Bakı Slavyan Universitetində (BSU) Məktəbəqədər təlim- tərbiyə və ibtidai təhsil fakültəsinin İbtidai təhsil kafedrası tərəfindən Auditoriya+ layihəsi çərçivəsində 28 May Respublika Gününə həsr olunmuş “Azərbaycan Xalq Cumhuriyyəti və onun ənənələri” mövzusunda tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Himnin ardından çıxış edən İbtidai təhsil kafedrasının dosenti Şükufə Ağakişiyeva 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu vurğulayıb. O bildirib ki, həmin tarix illərdir regionun hər yerində Respublika Günü kimi böyük təntənə ilə qeyd edilir. Sonra AMEA-nın Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq” şöbəsinin müdiri, professor Qasım Hacıyev mövzu ilə bağlı BSU tələbələrinə geniş mühazirə oxuyub. Q.Hacıyev çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsində beynəlxalq aləmdə və regionda baş verən proseslərdən danışaraq bildirib ki, müsəlman Şərqində ilk parlamentli respublikanın yaranması xalqımızın çoxəsrlik və zəngin tarixinin ən şanlı, parlaq səhifələrindəndir. Professor Azərbaycan Xalq Cümhuriyyətinin əleyhinə daşnak-bolşevik qüvvələrinin dağıdıcı fəaliyyəti, gənc respublikaya və onun qurucularına qarşı erməni terrorçu təşkilatlarının törətdikləri sui-qəsdlər, mənfur düşmənlər tərəfindən bütün istiqamətlərdə aparılan aramsız terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətləri barədə ətraflı danışıb. Qasım Hacıyev vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin mədəni-mənəvi dəyərlərə, azərbaycançılıq məfkurəsinə, müstəqillik idealarına dərindən bağlılığı sayəsində milli yaddaşda xüsusi yeri olan Azərbaycan Xalq Cümhuriyyəti dövrü özünün əsl qiymətini alıb. Tədbirdə mövzu ətrafında müzakirələrə davam edib. Sonda Məktəbəqədər təlim- tərbiyə və ibtidai təhsil fakültəsinin tələbələri vətənpərvərliklə bağlı şeirlər səsləndiriblər.
Bütün hüquqlar qorunur © 2024