5-6 mart tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində bədii gimnastika üzrə ənənəvi “XXIV Bahar kuboku” turniri keçirilib. Macarıstanın “Rus RG sport" klubunun təşkil etdiyi turnirdə Azərbaycanı beynəlxalq dərəcəli məşqçi Sevil Fərəcova və beynəlxalq dərəcəli hakim Leyla Hüseynlinin rəhbərlik etdiyi “Gym kids” klubu təmsil edib. Klubun üzvü, istedadlı gimnastımız Mina Abbasova 2010-cu il təvəllüdlü gimnastlar arasında gürzlə hərəkətlərdə yarışın qızıl medalına layiq görülüb. Bu yarışlarda Azərbaycanın hesabına ümumilikdə 13 qızıl, 10 gümüş və 1 bürünc medal yazılıb. Vətənə medallarla dönən balaca idmançılarımız artıq Gürcüstan, Macarıstan və Xorvatiyada keçiriləcək növbəti yarışlar üçün məşqlərə başlayıblar. Bu dəfə qələbə müjdəli gimnastlarımızın sırasında Minanın kiçik bacısı 2014 - cü təvəllüdlü Dəniz Abbasova da var. O da bacısı kimi yarışların ən yüksək pilləsində qərarlaşıb, Bakıya qızıl medalla qayıdıb. Başda Mina Abbasova olmaqla, bütün gimnastlarımızı təbrik edir, onlara gələcək yarışlarında uğurlar arzulayırıq. Qeyd edək ki, Mina və Dəniz Abbasovalar bu qələbələrini 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr ediblər.
Bütün hüquqlar qorunur © 2024