canveten.az xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) "Məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanları"nın açıq siyahısı Milli Rəqəmsal Yaddaşda” mövzusunda tədbir keçirib. MEK direktoru Leyla İmanova ötən il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edildiyini deyib. Direktor AMEA-da və kitabxanada bu münasibətlə müxtəlif tədbirlərin keçirildiyini vurğulayıb. O, çalışmaların davam etdiyini qeyd edib. L.İmanova MEK tərəfindən hazırlanmış və Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilmiş məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanlarının siyahısının tərtib olunduğunu, siyahının açıq saxlanıldığını, gələcəkdə də əlavələrin edilməsinin mümkün olduğunu bildirib. Qeyd edib ki, bu təşəbbüs həm də bu sahədə çalışan təqdiqatçıları birgə fəaliyətə çağırış xarakteri daşıyır. Tədbirdə MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova təqdimatla çıxış edib. O, bolşeviklərin Azərbaycandakı ağalığı dövründə insanların təqib və böhtanlara məruz qaldığını, qırmızı terror nəticəsində minlərlə şəxsin öldürüldüyünü söyləyib. Həmin illərdə Azərbaycan ərazisindən 100 minə yaxın ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim və din xadiminin Sibirə, Qazaxıstana, o cümlədən digər yerlərə sürgün edildiyini bildirib. N.Həsənova MEK tərəfindən “Xaricdə yaşamış azərbaycanlıların məzarları” adlı kolleksiyanın hazırlandığını diqqətə çatdırıb: “Kolleksiya üzərində işləyərkən apardığımız araşdırmalardan bəlli oldu ki, AXC süqut etdikdən sonra respublikanın yaradılmasında iştirak etmiş insanların çoxu repressiya qurbanlarına çevrilib. Repressiya qurbanları sürgün olunduqları yerdə dünyasını dəyişdiyindən harada dəfn olunmaları haqqında heç bir məlumat göstərilməyib”. N.Həsənova qeyd edib ki, bunu nəzərə alaraq, MEK tədqiqatçıların yazılarından istifadə etməklə, həmin insanlar haqqında “Məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanları” adlı siyahı hazırladı. Onun sözlərinə görə siyahı araşdırmaçı Şəmistan Nəzərlinin “Arxivlərin sirri açılır” əsəri, Nəsiman Yaqublunun cümhuriyyətlə bağlı yazıları və müxtəlif internet portallarındakı məlumatların əsasında tərtib edilib. N.Həsənova qeyd edib ki, siyahının bir hissəsində AXC dövründə xaricdə təhsil alan şəxslərin adları yer alır, digər hissə isə tamamlanmayıb. MEK-in bölmə rəhbəri əlavə edib ki, 546 nəfərlik siyahı elektron kataloqa daxil edilərək, kitabxananın Milli Rəqəmsal Yaddaş bazasına yerləşdirilib və oxucuların istifadəsinə verilib. Sonra çıxış edən “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, yazıçı, sosiologiya elmləri doktoru Əfqan Vəliyev, BDU-nun Jurnalistika fakültəsinin elmi işçisi Samir Xalidoğlu, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Məhfuzə Zeynalova, MEK-in Təlimlər bölməsinin rəhbəri Günay Məmmədova, MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü mövzuyla bağlı fikirlərini bildiriblər. Bugünə qədər repressiya qurbanları ilə bağlı aparılmış tədqiqatlardan, nəşr edilmiş kitablardan söz açıblar. Siyahının daha da genişləndirilməsi məqsədi ilə istifadə edilə biləcək mənbələrə dair təkliflərini səsləndiriblər. Sonda Azərbaycan Xalq Cümhuriyyətinin irsi olan, tariximizi və dəyərlərimizi təsdiqləyən mühacirət arxivləri sənədlərinin Mərkəzi Elmi Kitabxananın Milli Rəqəmsal Yaddaş bazasına təqdim etdiyinə görə araşdırmaçı Əfqan Vəliyevə MEK-in Təşəkkürnaməsi təqdim edilib. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2024