Mayın 10-da Azərbaycan Milli Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin növbəti iclası keçirilib. Tədbirdə bölmənin akademik-katibi, akademik Nərgiz Axundova, bölmə üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.
Akademik Nərgiz Axundova iclası giriş sözü ilə açaraq gündəlikdə yer alan məsələlər haqqında məlumat verib.
İlk olaraq elmi-təşkilati məsələlərə baxılıb. Tədbirdə bölməyə daxil olan elmi müəssisələrə 2019-cu il üçün doktoranturaya və dissertanturaya qəbul planına dair təkliflər səsləndirilib. Müzakirədən sonra bölmə məsələ ilə bağlı müvafiq qərar qəbul edib.
Sonra AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda "Hüquq və insan haqları" jurnalının təsisi, həmçinin "Azərbaycan elmi sovet dövləti və Sov.İKP MK-nın qərarlarında (1920-1991)" adlı kitabın çap edilməsinə dair qərarlar qəbul olunub.
Bölmənin digər qərarları ilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin strukturunda qismən dəyişiklik edilib, AMEA-nın İqtisadiyyat İnstitutunda keçirilmiş müsabiqənin nəticələri təsdiq olunub. Eyni zamanda bir sıra kadr məsələlərinə baxılıb.
Sonda cari məsələlər müzakirəyə çıxarılıb. AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi ilə əlaqədar bir qrup əməkdaşın bölmənin Fəxri Fərmanı ilə təltif olunması, eləcə də, Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar tədbirlər planı haqqında qərarlar qəbul olunub.
Bütün hüquqlar qorunur © 2024