Təqvim
"Nəsimi humanizminin ümumbəşəri əhəmiyyəti" mövzusunda məruzə dinlənilib (+FOTOLAR)
01 iyun 2019 - 01:01

Canveten.az xəbər verir ki, mayın 31-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Nəsimi humanizminin ümumbəşəri əhəmiyyəti" mövzusunda elmi məruzə ilə çıxış edib.  

Akademik bildirib ki, antik fəlsəfi-sosial fikrin təsiri altında islam aləmində yüksək səviyyəyə çatmış humanist istiqamətli bədii-fəlsəfi yaradıcılıq Azərbaycanda XII əsrdə Nizami Gəncəvi irsi ilə özünün zirvə nöqtəsinə çatıb. Vurğulayıb ki, İslam Şərqinin hər üç hakim dilində – ərəb, fars və türk dillərində humanist ruhlu əsərlər qələmə alan ən böyük sənətkarlardan biri də XIV yüzilliyin sonu, XV yüzilliyin əvvəllərində yaşayıb yaratmış böyük Azərbaycan şairi və filosofu Seyid İmadəddin Nəsimidir.

Natiq bildirib ki, Nəsimi humanizmi yüksək istedadlı, təbiətdəki harmoniyaya və insan gözəlliyinə vurğun olan böyük bir şairin humanizmidir: "Nəsimi humanizminin kontekstinə gəldikdə, ilk sırada, bütün dünyada sosiologiya elminin banisi hesab edilən və Azərbaycan şairinin böyük müasiri olan Əbdürrəhman ibn Xəldunun yaradıcılığı yada düşür. Əlbəttə, İbn Xəldun da öz fikirlərində antik fəlsəfəyə, İbn Sina, İbn Rüşd, Biruni kimi Orta əsrlər Şərq fəlsəfəsinin böyük nümayəndələrinin əsərlərinə, zəngin Şərq poeziyasına əsaslanırdı. Ancaq bu ümumi kontekstdə Nəsimi sənətinin gücü ilə bir sıra orijinal fikirlərin irəli sürüldüyünü də aşkar etməmək mümkün deyil".

Məruzəçinin sözlərinə görə, Nəsimi humanizminin başlıca fərqləndirici özəlliyi onun insana böyük məhəbbət duyğuları ilə yoğrulmasıdır, müasir terminlə ifadə etsək, Nəsimi aksiologiyasında ən qiymətli kapital – insan kapitalıdır. Alim nəzərə çatdırıb ki, Nəsimi özündən əvvəlki Azərbaycan poeziyasının birbaşa varisi kimi çıxış edərək ona qədər irəli sürülmüş bədii-obrazlı düşüncələri, əldə edilmiş poetik nailiyyətləri daha da inkişaf etdirib.

Akademik T.Kərimli vurğulayıb ki, Nəsimi humanizminin və bu kontekstdə Nəsimi məhəbbətinin sufi-hürufi xarakter daşıması haqqında çox yazılıb, çox araşdırmalar aparılıb, indi də aparılmaqdadır: "Hər hansı orta əsr sənətkarını orta əsr aliminin gözü ilə nəzərdən keçirmək və qiymətləndirmək, həmin dövrdə sənətkarın ideya-bədii qayəsini onun özünün, yaxud ətrafındakıların düşündüyü kimi tədqiq edib üzə çıxarmaq və dəyərləndirmək müəyyən dərəcədə tarixi maraq doğura bilər. Lakin yaddan çıxarmayaq ki, klassik sənətkarların ölməzliyinin sirri – onun öz dövründə nə düşünməsi və lokal zamanın ictimai mühitinə nə vermək istəməsi ilə deyil, bizim dövrümüzə hansı mənəvi dəyərləri ünvanlaması ilə şərtlənir. Bu baxımdan Nəsimi humanizmini də çağdaş elmi-nəzəri təfəkkürün işığında yeni­dən araşdırmaq, onun öz dövrü üçün ifadə etdiyi ezopdilli dolaşıq sufi-hürufi simvolların, rəqəm-hərf rebuslarının açılmasından daha çox, bizim mədəni-mənəvi, estetik problemlərimiz baxımından çağdaş nəsilimizə, cəmiyyətimizə nə verəcəyini üzə çıxarmaq önəmlidir".

T.Kərimli bildirib ki, Nəsimi humanizminin müasir dünyamız üçün önəmli olan cəhətlərindən biri onun mücərrəd xarakter daşımaması, konkret insan münasibətlərini, real insan gözəlliklərini əks etdirməsidir. Vurğulayıb ki, Nəsimini böyük humanist sənətkar kimi düşündürən başlıca problemlərdən birini də insan cəhaləti, qəfləti kimi ictimai bəla təşkil edir. Şairin bir çox əsərləri məhz öz müasirini cəhalət yuxusundan oyandırmağa, ona insanlığın şərəfini anlatmağa həsr edilib.

Sonra mövzu ətrafında akademik Muxtar İmanov, professorlar - Qəzənfər Paşayev, İmamverdi Həmidov, Zümrüd Quluzadə, Elçin Məmmədov, filologiya üzrə elmlər doktoru, dosent Paşa Kərimov, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

Məruzə Rəyasət Heyətinin qərarı ilə bəyənilib. Humanitar Elmlər Bölməsinə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi haqqında" və "2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında" sərəncamları ilə əlaqədar AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə təsdiq edilmiş Tədbirlər Planının icrasının təmin olunması tapşırılıb. AMEA-nın elmi müəssisələri və Azərbaycan Respublikası Təhsil Nazirliyinin ali təhsil müəssisələrinin fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantları, habelə magistrantları arasında "Nəsimi yaradıcılığında humanizm ideyaları" mövzusunda inşa yazı müsabiqəsinin keçirilməsi, bölmənin elmi müəssisələrində fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertasiya mövzuların müəyyənləşdirilməsində Nəsimi irsinin humanitar elmin müasir tələbləri səviyyəsində araşdırılması ilə bağlı tədqiqatlara üstünlük verilməsi tapşırılıb. Qərarda, həmçinin Nəsimi humanizminin qlobal səviyyədə təbliği üçün şairin sosial-humanist məzmunlu əsərlərinin Avropa dillərinə tərcümə edilməsi və Nəsimi humanizmi haqqında elmi-populyar monoqrafiyanın nəşri, humanitar və ictimai elm sahələrində fəaliyyət göstərən Azərbaycanın böyük şəxsiyyətləri haqqında "Görkəmli adamların həyatı" seriyasından kitabların hazırlanması və nəşri üçün mütəxəssislərdən ibarət redaksiya heyətinin tərkibi ilə bağlı təkliflərin hazırlanıb AMEA Rəyasət Heyətinə təqdim edilməsi, Nəsimi yaradıcılığının, xüsusən də onun humanizm ideyalarının müasir nəzəri-metodoloji yanaşmalar əsasında ədəbi-filoloji, fəlsəfi və estetik cəhətləri özündə birləşdirən multidissiplinar aspektdən araşdırılması, şairin fəlsəfi dünyagörüşünün, humanizm fəlsəfəsinin kompleks tədqiqi istiqamətində müvafiq tədbirlər görülməsi öz əksini tapır. Bundan başqa, qərarda Nəsimi yaradıcılığının Azərbaycan ədəbi dil tarixinin inkişafı baxımından müasir elmi səviyyədə araşdırılması, onun irsi ilə bağlı əlyazmaların tekstoloji aspektdən öyrənilməsi, əsərlərinin yeni akademik və izahlı nəşrlərinin hazırlanmasına dair tədbirlərin həyata keçirilməsi, Nəsiminin ərəb və fars dillərində olan əsərlərinin öyrənilməsi istiqamətində işlərin daha da gücləndirilməsi, Nəsimi və başqa böyük klassiklərin yaradıcılığına həsr edilmiş viktorinaların və poeziya gecələrinin keçirilməsi və digər məsələlər yer alır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                              

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə