Azərbaycan inkişaf edir. Sözün həqiqi mənasında. Bu inkişafı hər tərəfdə görürük, gündəlik həyatımızda hiss edirik. Bu ölkədə yaşamaq getdikcə asanlaşır. Sabitlik davamlıdır, ordumuz güclüdür, vətəndaşda güvən hissi var. Ölkə Prezidenti İlham Əliyev şəxsən yorulmadan vətəndaşların problemlərilə məşğul olur. Ən ucqardakı insanımızın belə ölkədəki inkişafdan geri qalmaması üçün çalışır. 1-ci vitse-prezident Mehriban Əliyeva da eyni fəallıqla insanımızın sosial problemlərinin həllində durmadan çalışır. O, özəlliklə də təhsil məsələlərində həssasdır, ən balaca uşaqların belə təhsildən kənarda qalmaması üçün bütün varlığıyla fəaliyyətdədir. Hələ onu da əlavə edək ki, xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti olaraq da təhsilə, səhiyyəyə, sosial problemlərin həllinə illərdir böyük töhfələr verir. Nəticə də budur ki, ölkəmizdə ümumi sayı 5 min civarında olan məktəblərin 3 mindən çoxu ya yenidən qurulub, ya da bərpa edilib. Yaxud da yeni məktəblər tikilib. Bu məktəblər müasirdir, işıqlıdır, təchizatı könül oxşayandır. Belə bir durum varkən istər-istəməz əmin olursan ki, cənab Prezident və xanım 1-ci vitse-prezident sözdə deyil, əməldə vətəndaşın yanındadır, onun problemlərini öz problemləri qədər qəlbinə yaxın sanır. Lakin… Lakin bəzən elə hallar müşahidə edilir ki, ölkə rəhbərliyinin bütün bu çalışmalarını alt-üst etməyə yetir. Hansısa ucqar, gözdən uzaq bir kənddə hətta 200 il öncəyə belə yaraşdırmayacağımız mənzərəylə rastlaşırıq, qanımız qaralır. Üstəlik, Azərbaycanı sevməyən qüvvələr üçün əlavə arqumentlərin qaldığını görüncə daha da kefimiz pozulur… Bu yaxınlarda Şəmkirdə idim. Daha doğrusu, rayonun Zəyəm-Cırdaxan kəndində. Bir neçə min əhalisi olan böyük bir kənddir. İnsanları zəhmətkeş, dövlətə sadiqdir. Elə kəndə çatan kimi – azacıq söhbətdən sonra bunu hiss etmək olur. Zəyəm-Cırdaxan həm də varlı bir kənddir. Azərbaycandakı iqtisadi inkişafı bu kəndin insanlarının yaşayış şəraitindən də hiss eləmək olur. Evlər yenilənib, müasir, geniş yaşayış sahələri tikilib. Bağ-bağat, kəndli təsərrüfatları da öz yerində. Ancaq bütün bunları tamamlayacaq bir neçə amil də var ki, onlar ürək ağrıdandır. O amillər haqqında danışırıq. Kənddə olduğumuz iki gün ərzində xoş olmayan hallar yaşandı. Əvvəlcə işıq problemi bizi əməlli-başlı narahat etdi. Yandı, söndü, yandı, söndü. İkinci gün isə səhərdən söndü axşama kimi yanmadı. Hardasa axşam saat 10-da yandı. Təmasda olduğumuz insanlar da bizə dedi ki, əslində, bu kənddə belə hal adiləşib. İşıqlar tez-tez sönür. Maraqlandıq, özümüz də gözlə müşahidə etdik və gördük ki, işıq xətləri bərbaddır. Qırıq-qırıq, yamaq-yamaqdır məftillər. Bütün ölkədə elektrik təminatı üzrə aparılan işlər fonunda bu durum bizi üzməyə bilməzdi. Üstəlik, mənim doğma Dədəli kəndimdə (Xaçmaz) hətta qışın oğlan çağında belə elektrik kəsintisinin olmaması əlavə sübutdur ki, Azərbaycanda bu sahədə ciddi irəliləyişlər var. Elə isə Zəyəm-Cırdaxanın işıq məsələsi niyə bu gündədir? Zəyəm-Cırdaxanda bir transformator. 1961-ci ildə quraşdırılıb. 2021-ci ildə 60 illik yubileyi olacaq… Aradıq, araşdırdıq, bəlli oldu ki, kəndə gələn elektrik xətləri uzun müddətdir yenilənmir. Ona görə də qırılmalar olur. Ən adi bir küləkdə, yağışda kənd işıqsız qalır. Əlavə olaraq sakinlər onu da dedilər ki, sən demə 2018-ci ildə kəndin elektrik sistemi büsbütün yenilənibmiş… Yəni kağız üstündə. Hətta bu haqda yuxarılara hesabat da verilib. Hər halda kənddə belə bir fikir hakimdir. Yenilənmə deyəndə, dirəklər, transformatorlar, elektrik naqilləri dəyişdirilibmiş. Amma adi gözlə də görülür ki, bunların heç biri edilməyib. Sadəcə bir neçə yerdə daxili imkanlar hesabına bəzi dirəklər dəyişdirilib. Bilmirəm, bu deyilənlər nə qədər doğrudur. Lakin durum bərbaddır və doğrudan da əsaslı yenidənqurma haqqında hesabat verilibsə korrupsiya araşdıranlar üçün əla materialdır bu… Kəndin yolu haqqında isə insan heç danışmaq belə istəməz. Azərbaycanı çox gəzən birisi olaraq neçə illərdir ki, belə bərbad yola rast gəlmirdim. Düzdür, kənd içi yollarda belə durum olur. Ancaq ana – baş yolun bu qədər bərbad olması, hər halda mənim üçün bir ilk idi… Bir də məktəb məsələsi. Kənddə iki məktəb var. Onlardan birinin normal, təmirli olduğu deyilir. Digərinin isə məktəb adlandırılmasının böyük ayıb olacağı şübhəsizdir. Deyilənləri gözümüzlə görmək üçün getdik, çəkdik və göstəririk. Adi bir şəkildən də bəlli olur ki, buna məktəb demək olmaz. Söhbət, Coşqun Abdıyev adına 2 saylı Zəyəm-Cırdaxan kənd orta məktəbindən gedir. Biz baxdıq, ürəyimiz dağa döndü. İstərdik ki, Şəmkir Rayon İcra Hakimiyyəti, eləcə də Təhsil Nazirliyimiz baxsın, ölçü götürsün. Məktəbdə hardasa 450 şagird oxuyur. 40-dan çox işçi var. Ümumilikdə 500 nəfər belə bir bərbad yerdə təhsil verir və alır. İndi bu cür yerdə təhsil alan şagirdə, onun ata-anasına biz Azərbaycanın inkişafı haqqında nə deyə bilərik? Uşaq bizə deməzmi ki, ay əmi, mənim oxuduğum məktəb axı heç o inkişafdan xəbər vermir… Sözardı: Şəmkirə maşınla gedib gəldim. Yol olduqca rahatdır. Bakıdan düz Gəncəyə qədər yol hər iki istiqamətdə həqiqətən də gözəldir, rahatdır. Ordan Şəmkirə doğru isə hələlik darısqallıqdır, lakin iş gedir. Eyni fikri Bakı-Xaçmaz yolu haqqında deyə bilmirəm. Bu yolu tez-tez gedirəm. Gedişə dözmək olar, lakin Bakıya dönmək bir işgəncədir. Söz düşmüşkən, mənim Dədəlimin işıq məsələsi yüksək səviyyədə olsa da məktəbinin ciddi təmirə ehtiyacı var. Eyni ehtiyac qonşu Qusarçay kəndi üçün keçərlidir…
Bütün hüquqlar qorunur © 2024