Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı, Masallı rayon Heydər Əliyev Mərkəzi Ərazi Partiya Təşkilatı ilə birgə 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ilə bağlı “Şanlı tariximiz” adlı tədbir keçirib. Tədbirdə YAP rayon təşkilatının nümayəndəsi Eldar Kazımov, şəhid ailələri, müharibə veteranları, qazilər, mədəniyyət işçiləri və GİKM-in Masallı nümayəndəliyinin gəncləri iştirak ediblər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin direktoru Dilbər İbayeva tədbiri giriş sözü ilə açaraq şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu diqqətə çatdırıb. YAP rayon təşkilatının məsləhətçisi Eldar Kazımov ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan qəhrəman oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açaraq bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib: “Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın Azərbaycanla sərhəddə – Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy və Zəngilanda törətdiyi qanlı təxribat əməllərinə Silahlı Qüvvələrimiz tərəfindən anındaca və yerindəcə cavab verildi. Təxribatların qarşısını alarkən şəhidlər versək də, onların qanı yerdə qalmadı və heç zaman qalmayacaq...” Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə məruzəsində Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidi və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb. Tədbirin yekununda Masallı rayon Şərəfə kəndindən olan şəhid Nurlan Əbilovun azyaşlı övladı Amin Əbilov “Ata” şeirini səsləndirib. Akif AĞAYEV.
Bütün hüquqlar qorunur © 2024