə oxumaqla daha zəif öyrənə bilər. Bu halda, nəticə ilə səbəbin mahiyyəti tamamilə fərqli olmaqdadır. Yəni, sırf nəticəyə əsasən birinci şagirdə 5, ikincisinə 4 vermək olarsa, lakin səbəblərə baxanda isə əksinə qərar vermək gərəkir. Odur ki, sırf nəticəyə əsaslanmamaq gərəkir! Təhsil və təlimdə digər mühüm amil də elə bax budur və bu, üçbucağın digər bucağını təşkil edir-nəticəmeyilli olmamaq!
Bu 3 mühüm amilin hər biri barədə, əlbəttə, daha ətraflı və izahlı danışmaq lazımdır, bizsə hələlik bu qədərlə kifayətləndik.

“Təhsil Araşdırmaları Mərkəzi”nin mətbuat nümayəndəsi, gənc alim
Emin Aydın

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə