Təqvim
Acı həqiqətlər
24 yanvar 2019 - 15:58

1920-ci ildən başlayan və 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün respublikanı bürüyən repressiya qurbanlarının sayı alimlərin araşdırmalarında dəqiq göstərilmir. Lakin məlum olan həqiqət odur ki, güllələnənlərin, sürgün edilənlərin, həbsxana divarları arxasında min bir işgəncə ilə qətlə yetirilənlərin böyük əksəriyyəti sovet rejimi, kommunist ideologiyası və mövcud quruluşa qarşı real və ciddi təhlükə yarada biləcək güc və zəka sahibləri idi.

Azərbaycanda sosializmin təşəkkülü, fəhlə-kəndli hökumətinin qərarlaşması daha ağrılı keçmişdir. 1920-ci ilin aprelində hakimiyyət qan tökülmədən əldə edilsə də, tezliklə bolşeviklərin müstəmləkəçilik siyasəti Gəncə, Şuşa, Zaqatala, Qarabağ, Lənkəran və digər uyezdlərdə çoxlu üsyana səbəb olmuşdu.

1920-1924-cü illərdə 54 genişmiqyaslı silahlı üsyan baş vermişdir. Üsyançıları və onları dəstəkləyən mülki əhalini amansızcasına, məhkəməsiz, istintaqsız yerindəcə edam etmişdilər. Tədqiqatçıların yazdıqlarına görə, ümumilikdə 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək Azərbaycanda "qırmızı terror”un 48 min qurbanı olmuşdur. Həmin insanların təxminən dörddəbiri ən iri Gəncə üsyanı (1920-ci il 26-31 may) zamanı öldürülmüşdür.

Gəncə üsyanından sonra onun iştirakçılarından olan 23 zabit, o cümlədən 6 general Nargin adasına gətirilmişdir. Bolşeviklərin əsir götürdüyü general-mayor Feyzulla Mirzəşahzadə Qacar Bakıya göndərilmiş və bu adada güllələnmişdir.

1920-ci il iyunun 6-da Gəncə yaxınlığında 79 yüksək rütbəli azərbaycanlı zabit həbs edilmişdir. XI ordunun xüsusi şöbəsinin rəisi Pankratovun əmri ilə onlar da Nargin adasında qətlə yetirilmişdilər. Yüksək rütbəli zabitlər arasında Gəncənin general qubernatoru Xudadat bəy Rəfibəyov, general Əbdülhəmid bəy Qaytabaşı, podpolkovnik İsmayıl xan Ziyadxanov, general İbrahim ağa Usubov, general Əmir Kazım Qacar, Bakı şəhər Polis İdarəsinin rəisi Quda Qudiyev, milyonçu Murtuza Muxtarov, general Məhəmməd Mirzə Qacar, general-leytenant Məmməd bəy Sulkeviç, general Həbib bəy Səlimov, İsgəndər bəy Seyfulin və digərləri var idi.

Generallar Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov Nəriman Nərimanovun zaminliyi ilə sağ qalmışdılar.

Sonradan bədnam "kollektivləşmə” dövrü start götürmüşdü. Ortabab kəndlilər qolçomaq adı ilə bir sinif kimi "ləğv” edilməyə başlanmışdı. Sovet cəza orqanları tərəfindən onların bütün mülkiyyətlərinin əlindən alınması kəndlilərin kütləvi iğtişaşlarına səbəb oldu. Bu iğtişaş və çıxışları "banditizim” adlandıran siyasi orqanlar həmin narazılıqları silah gücünə çox amansızlıqla yatırdılar.

Bolşeviklər sovet hakimiyyətinin ilk günlərində nüfuzlu müsəlman ruhanilərini də ağır işgəncələr, ən amansız üsullarla aradan götürməyə başladılar. Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edənlərdən biri, Bakı qazisi Mir Məhəmməd Kərim ağa Nargin adasında güllələndi. Bibiheybət məcsidi yerlə-yeksan edildi.

 

S.M.Kirovun ölümü bəhanə oldu

 

1934-cü il dekabrın 1-də Leninqrad Vilayət Partiya Komitəsinin katibi S.M.Kirov qəfildən öldürülür. Bu hadisə SSRİ-də total repressiyaların başlanmasına bəhanə olur. Bir neçə saatdan sonra Siyasi Büronun təcili yığıncağı çağırılır, SSRİ MİK-in "1 dekabr qanunu” adını almış qərarı hazırlanır.

Əslində, kütləvi repressiyalar üçün baza ilin əvvəlindən hazırlanmışdı. 1934-cü il yanvarın 26-da partiyanın XVII qurultayında Stalin tərəfindən antisovet qüvvələrə qarşı mübarizənin konsepsiyası bəyan edilmişdir. Bu qurultayda Lavrenti Beriyanın çıxışı yaddaqalan olmuş və alqışlarla qarşılanmışdır. Sonrakı illərdə bu qurultayın 1966 iştirakçısından 1108-i, o cümlədən MK-nın 139 üzvündən 98-i güllələnmişdir.

1936-cı il avqustun 3-də Azərbaycan KP MK-ya ÜİK (b)P MK-nın qapalı məktubu daxil olur. Elə həmin gün Mircəfər Bağırov təcili yığıncaq çağırır. Qəbul olunan qərarda Azərbaycanda, xüsusilə Bakıda əksinqilabi terrorçu qrupların fəaliyyəti haqqında konkret material hazırlamaq Anastas Akopova tapşırılır (A.Akopov Bakı Komitəsinin ikinci katibi idi). Bu ərəfədə Beriyanın "Pravda” qəzetində böyük bir məqaləsi çap olunur. Məqalədə Cənubi Qafqazda, o cümlədən Bakıda və Kirovabadda sosializmin, xalqın düşmənlərinin - əksinqilabçıların, trotskiçi-zinovyevçi qruplarının ifşa edilməsi haqqında məlumatlar verilir. Bundan sonra Bağırov, Akopov, Sumbatov-Topuridze Yemelyanov, Markaryan, Qriqoryan, Borşev və başqalarının cəza maşını işə düşür.

 

 

Zor dünyanı darmadağın edir

 

1936-cı ildən etibarən Stalin rejimi azərbaycanlı ziyalılara qarşı demək olar ki, total hücuma başlayır. 1937-ci ildə bu proses özünün kulminasiya nöqtəsinə çatır və 1938-1939-cu illərdə səngimək bilmədən sürətlə davam edir. Şübhəsiz ki, sonrakı illərdə də repressiyalar ara verməyəcəkdi, lakin müharibənin astanada olması vəziyyəti bir qədər dəyişir. Cəmi bir neçə il çəkən bu müddət ərzində on minlərlə ziyalımız məhv edilir və qəribə görünsə də, onların hamısı "imperialistlərlə əlaqə”də, "vətənə xəyanət”də, "türkçülük”də, "islamçılıq”da ittiham olunurdu. O zaman xüsusilə azərbaycanlı ziyalıların bir təbəqə olaraq "ləğvi” stalinizmin başlıca məqsədlərindən birinə çevrilmişdir. 1937-ci il Azərbaycanda repressiyaların tüğyan etdiyi tarix olmuşdur.

1937-ci il iyulun 30-da XDİK-in "Keçmiş qolçomaqların, cinayətkarların və başqa antisovet elementlərin repressiya olunması üzrə əməliyyat haqqında” və 1937-ci il avqustun 15-də "Vətən xainlərinin arvadlarının və uşaqlarının repressiya olunması üzrə əməliyyatlar haqqında” operativ əmrlər müzakirə edilir. Hər iki əmr xalq daxili işlər komissarı N.Yejov tərəfindən hazırlanır. Bu, "böyük terror” dövrünün ən amansız aksiyası idi. Sənəddə repressiya olunmalı kontingent çox dəqiq müəyyən edilmiş və iki kateqoriyaya ayrılmışdı. Birinci kateqoriyaya təcili həbs olunaraq güllələnənlər, ikinci kateqoriyaya isə 8 ildən 10 ilə qədər müddətə düşərgələrdə və ya həbsxanalarda azadlıqdan məhrum edilənlər aid idi. Hər bir vilayət, diyar və respublika üçün bu iki kateqoriyadan repressiya olunanların sayı limit üzrə müəyyənləşdirilmişdir. Azərbaycan üçün həmin limitdə birinci kateqoriyaya aid edilənlərin sayı 1500, ikinci kateqoriyaya aid edilənlərin sayı isə 3 min 750 nəfər idi. Ümumilikdə SSRİ üzrə 259 min 450 nəfərin həbsi nəzərdə tutulmuşdur. Bunlardan 72 min 950 nəfər güllələnməli idi. Əmr yerli rəhbərlərə Moskvadan əlavə limitlər almaq hüququ da verirdi. Çox qəribə idi... İnsanlar limit üzrə güllələnirdi. Günahları oldu-olmadı... Göründüyü kimi, onların sayı limiti keçmişdi, hətta on min, yüz min dəfələrlə çox olmuşdur. İnsan həyatına qəsd görünməmiş amansızlıqla aparılırdı.

İlkin dövrlərdə həbslər XDİK-in əvvəlcədən tərtib olunmuş kartotekaları əsasında aparılırdı. Sonra isə istintaq vasitəsilə əldə edilmiş "ifadələrə” üstünlük verilməyə başlandı. Müstəntiqlər donoslardan yalnız köməkçi material kimi istifadə edirdilər. Xalqın "sayıqlığı” isə o dərəcəyə çatmışdı ki, hamı hər yerdə, hətta öz ailəsində belə düşmən axtarışına çıxmışdı.

Kütləvi repressiyaların və sürgünlərin geniş vüsət aldığı bu dövrdə Ermənistanda yaşayan 50 min nəfərdən artıq azərbaycanlı əhali ailəliklə Qazaxıstan çöllərinə köçürülmüşdü. Sonradan onların xeyli hissəsi həlak olmuşdu. Cəza müddəti qurtardıqdan sonra öz evlərinə qayıtmaq istəyən ailələrin isə əksəriyyətini Ermənistana buraxmamışdılar və böyük məhrumiyyətlər bahasına geri qayıdanların bir çoxu yenidən deportasiyaya məruz qalmışdır.

1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından sürgün edilmişdir.

 

                        ***

 

İnsan cəmiyyətini sarsıdıb silkələyən, onun tarixi yaddaşında qanlı iz qoyan, bir tərəfdən şəxsiyyətə hədsiz pərəstişi təbliğ, digər tərəfdən isə şəxsiyyətlərin alçaldılmasını adi həyat norması kimi qəbul edən sovet totalitarizminin 30-cu illərdə həqiqi siyasi mahiyyəti belə qanlı idi. Milyonlarla insan qorxu kabusunun təsiri altında yaşayırdı. Leninin "kommunizm” adlanan mücərrəd illüziyaları nə vaxtsa xalqlara "firavanlıq” gətirməli idi və buna görə də minlərlə, yüz minlərlə ziyalı həbsxanalarda çürüyür, güllələnmə ilə "mükafatlandırılırdı”. Onlar nə qurmaq və necə qurmaq istəyirdilərsə də, hər halda bu qurulmaqda olan "nəisələr” xalqdan çox-çox uzaq bir sistemin, yabançı bir qurumun planlarını cızırdı. Nəticədə nələr baş verdi?..

Sovet imperiyasının 30-cu illərdə tətbiq etdiyi siyasi mübarizə, idarəetmə metodları bəşəriyyətin minilliklər ərzində formalaşmış dəyərlər sisteminə zərbə oldu. Həmin illərdə 80 mindən çox azərbaycanlı mahiyyəti hələ də məlum olmayan səbəblərdən repressiya maşınının hədəfinə tuş gəldi. Azərbaycanın düşünən beyinləri, görən gözləri, ölkənin tarixində müstəsna rol oynamış, yaxud oynaya biləcək ziyalı təbəqəsi bir neçə dəqiqə sürən məhkəmə proseslərində güllələnməyə məhkum edildi. Bu prosesin başında isə Sumbatov-Topuridze, Borşev, Gerasimov, Qriqoryan, Sinman, Ohanesyan, Markaryan, Avanesyan, Qalstyan kimi cinayətkarlar dayanırdı.

Amansız rejim, bu rejimin qəddar və qanlı qanunlarını yerinə yetirənlər dünya durduqca, tarix yaşadıqca nəsillərin mühakiməsindən yaxa qurtara bilməyəcəklər.

 

İradə ƏLİYEVA,

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, ELM
Vəli İsrafilov Avropa çempionudur 21:22, 24 aprel 2024
VƏTƏN ƏMANƏTİ – Masallıda orduya yaz çağırışı 20:46, 24 aprel 2024
Masallıda şəhid ailəsi üçün ev tikilib 16:32, 24 aprel 2024
Azərbaycanla Rusiya arasında münasibətlərin yeni mərhələsi 13:37, 24 aprel 2024
Masallı kitabxanasının 100 illik yubileyi 21:47, 23 aprel 2024
Masallıda görkəmli bəstəkarın yubiley tədbiri 15:12, 22 aprel 2024
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə