Bərdə rayonunda 1991-ci il təvəllüdlü Daşqın Babayev qısqanclıq zəminində 1989-cu il təvəllüdlü bacısı Bilqeyisi öldürüb, onun 1992-ci il təvəllüdlü sevgilisi Oruca (adlar və soyadlar şərti verilib – red.) xəsarət yetirib. Daşqın təxminən 2019-cu ilin sentyabrında bacısı Bilqeyisin Tərtər rayonun Buruc kənd sakini Orucla Bərdənin Lənbəran kəndində atasına məxsus fərdi yaşayış evində görüşməsi barədə atasından məlumat alıb. O, bacısının öz ata evində əxlaqsız hərəkətlər etməklə namusuna xələl gətirdiyini düşünüb. Qisas məqsədilə Bilqeyis və Orucu öldürmək və namusunu təmizləmək qərarına gəlib. Daşqın bu ilin fevralın 13-də atası evinə qonaq gəlib. Fevralın 14-də gecə saat 1 radələrində bıçağını götürüb, söhbət etmək adı ilə evin yataq otağında olan Bilqeyisə yaxınlaşıb. Bıçağı çıxararaq ona 12 xəsarət yetirib. Bacısının sevgilisini niyə öldürə bilmədi? Daşqın Bilqeyisi öldürdükdən sonra səs-küyə yataq otağına gələn Oruca “elə bilirdin səni sağ buraxacam” deyərək ona hücum edib. Orucun bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri vurub. Bu zaman otağa daxil olanlar Daşqının əməlinin qarşısını alıblar və bu səbəbdən Orucu öldürmək planı baş tutmayıb. Oruca Bərdə rayon Mərkəzi Xəstəxanasında vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. İstintaq orqanı tərəfindən Daşqının barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib. “Atam bacımı cinsi əlaqədə olanda tutub” Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, bacısı Bilqeyis Mətin adlı şəxslə təxminən 2 il əvvəl rəsmi nikahda olub: “Həmin vaxtlarda Bilqeyis Tərtər rayonu Buruc kənd sakini Oruc adlı şəxslə tanış olaraq onunla qeyri-rəsmi münasibətdə olub. Mətin bacımın Orucla münasibətindən xəbər tutdu və təxminən bir il öncə rəsmi qaydada boşandılar. Bacımın Mətinlə nikahdan övladları olmayıb. Hadisədən 1 il 6 ay öncə bacım Orucu evə dəvət edib, onunla cinsi əlaqədə olan zaman atam onları yataq otağında tutub. Oruc paltarsız vəziyyətdə otaqdan çıxaraq qaçıb”. “Qarşıma çıxmamağı tapşırdım” Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt Daxili İşlər Nazirliyinin 102 xidmətinə evlərinə naməlum kişinin daxil olması barədə məlumat veriblər: “Araşdırma aparılan zaman bacım Oruc adlı şəxsi könüllü qaydada evə çağırması barədə izahat verdi. Sonra Orucun valideyinlərinin yaşadığı Bərdənin Lənbəran kəndinə getdim. Orucun telefon nömrəsini tapdım, onunla danışanda qarşıma çıxmamağı, əks təqdirdə onların ikisini də öldürəcəyimi dedim. Oruc bir neçə gün sonra Rusiyaya getdi. Bacım isə onun ailə üzvləri ilə birlikdə fermada yaşadı. Hadisədən təxminən 2 ay əvvəl Oruc Rusiyadan qayıtdı”. “Bacımın yol kənarında olduğunu dedi” Daşqının sözlərinə görə, bu il fevralın əvvəllərində Oruc onun mobil telefon nömrəsinə zəng edib və Bilqeyisin onlara gəlib-gəlmədiyini soruşub: “Bilqeyisdən xəbərim olmadığını dedim. Səhv etmirəmsə, iki gün sonra mobil telefon nömrəmə tanımadığım nömrədən yenə zəng gəldi. Telefonu götürən zaman tanımadığım qadın bacımın Tərtər rayonu ərazisində yol kənarında olduğunu, əri tərəfindən döyüldüyünü dedi, gəlib onu aparmağımı istədi. Bilqeyisin Oruc adlı şəxslə yaşadığını, onu döyən şəxsin özünün gəlib aparmasını dedim, telefonu söndürdüm. Sonradan həmin qadının Bilqeyisi Orucun ailəsinə təhvil verdiyini eşitdim”. “Cinsi əlaqəyə girməsini qəbul edə bilmədim” Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 13-də Oruc onun mobil telefon nömrəsinə zəng edib və kənarda görüşüb söhbət etmək istədiyini deyib: “Oruca heç bir yerdə onunla görüşməyəcəyimi söylədim, evimizə gəlmələrini təklif etdim. Həmin gün axşam saat 23 radələrində Bilqeyis, Oruc, atası, qardaşı, bibisi, sonuncunun oğlu və yanlarında təxminən 7-8 yaşlarında olan uşağı ilə birlikdə bizə gəldilər. Həmin vaxt evimizdə məndən başqa atam və anam da vardı. Qonaqlar evə daxil olaraq çay içdilər. Sonra Orucun atası artıq barışmaq, bu işə bir ad qoymaq istədiklərini, həmçinin Bilqeyisin doğum haqqında şəhadətnaməsini istədiklərini dedi. Bu zaman anam bacımla evin digər otağına keçdilər. Söhbət zaman anam məni də çağırdı. Bacımın ata evimizdə əvvəllər tanımadığı Orucla cinsi əlaqəyə girməsini qəbul edə bilmədiyimdən və namusumu təmizləmək üçün münasib şəraitin yarandığını gördüm, bacımı öldürmək qərarına gəldim. Buna görə mətbəxə keçərək bıçaq götürdüm və qarın nahiyəmdə gizlətdim. Otağa daxil olduqdan sonra anamdan çölə çıxmasını istədim”. “Bacımı oldürdüyümü dedim” Daşqının ifadəsinə görə, bacısından Orucun onu döyüb-döymədiyini soruşub: “Bilqeyis Ourucun onu döydüyünü, yanında başqa qadınlarla telefon əlaqəsi saxladığını dedi. Bir neçə dəqiqə bacımla söhbət etdikdən sonra ona adımızı batırdığını, namusumuzu ləkələdiyini söylədim. Bilqeyis başını aşağı saldı və diz çökərək ağladı. Artıq Bilqeyisi öldürmək qərarına gəldim və ona “elədiyin əxlaqsızlıqlara görə, artıq səni öldürə bilərəm” dedim. Qarnımda gizlətdiyim bıçağı çıxararaq Bilqeyisin kürək nahiyəsinə bir neçə dəfə vurdum. Sonra Bilqeyisin ölməyəcəyini düşündüm, ürəyini hədəf alaraq sinə nahiyəsindən də vurdum. Onun yenə sağ qalacağını düşündüm. Bu səbəbdən boğazındakı vətərləri kəsdim. Bu vaxt içəri Oruc daxil oldu. O, gələndə artıq bacımı öldürmüşdüm. Orucu itələyərək kürək nahiyəsindən səhv etmirəmsə üç bıçaq zərbəsi vurdum. Adamların üstümə gəldiklərini gördüm. Bu vaxt Oruc əlimdən qaçdı. Orucun bibisi əlimdən tutdu. Ona xəsarət yetirməmək üçün əlimdə olan bıçağı yerə atdım. Niyyətim Orucu öldürmək deyildi. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bacımı öldürdüyümü dedim”. “Valideynləri qəflətən otağa girdi” Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Orucun sözlərinə görə, mərhum Bilqeyislə təxminən 2 il əvvəl Bərdə rayonu, Lənbəran kəndi ərazisində yerləşən bulağın başında tanış olub: “Həmin vaxt Bilqeyis mənə əvvəllər Mətin adlı şəxs ilə evli olduğunu, Mətindən boşandığını, hər hansı şəxslə arasında heç bir münasibətin olmadığını bildirdi. Tanış olduqdan təxminən 10 gün sonra Bilqeyis əlaqə saxlamaq üçün mobil telefon və mobil nömrəsi olmadığını dedi. Ona “Nokia” markalı telefon və nömrə alaraq vermək qərarına gəldim. Telefon və nömrə alıb bir gün axşam saatlarında Bilqeyisin valideynləri ilə birlikdə yaşadığı evə yollandım. Evə gizli şəkildə pəncərədən girdim. Mobil telefonu və nömrəni Bilqeyisə verən zaman valideynləri qəflətən otağa girdi, məni evdən qovmağa başladılar”. “Birlikdə yaşayacağımızı söylədim” Oruc qeyd edib ki, bu hadisədən təxminən 2 gün sonra Bilqeyisi öz razılığı ilə könüllü surətdə yaşadığı evdən Goranboy rayonu Səfikürd kəndində yaşayan bibisi Cəmilənin evinə aparıb: “Beş-altı gün həmin evdə yaşadıqdan sonra Bilqeyisi də götürərək Tərtər rayonu Buruc kəndinə gəldim. Onu ailə üzvlərimlə tanış etdim, bundan sonra birlikdə yaşayacağımızı söylədim. Bilqeyislə ər-arvad münasibətində yaşasaq da, onun sənədi olmadığından aramızda heç bir rəsmi nikah bağlanmadı. Təxminən 7-8 ay ərzində ailə üzvlərimlə birlikdə Tərtər rayonunda qaldıqdan sonra işləmək məqsədilə Rusiyaya getdim”. “Polisə gedərək qardaşından şikayət etdi” Zərərçəkmişin bildirdiyinə görə, 2019-cu ilin sonlarından 2021-ci ilin əvvəllərinədək Rusiyada qaldığı müddətdə Azərbaycana gəlməsə də, Bilqeyislə münasibətini kəsməyib, arabir əlaqə saxlayıb: “2021-ci ilin yanvarında Azərbaycana qayıtdım və Bilqeyisin də qaldığı və atamın işlədiyi Bərdə rayonu, Lənbəran kəndində yerləşən fermaya getdim. Bilqeyisi fermadan götürərək Tərtər rayonun apardım. Bilqeyis mənimlə nikah bağlamaq istədiyini dedi. Ona nikah bağlamağa razı olduğumu, ancaq bunun üçün sənədinin lazım gəldiyini bildirdim. Buna görə də Bilqeyis hadisədən təxminən 10 gün əvvəl qardaşı Daşqınla əlaqə saxlayaraq doğum haqqında şəhadətnaməsini istədi. Ancaq Daşqın həmin şəhadətnaməni verməkdən imtina etdi. Bununla bağlı Bilqeyis Bərdə rayon polis şöbəsinə gedərək qardaşı Daşqın barəsində ərizə ilə müraciət etdi. Bu müraciətdən sonra da Daşqın doğum haqqında şəhadətnaməni vermədi”. “Bizi mehriban şəkildə qarşıladı” Oruc bildirib ki, fevralın 13-də, saat 16-17 radələrində Daşqının mobil nömrəsinə zəng edib: “Telefon danışığı zamanı Daşqına barışmaq istədiyimizi, bu məqsədlə görüşərək söhbət etməyi təklif etdim. Ancaq Daşqın anasının səhhətində problem olduğunu bildirdi, yaşadıqları evə gəlməyimizi istədi. Atam, qardaşım, bibim, bibimin oğlu, bibim oğlunun qızı və Bilqeyislə birlikdə onların evinə yollandıq. Bilqeyisin ailəsinin yaşadığı evə çatdıqda Daşqın bizi mehriban şəkildə qarşıladı. Hətta yaşadığı evin darvazasını açaraq avtomobili həyətə daxil etməyimizə də şərait yaratdı. Sonra avtomobilə yanaşdı, qapını açdı və salamlaşaraq mehriban şəkildə avtomobildən düşməyimizi dedi. Mən və Bilqeyis avtomobildə gözləmək istəsək də, Daşqın bizim də evə gəlməyimizi təklif etdi. Həmin vaxt evdə Bilqeyisin ailə üzvləri olan atası, anası və qardaşı Daşqından başqa Aynurun dayısı Cəlil, dayısının arvadı Rəhimə və Bilqeyisin dayısının qızları olan 3 nəfəri də gördüm”. “Üç-dörd dəfə üzr istədim” Orucun sözlərinə görə, masa arxasında əyləşərək çay içib, söhbət etməyə başlayıblar: “Söhbət zamanı atam Bilqeyisin ailə üzvlərinə barışmaq və mənimlə Bilqeyis arasında nikah bağlamaq istədiyimizi dedi. Masa arxasında əyləşən Daşqın da bizimlə normal şəkildə davrandı, söhbətin gedişinə heç bir maneçilik törətmədi. Söhbət əsnasında Bilqeyisin atası atama qızının doğum haqqında şəhadətnaməsini vermədən də bizim normal şəkildə ər-arvad kimi yaşaya biləcəyimizi söylədi. Hətta həmin vaxt Bilqeyisi qaçıraraq ər-arvad münasibətində yaşadığım üçün valideynlərindən üç-dörd dəfə üzr istədim. Getmək istəyən zaman Daşqın anasının Bilqeyisə sözü ola biləcəyini dedi, evin digər otağında söhbət etmələrini məsləhət gördü. Buna görə də Bilqeyis anası ilə söhbət etmək üçün qonşu otağa keçdilər. Həmin vaxt Daşqın və digər şəxslərin hamımız masa arxasında oturmuşduq. Bir qədər sonra Daşqının özü də həmin otağa keçdi. Bilqeyisin dayısı və dayısının arvadı xudahafizləşərək qızlarını ilə birlikdə getdilər”. "Bacı-qardaş təzə barışıblar, şirin söhbət edirlər" Zərərçəkmiş deyib ki, bir qədər sonra atası bibisi Cəmiləyə Bilqeyisi çağırmasını söyləyib: “Bibim Bilqeyis və anasının söhbət etdikləri otağın qapısına doğru getdi, Bilqeyisi çağırmaq istəyəndə anası otaqdan çıxdı və bibimə sözü olduğunu dedi. Bibimə “bacı-qardaş təzə barışıblar, şirin söhbət edirlər” söylədi, bibimi evin pilləkənləri ilə aşağı aparmağa başladı. Bu zaman getmək üzrə olduğumuz üçün Bilqeyisi gözlədiyimzdən pilləkənin yanında dayandım. Qəflətən Bilqeyisin anası çığırdı. Mən otağa daxil olanda Bilqeyis hərəkətsiz şəkildə döşəmənin üzərində uzanmışdı. Daşqın əlində bıçaqla Bilqeyisin başı üzərində dayanmışdı. Yaxınlaşaraq Bilqeyisə nə olduğunu görmək istəyəndə qəflətən kürək nahiyəmdən xəsarətlər aldığımı hiss etdim. Daşqın həmin xəsarətləri yetirərkən mənə “elə bilirdin səni sağ buraxacam?” dedi”. “Həyatım saniyələrdən asılı idi” Oruc qeyd edib ki, Daşqın onun boğazını kəsmək istəyib: “Bu zaman bibim Cəmilə qışqıraraq Daşqının saxladı. Daşqının əlindəki bıçaq döşəmənin üzərinə düşdü. Daşqın məni öldürmək niyyətində olduğu üçün bir neçə saniyəlik fürsətdən istifadə edərək həyətə qaçdım. Daşqın bibimin əlindən çıxaraq götürdüyü taxta parçası ilə məni həyətdə qovaladı və əlindəki ağac parçası ilə sağ qolumdan bir dəfə vurdu. Evdən həyətə çıxanlar Daşqına mane oldular. Kürək nahiyəmdən qan axdığına görə darvazanı açaraq küçəyə qaçdım. Ardımca atam darvazadan çölə çıxdı, tanışı Yasinə zəng etdi, Daşqının bıçaqla bacısı Bilqeyisi vuraraq öldürdüyünü, mənə isə xəsarət yetirdiyini bildirdi. Onu köməyə çağırdı. Yasin avtomobillə kənd içərisində yerləşən artezianın yanına gəldi. Həmin avtomobildə məni Bərdə rayon Mərkəzi Xəstəxanasına apardılar. Xəstəxanaya çatdırıldıqdan sonra həyatım xilas olundu”. Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Daşqın 17 il müddətinə azadlıqdan məhrum edilib.Teleqaf.com
Bütün hüquqlar qorunur © 2024