Çapa göndər
Bacılar Macarıstandan vətənə qızıl medallarla döndülər - FOTO

08 mart 2022 - 18:55

5-6 mart tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində bədii gimnastika üzrə ənənəvi “XXIV Bahar kuboku” turniri keçirilib.

Macarıstanın “Rus RG sport" klubunun təşkil etdiyi turnirdə Azərbaycanı beynəlxalq dərəcəli məşqçi Sevil Fərəcova və beynəlxalq dərəcəli hakim Leyla Hüseynlinin rəhbərlik etdiyi “Gym kids” klubu təmsil edib.

Klubun üzvü, istedadlı gimnastımız Mina Abbasova  2010-cu il təvəllüdlü gimnastlar arasında gürzlə hərəkətlərdə yarışın qızıl medalına layiq görülüb.

Bu yarışlarda Azərbaycanın hesabına ümumilikdə 13 qızıl, 10 gümüş və 1 bürünc medal yazılıb.

Vətənə medallarla dönən balaca idmançılarımız artıq  Gürcüstan, Macarıstan və Xorvatiyada keçiriləcək növbəti yarışlar üçün məşqlərə başlayıblar.

Bu dəfə  qələbə müjdəli gimnastlarımızın sırasında Minanın kiçik bacısı  2014 - cü təvəllüdlü Dəniz Abbasova da var. O da bacısı kimi yarışların ən yüksək pilləsində qərarlaşıb, Bakıya qızıl medalla qayıdıb.

Başda Mina Abbasova olmaqla, bütün gimnastlarımızı təbrik edir, onlara gələcək yarışlarında uğurlar arzulayırıq.

Qeyd edək ki, Mina və Dəniz Abbasovalar bu qələbələrini 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr ediblər.